Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:24

Azərbaycanın logistik mərkəzə çevrilməsi, ölkədə iş yerlərinin bağlanması, bankların müflisləşməsi və ərzaq mallarının bahalaşmasının səbəbləri bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCAN MƏRKƏZƏ ÇEVRİLİR

«Azərbaycan» qəzetində «Azərbaycan Avrasiya məkanının mühüm logistik mərkəzinə çevrilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, nəqliyyat sistemi ölkənin iqtisadi təhlükəsizliyinin etibarlı təminatında çox mühüm əhəmiyyətə malikdir. Cəmi 25 yaşı olan Azərbaycan dövlətinin milli nəqliyyat sistemi Avropa və Asiya nəqliyyat sisteminə sürətlə inteqrasiya olunmaqdadır: «Azərbaycan nəqliyyat infrastrukturunu möhkəmləndirməkdə davam edir. Yaxın zamanlarda isə Azərbaycan qonşu ölkələrlə sərhəddə azad ticarət zonaları yaradacaq. Belə layihələrin reallaşdırılması Azərbaycan vasitəsilə yüklərin daşınma həcminin daha da artmasına imkan yaradır və ölkənin beynəlxalq logistik mərkəzə çevrilməsinin tərkib hissəsidir».

Məqalədə vurğulanır ki, tarixən qədim İpək Yolu Azərbaycandan keçib. İndi isə həmin tarixi rol artaraq strateji mahiyyət kəsb edir.

Müəllifə görə, Avrasiya regionundan ötrü strateji logistik mərkəzə çevrilməsində Azərbaycanın əlverişli coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının mövcud olması mühüm rol oynayır.

Müəllif bu sahəyə dövlət başçısı İlham Əliyevin də diqqət yetirdiyini qeyd edərək ondan sitat da gətirir: «Bizim səylərimiz nəqliyyat sahəsində regional əməkdaşlığın yaradılmasına yönəldilib. Xüsusi ilə də Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində. Bu layihə yekunlaşmaq üzrədir və artıq ilk sınaq yük qatarı Asiyadan Avropaya Azərbaycan ərazisindən hərəkət edib».

Ağdamda işsizlər.

Ağdamda işsizlər.

YENİ NAĞILLAR

Azadliq.info-da dərc edilən «Yarıtmazlıq 312 min nəfəri işsiz qoyub» sərlövhəli məqalədə ölkədə işsizlik problemi müzakirə edilir.

Müəllif yazır ki, hökumət işsizlik probleminin həll etdiyini, yoxsulluq səviyyəsinin 5 faizə saldığını desə də, statistik rəqəmlər bunun əksini göstərir: «Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirdi ki, yanvar-sentyabr aylarında 190 min şəxs məşğulluq orqanlarına müraciət edib. 10 ay ərzində312.6 min əmək müqaviləsi pozulub».

Yazıda vurğulanır ki, bu, hələ etiraf olunan rəqəmdir. Real mənzərə daha acınacaqlıdır.

Müəllif qeyd edir ki, ötən il fevralda baş verən devalvasiyadan sonra ölkədə böhran yaranıb. Hökumət ölkəni, hələ də, bu böhrandan çıxarmayıb: «Yəni, qiymətlər bahalaşır, alıcılıq qabiliyyəti aşağı düşür, müəssisələr vergi ödəyə bilmir. Necə olur ki, böhran səbəbi ilə 312 minin əmək müqaviləsi pozulur və eyni vaxtda da 339 min əmək müqaviləsi bağlanır? Belə çıxır ki, ölkənin bir hissəsini böhran vurub, o biri hissəsini isə inkişaf dalğası bürüyüb?».

Yazıda deyilir ki, hakimiyyət yenə də həqiqətləri xalqdan gizlədir. Yeni iş yerlərinin açılması ilə bağlı xalqa yeni-yeni nağıllar danışılır: «Son vaxtlar tikinti sektoru da dayanıb və müvəqqəti iş yeri tapmaq müşkülə dönüb».

Müəllif yazır ki, müəllimlərin maaşları, təqaüdlər yubadılır. Belə olan halda yeni iş yerlərinin açılmasından danışmaq heç bir məntiqə söykənmir.

Yazının sonunda da vurğulanır ki, Azərbaycan sürətlə səfillər ölkəsinə çevrilir.

Əkrəm Həsənov

Əkrəm Həsənov

BANKLAR MÜFLİSLƏŞİR

«Exo» qəzetində «Azərbaycan banklarının müflis olmasında günahkar kimdir?» sualına cavab axtarılır.

Müəllif hesab edir ki, ölkənin bank sektorundakı böhran bəzi suallar doğurur. Bunlardan ən mühümü isə kimin məsuliyyət daşımasıdır.

Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib: «Bank sahibləri əksər halda özlərinə bağlı olan hansısa şəxslərə və müəssisələrə kredit verirlər. Kreditlər isə yetərli dərəcədə girovla təmin olunmur. Nəticədə belə bankların əmanətçiləri üçün qibtə olunmayacaq situasiya yaranır. Çünki kredit vəsaitləri sadə əhalinin pullarıdır».

Ekspert bildirir ki, belə kreditlər, ən aşağı, 3 faizlə verilib. Qalan vətəndaşlara isə 30 faizə təklif edilib.

Ə.Həsənov bildirir ki, belə situasiya ölkədə manatın ikinci devalvasiyasına qədər davam edib. Ekspert hesab edir ki, bu vəziyyətin yaranmasına görə ilk növbədə Mərkəzi Bank məsuliyyət daşıyır.

Ə. Həsənov deyir ki, indi banklar ödənilməmiş kreditlərə görə müştəriləri məhkəməyə verir. Amma irihəcmli kreditlər verdikləri şirkətləri məhkəmələrə çəkmirlər.

Ə.Həsənovun deməsinə görə, bu şirkətlər birbaşa bank sahiblərinə bağlıdırlar: «Belə situasiya banklar üçün əlverişlidir. Çünki faktiki onların ödəməli olduqları əmanətləri artıq müflisləşmə həddində olan Sığorta Fondu ödəyir».

Ə.Həsənov hesab edir ki, Azərbaycanda bankların müflisləşməsində onların idarəçiləri də az rol oynamayıb.

Supermarket

Supermarket

ƏRZAQ BAHALAŞIR

«Novoye Vremya» qəzetində isə «Ərzaq mallarının qiymətləri rekord vurur» sərlövhəli məqalə diqqəti cəlb edir. Yazıda son vaxtlar ərzaq mallarının bahalaşmasının səbəbləri gündəmə daşınır.

Müəllif yazır ki, son vaxtlar dolların sürətlə bahalaşması ərzaq mallarının qiymətinə də ciddi təsir göstərib.

Adının çəkilməsini istəməyən sahibkarlardan biri qəzetə deyib: «Hər mal gələndə qiymətlər 30-40 qəpik artır, əvvəllər isə rübdə bir dəfə artardı. İndi 100 manata ancaq ən zəruri ərzağı almaq olur. Artan qiymətlər təkcə alıcının cibinə ziyan vurmayıb, gəlirlər azalıb, dövriyyə aşağı düşüb».

Yazıda qeyd edilir ki, artıq istər Bakıda, istəsə də əyalətlərdə mal və qoyun əti bahalaşıb: «Bir ay öncə 100 manata aldığın qoyun indi 140-150 manata yüksəlib. Artıq bazarlarda mal ətinin bir kiloqramı 10 manatdır. Gördüyümüz kimi, inflyasiya ölkədə iri addımlarla irəliləyir. Hökumət isə bu inflyasiyanı cilovlaya bilmir».

Müəllifə görə, ərzağın bahalaşmasına daha bir səbəb ölkədəki valyuta ajiotajıdır. Dolların bahalaşması ilə bütün idxal mallarının qiymətləri də bahalaşır.

Yazıda qeyd edilir ki, bahalaşmaya daha bir səbəb Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq siyasətidir. Uçot dərəcəsi faktiki 5.5 faizdən 17 faizə yüksəlib.

Müəllif hesab edir ki, bahalaşma bundan sonra da davam edə bilər: «Bizim «islahatçı»lar islahatı ancaq qiymət artımında görürlər. Odur ki, islahatlara yanaşma dəyişməyincə, biz təkcə bank sahəsində yox, başqa sahələrdə də heç nəyə nail ola bilməyəcəyik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG