Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

'Düşünən beyinlərimizin ölkədən getməsinin səbəbi...'-media icmalı


Hava limanının immiqrasiya xətti, arxiv foto
Hava limanının immiqrasiya xətti, arxiv foto

Azərbaycandan “beyin axını”, kinonun vəziyyəti, sosial addımlar və başqa məsələlər medianın yer verdiyi mövzularındandır...

“Beyin köçü”

“Yenisabah.az” saytı-nda ““Onlara yaxşı pul vermək lazımdır” – “beyin köçü”nə qarşı ekspertdən təkliflər” sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, hər il yüzlərlə tələbə və eləcə də cəmiyyətə lazımlı kadrlar ölkədən ayrılır:

“Təbii ki, azərbaycanlı tələbələrin özlərini inkişaf etidirmələri üçün belə bir addım atmaları müsbət bir haldır. Lakin savadlı kadrlar ölkəyə geri qayıtmadıqda ciddi problemlər yaranır.

"Beyin köçü" gələcəkdə ölkəni xoşagəlməz hallarla qarşı-qarşıya qoya bilər”

Mövzu ilə bağlı sayta açıqlama verən təhsil eksperti Kamran Əsədov dünya təcrübəsində olan "kadr bankı" sisteminin əhəmiyyətini vurğulayıb:

“Dövlət özünə lazım olan bilik və bacarıqlara, kompitensiyalara malik olan şəxsləri oraya yerləşdirir. Hər hansı bir kadra ehtiyac olduqda oradan seçirlər... Sabah hansısa bir yerdə boşluq olduqda oradan şəxsləri vəzifəyə göndərirlər... Məhz təhsil sistemində, təhsilin idarəetməsində bu qədər işini bilməyən adamların olması bütün sahələrə təsir göstərir. Ona görə də Azərbaycanda idarəetmə sahəsində bilik və bacarıqları yüksək olan şəxslər, kompitensiyaları əmək bazarının tələblərinə cavab verən şəxslər ölkədən gedirlər”

Ekspertin gəldiyi qənaətə görə, onlar öz sahələri üzrə layiq olduqları yerlərdə dəyərləndirilmirlər və az maaşla işlədilirlər:

“Halbuki, istər qardaş Türkiyədə, istər Gürcüstanda rahatlıqla gedib daha az iş saatına daha çox əmək haqqı ilə işləyə bilərlər. Onlara dəyər verilir. Ona görə də Azərbaycanın düşünən beyinləri ölkədən gedirlər”.

K.Əsədov düşünür ki, “beyin axını”nın qarşısı alınmalıdır:

“Bu Azərbaycanda rəqabətədavamlı iqtisadiyyatın formalaşmasında, xidmət sektorunun inkişafında, qeyri-neft sektorunun yüksək səviyyəyə gəlməsində mənfi təsir göstərəcək. Bu gün düşünən beyinlərimizin, bilik və bacarıqları yaxşı olan şəxslərin ölkədən getməsinin səbəbi onların layiq olduğu yerdə qiymətləndirilməməsidir”.

121 yaşlı Azərbaycan kinosu

Azərbaycanda film çəkilişi, arxiv foto
Azərbaycanda film çəkilişi, arxiv foto

“Modern.az” saytı-nda “121 yaşlı Azərbaycan kinosu - “Kinoya dəxli olmayan, kənardan gələnlərə mükafat verirlər”” sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilir ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. 2001-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycan Milli Kino Günü kimi rəsmiləşdirilib, bu il isə Azərbaycan kinosunun 121 yaşı tamam olur.

Mövzu ilə bağlı sayt kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov fikirlərinə yer verib.

“Ümumiyyətlə, kinonun maddi durumundan danışmaq hələ tezdir. Sponsor tapıb serial çəkənlər ki var, onlardan danışmaq belə istəmirəm. Mən peşəkar şəkildə çəkilən kinolardan danışıram”, deyə o sayta deyib.

Ölkə başçısının bu yaxınlarda kino sənətinə 5 milyon manat pul ayırmasını təqdirəlayiq hal sayan Ə.Mahmudov bu maliyyəyə ciddi nəzarət olmasını vacib sayır:

“... Pul ayrılıbsa, buna nəzarət də ciddi şəkildə olmalıdır. Yəni o deməkdir ki, elə hərə necə gəldi, boş yerə xərcləməsin”.

Ə.Mahmudova görə, hazırda milli kinodan nəsə böyük bir şey gözləmək düzgün deyil:

“Bizim kino sənətimiz körpə kimi yavaş-yavaş böyüyür, özünü göstərməyə çalışır. Kino 5-10 günlük bir hadisə deyil, dövrləri keçərək, böyük bir mərhələ təşkil etməlidir. Tək rejissorla iş düzəlmir. Bunun üçün maddi, texniki baza olmalıdır”.

Kinorejissor bu sahədə işləyənlərin çoxunun maddi durumunun heç də yaxşı olmadığını bildirir:

“Bir sirr açım sizə, o kino fədailəri ki var, onlar hər ay gedib “vedimust”a (maaş cədvəli nəzərdə tutlur-red) qol çəkib, maaş almırlar. Baxmayaraq ki, kinostudiyada işləyirlər. Ancaq hansı qrupda işləyirlərsə, o film çəkilən müddətdə maaş alırlar. İkinci bir filmdə işləmirlərsə, onda oturub maaşsız gözləyirlər. Adamlar var ki, aylardır ac vəziyyətdə oturub, gözləyir. Bax, bu bayram da həmin peşəkarların, sənət fədailərinin bayramıdır...”.

“Bazar iqtisadiyyatı prinsipləri sosial ədalət siyasəti ilə birləşib”

İlham Əliyev hökumətin iclasında, 11 yanvar 2019
İlham Əliyev hökumətin iclasında, 11 yanvar 2019

“Azərbaycan” qəzeti-ndə isə “Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət siyasəti ilə birləşib” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıya prezident İlham Əliyevdən mövzu ilə bağlı sitat gətirməklə başlayıb:

"Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Müəllifin fikrincə həqiqətən də Azərbaycan sosial sahəyə böyük diqqət göstərən ölkədir:

“Təkcə bu ilin 6 ayında dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı fərman və sərəncamlar bunu təsdiqləyən reallıqdır. Bu bir həqiqətdir ki, iqtisadi tərəqqi güclü sosial siyasətin təminatıdır. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlət başçısı çıxışlarında daim bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır”

Müəllif daha sonra hazırkı prezident İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtan keçən dövrü dəyərləndir:

“2003-cü ildən bugünədək orta aylıq əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də təsdiqləyir ki, cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ümumiyyətlə isə 2003-cü ilə nisbətən ölkə üzrə minimum əməkhaqqı 27,7 dəfə artırılaraq 250 manata, orta aylıq əməkhaqqı isə 7,5 dəfə artaraq 77,4 manatdan 581,2 manata çatıb”

Yazıda daha sonra da bu il əməkhaqlarının artırılmasından bəhs edilir. Yazının sonunda isə oxuyuruq:

“Atılan bu addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan vətəndaşlarının yüksək rifahının təminatçısıdır”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG