Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 00:05

Bir ayın əsgərinin ölümü: 'Sağlam oğul vermişdim...'

Dövlət Sərhəd Xidmətinin əsgərləri
Dövlət Sərhəd Xidmətinin əsgərləri

Göygöl sakini Mirkamal Cabbarov hərbi xidmətə aparılandan cəmi bir ay sonra həyatını itirib. Dövlət Sərhəd Xidmətinin (DSX) Quba-Xaçmaz zonasındakı hərbi hissələrindən birində qulluq edən M.Cabbarovun pnevmoniyadan vəfat edib.

M.Cabbarovun ölümünə görə hərbi hissənin tibb bölməsinin rəisi Eldar Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Tibb xidməti polkovnik-leytenantı E.Məmmədov gənc əsgərə vaxtında tibbi yardım göstərməməkdə, onsuz da sağlamlığında problemlər olan Mirkamala həmin vaxt üstəlik koronavirus (COVID-19) infeksiyasına qarşı vaksin vurub durumunu daha da ağırlaşdırmaqda ittiham olunur.

İyulda hərbi xidmətə aparılan Mirkamalı ilk dəfə avqustun 7-də hərbçi yoldaşları tibb məntəqəsinə həkimin yanına gətirib, ona tibbi yardım göstərilməsini istəyiblər. Həmin vaxt o, öskürürmüş, bədən temperaturu da yüksək olub. Əsgər "kəskin respirator xəstəlik" diaqnozu ilə stasionar müalicəyə qəbul edilib. Cinayət işində iddia olunur ki, müalicə başa çatmamış – avqustun 10-da həkim əsgəri xidmət yerinə qaytarıb. Bu da ikitərəfli irinli-hemorragik pnevmoniyanın inkişafına səbəb olub. İki gün sonra isə ona koronavirusa qarşı vaksin vurulub. Bu da xəstəliyinin daha da ağırlaşmasına gətirib çıxarıb.

"İxtisaslı tibbi müdaxilə gecikdirilib"

"Avqustun 13-də baş çavuş əsgəri həkim Eldar Məmmədovun yanına yüksək bədən temperaturu və halsız vəziyyətdə gətirib. Lakin həkim pnevmoniya xəstəliyi və həmin xəstəlik səbəbindən yaranan digər ağırlaşmaları olan Mirkamal Cabbarovu təxirəsalınmaz tibbi müayinə və müalicəyə ehtiyacı olduğu halda, xidmət yerinə qaytarıb. Onun bir neçə gün müddətində də zəruri tibbi müayinə və müalicədən kənarda qalmasına, ixtisaslı tibbi müdaxilə olunması üçün gecikdirilməsinə səbəb olub", - həkim E.Məmmədov haqqında cinayət işində belə yazılıb.

Avqustun 16-da əsgərin vəziyyəti daha da ağırlaşıb. Onu Bakıya – DSX-nın hospitalına gətiriblər. Lakin gecəyarı gənc əsgər vəfat edib.

53 yaşlı E.Məmmədov 342.1-1 (qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. O, istintaq və məhkəmə dövründə azadlıqda olub. Lakin Bakı Hərbi Məhkəməsində hökm oxunanda məhkəmə zalında həbs edilib. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə 3 il cəza kəsilib.

Hökmdən hər iki tərəf – təqsirləndirilən həkim də, mərhum əsgərin anası da narazı qalıb. E.Məmmədov əsgərin ölümündə heç bir günahı olmadığını vurğulayaraq ona bəraət verilməsini istəyib. Zərərçəkmiş tərəf isə, əksinə, 3 il cəzanın çox yüngül olduğunu hesab edib və ağırlaşdırılmasını istəyib.

"Belə bir diaqnoz mövcud deyil"

E.Məmmədov hesab edir ki, onu qərəzli şəkildə cəzalandırıblar, normal şəkildə araşdırma aparılmayıb. Onun sözlərinə görə, cinayət işinin materiallarında M.Cabbarovun durumuna laqeyd yanaşması, ona lazım olan tibbi yardımı göstərməməsi haqda yazılanlar da yalandır: "Niyə onu DSX-nın hospitalında xəstə kimi qeydiyyata almayıblar? Ölümün səbəbi "irinli hemorragik pnevmoniya" göstərilib. Belə bir diaqnoz, ümumiyyətlə, mövcud deyil".

O əlavə edib ki, DSX-nın hospitalına gedəndən dərhal sonra əsgəri müayinədən keçirib təcili tibbi yardım göstərməyiblər: "Saxlayıblar ki, sabah müayinə etsinlər. Dedim ki, təcili müayinə etsinlər. Dedilər ki, biz işimizi bilirik, sabah müayinə edəcəyik. Səhər saat 5-də zəng etdilər ki, əsgərdə nəfəs gəlmir".

M.Cabbarovun anası isə həm həkimdən, həm də, ümumiyyətlə, DSX-dan narazılığını dilə gətirib. O bildirib ki, oğlu hərbi xidmətə gedəndə tam sağlam olub: "Mən ölənə qədər əsgər yolu gözləyəcəm. Tam sağlam oğul vermişdim bu vətənə, bir ay sonra meyitini təhvil aldım. Bir nəfər gəlib maraqlanmadı. Ona görə də oğlumun ölümündə əli olan hər kəsdən şikayətçiyəm. Eldar çıxıb ailəsinin yanına gedəcək, üç il nədir ki?! Mən isə həmişə əsgər yolu gözləyəcəm".

Tərəflərin narazılığına baxmayaraq, martda qərarı açıqlayan apellyasiya məhkəməsi hökmü dəyişməyib.

XS
SM
MD
LG