Keçid linkləri

2026, 19 Fevral, Cümə axşamı, Bakı vaxtı 02:06

Sərhəd Qoşunlarında əsgər ölümü: 'Bilirdi ki, evin tək övladıdır, heç vaxt belə eləməzdi'

Sərhəd Qoşunları
Sərhəd Qoşunları

Sərhəd Qoşunlarının əsgəri Hüseyn Hüseynovun ölümündən üç aydan çox vaxt keçir. Anası Gülgəz Cabbarova tək övladının ölümüylə bağlı istintaqdan narazıdır, onun fikrincə, bir çox fakt gizlədilir.

Gəncə sakini, 2006-cı ildə doğulmuş Hüseyn Hüseynov 2024-cü il oktyabrın 7-də hərbi xidmətə aparılıb. O, Biləsuvar rayonunda Sərhəd Qoşunlarında xidmət edib, ötən il noyabrın 15-dən 16-na keçən gecə həyatını itirib. İstintaqın ilkin versiyasına görə, H.Hüseynov özünə qəsd edib.

G.Cabbarova AzadlıqRadiosuna bildirib ki, həmin gün – noyabrın 15-də oğlu ilə danışıbmış: "Söhbətimizdə xüsusi bir şikayəti, narazılığı olmadı. Bu uşaq özünü öldürməzdi. Bilirdi ki, evin tək övladıdır, mənim ondan başqa heç kimim yoxdur, heç vaxt belə etməzdi. Bu uşağın psixoloji problemi yox, ailəsində problem yox, niyə özünü öldürsün? Həyatdolu, deyib-gülən uşaq idi".

H.Hüseynovun ölümündən sonra zastava rəisi, kapitan Mahmud Səfəralıyev həbs olunub. Ona Cinayət Məcəlləsinin 329-cu (tabeliyindəki hərbi qulluqçulara qarşı zorakılıq) maddəsi ilə ittiham verilib. M.Səfəralıyev, mərhum Hüseyn də daxil, tabeliyində olan əsgərləri təhqir etməkdə, onları döyməkdə suçlanır.

"Oğlumun qolunda bahalı saat vardı, yoxa çıxarmışdılar..."

G.Cabbarova deyir ki, oğlu bir neçə dəfə M.Səfəralıyevin hərəkətlərindən şikayətlənib: "Hüseyn bildirmişdi ki, Mahmud Səfəralıyev içir, əsgərləri incidir. Ona demişdim ki, "istəyirsənsə, yerini dəyişək", razı olmamışdı. Demişdi ki, "vaxtıma az qalıb, yola verib, çıxıb gələcəyəm". Övladımın özünü öldürmək fikri olmayıb. Bu adam necə özü-özünü vurub ki, silahın tətiyində əl izi yoxdur? Niyə kamera görüntülərini ortaya qoymurlar? Oğlumun qolunda bahalı saat vardı, yoxa çıxarmışdılar. Bizim şikayətlərimizdən sonra bugünlərdə müstəntiq vəkilə deyib ki, tapıldı".

G.Cabbarova həm də M.Səfəralıyevə verilən ittihamlardan narazıdır. Zərərçəkmişin fikrincə, zabitə qarşı irəli sürülən ittihamlar onun əməlinə adekvat deyil, yüngüldür.

"Camaat min bir zülmlə uşaq böyüdüb, hərbi xidmətə göndərir, zastava rəisi kimdir ki, onu söysün, döysün? Ona daha ağır ittiham verilməlidir. Bunlara nəzarət edə bilməyənlərlə bağlı da araşdırma aparılmalıdır", - zərərçəkmiş ananın sözləridir.

Bu cinayət işi üzrə istintaq Hərbi Prokurorluqda aparılır. İşi müstəntiq Elvin Süleymanlı araşdırır.

Kapitan M.Səfəralıyevə qarşı irəli sürülmüş ittiham maddələrində - CM-in 329.2.1-ci, 329.2.2-ci və 329.3-cü maddələrində 8 ilədək həbs cəzası nəzərdə tutulub.

O, H.Hüseynovun ölümündə özünü təqsirli bilmir, ifadəsində də əsgəri intihar həddinə çatdırmadığını deyib.

XS
SM
MD
LG