Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

Son günlərdə həbs olunan daha iki dindar fəal – «Müsəlman Birliyi» Hərəkatının üzvləri Rəvan İsmayılovSamir Babayev işgəncəyə məruz qaldıqlarını deyir. Onlar bu haqda Bakı Apellyasiya Məhkəməsində şikayətlərinə baxılarkən danışıblar.

S.Babayevə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilməsi haqda Sabunçu Rayon Məhkəməsindən verilmiş şikayətə oktyabrın 11-də baxılıb.

Məhkəmədə dindar fəal Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyasına danışıb ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları oktyabrın 4-dən onu axtarıb, amma həmin vaxt evdə olmayıb. Ertəsi gün isə Sabunçu rayonu, 14-cü polis bölməsinin əməkdaşları onların evinə gəlib:

***Buna da bax-Əhsən Nuruzadənin anası: 'Narkotik satan bu gündə yaşayar?!'

«Dedilər ki, bölməyə getməliyəm. Getdim. Orada protokol yazdılar ki, guya polislərin göstərişlərinə tabe olmamışam. Sonra məhkəməyə aparıb 30 sutka həbs qərarı aldılar. Məhkəmədən Sabunçu Rayon Polis İdarəsinə qaytardılar. Əsas həngamə bundan sonra başladı. Məni elə döydülər... Döyənlər arasında idarənin rəis müavini Şaiq Əliyev də vardı. Döyməklə də ürəkləri soyumadı, toka verdilər…».

S.Babayevin sözlərinə görə, döyülməsinə səbəb kimi mitinqlərdə iştirakı göstərilib.

«ÇOX PİS SÖYÜŞLƏR SÖYÜRDÜLƏR»

Digər dindar fəal R.İsmayılovun da 30 sutkalıq inzibati həbsi haqda qərardan verilmiş apellyasiya şikayətinə isə oktyabrın 12-də Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. O da məhkəmədə ittihamın yalan olduğunu, küçədə saxlanmadığını, telefon zəngi ilə polis bölməsinə özü getdiyini, orada haqqında protokol tərtib olunduğunu bildirib. Deyib ki, məhkəmədə haqqında qərar çıxarılandan sonra onu inzibati həbs olunanların saxlandığı təcridxanaya yox, Sabunçu Rayon Polis İdarəsinə aparıblar:

***Buna da bax-Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb

«Orada məni əllərim qandallı vəziyyətdə rəis müavininin otağına salıb yerə uzatdılar. Rəis müavini ayağını başıma qoymuşdu. Əvvəlcə döydülər, sonra rəis mənim bədənimə əlindəki aparatla cərəyan qoşdu. Yarım saata qədər mənə işgəncə verdilər. İşgəncə verə-verə çox pis söyüşlər söyürdülər - məni, Taleh Bağırzadəni...».

R.İsmayılovun sözlərinə görə, polis idarəsində işgəncə verəndən sonra onu Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanaya aparıblar.

Hər iki dindar fəalın işgəncəyə məruz qalması haqda söylədiklərinə hakimlər reaksiya verməyib.

Onların hər birinə 30 sutka həbs cəzası verilməsi haqda Sabunçu Rayon Məhkəməsinin qərarları isə qüvvədə saxlanılıb.

Apellyasiya şikayətlərinə baxılarkən prosesdə polis əməkdaşları iştirak etməyiblər. Sabunçu Rayon Məhkəməsində onların işinə baxılarkən isə polislər deyiblər ki, S.Babayev və R.İsmayılov inzibati asayişi pozduğuna, qəsdən polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıblar. Onları bölməyə gətirib inzibati xəta haqqında protokol tərtib edib, sonra da məhkəməyə çıxarıblar.

Son yarım ayda 10-dan çox dindar fəal saxlanıb, bir çoxu sonradan buraxılıb. Oktyabrın 6-da yoxa çıxan fəal Əhsən Nuruzadə barəsində isə narkotik saxlama ittihamıyla 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bəlli olub. Özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG