Bu il buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi iddiası ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Dekabrın 19-u, Gəncə şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktını prokuror Murtuz Bəylərov elan edib.
İttiham aktına münasibət bildirən təqsirləndirilən Kamran Əsədov özünü günahkar bilmədiyini deyib.
Məhkəmədə Dövlət İmtahan Mərkəzinin nümayəndəsi ifadə verib. O bildirib ki, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları aşkarlanıb. Onun sözlərinə görə, iş üzrə 10-dan çox abituriyentin adı hallanır.
Məhkəmənin növbəti iclası 2026-ci ilin yanvarın 22-nə təyin edilib.
17 dekabr
Abituriyentlərə köməkçi vasitələr verilməsinə görə məhkəmə qurulub
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 17-də bildirib ki, bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhəli sayıldığından xüsusi araşdırma aparıb.
Qurum vurğulayır ki, nəticələr elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində "Sizin imtahan nəticələriniz araşdırılır" bildirişi göstərilib. Açıqlamaya görə, bundan sonra növbəti imtahanlarda buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca diqqət yetirmələri tapşırılıb: "Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş... texniki vasitələr aşkarlanıb".
Bildirilir ki, nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərilərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Pinəçi də ifadə verib
Həmin cinayət işi üzrə bir neçə şəxs təqsirləndirilib. Cinayət işinin materiallarına görə, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfər olub. "Cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib", - DİM-dən bildirilib.
DİM təqsirləndirilən şəxslərdən Gündüz Abbasov və təhsil eksperti Kamran Əsədovdan da bəhs edir. Qurumun ittiham aktına əsasən vurğulamasına görə, həmin şəxslər qadağan olunmuş texniki cihazlar vasitəsilə imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün bəzi şəxslərdən müxtəlif məbləğlərdə pul alıb aralarında bölməkdə şübhəli sayılırlar.
"Altı qalın idman ayaqqabılarından istifadə olunub"
DİM-in məlumatına görə, cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub: "Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər. Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər... İmtahan başlayandan sonra üzərilərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər...".
Vurğulandığına görə, cavablar isə üzərində "vip smart" sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə olmayan telefona zəng etməklə bildirilib: "Kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir".
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə G.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, K.Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam-qətimkan tədbirləri seçilib.
Dekabrın 12-də Gəncə şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası isə dekabrın 19-na təyin olunub.
Rəsmi açıqlamaya və orada yer alan ittihamlara təqsirləndirilən şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Amma yaxınlarından alınan bilgilərə görə, onlar ittihamı qəbul etmirlər.