Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:58

Şahzadə Diana haqqında yeni sənədli film Britaniyanı silkələyib


Britaniyanın əsas milli telekanallarından birində avqustun 6-da efirə verilmiş “Diana: Öz sözləri ilə” adlı sənədli film ölkədə partlayış effekti verib.

Channel 4 telekanalının hazırladığı bu filmdə Britaniyanın faciəvi şahzadəsi Diana ilə onun “nitq müəllimi” Peter Settelen arasındakı şəxsi söhbətlərin lent yazısı yer alıb. Diana-nın nitq dərsləri zamanı öz şəxsi həyatından niyə bəhs etməsinin səbəbləri aydın deyil.

Filmə birmənalı olmayan münasibəti də məhz velə məqamlar yaradıb.

Bu sənədli filmdə şahzadənin həyatında yeniyetməlikdən öldüyü günə qədər baş vermiş hadisələrdən bəhs olunur.

Filmdə səslənmiş lent yazıları bundan əvvəl ABŞ-da açıqlansa da və Channel 4 kanalının iddialarına görə lent yazısı ictimai arxivdə saxlansa da, bunların milli televiziya ilə efirə verilməsi sensasiya kimi qəbul olunub.

Onu da qeyd etmək lazımdır ki, film hələ efirə verilməzdən əvvəl onun ətrasfında böyük hay-küy və ziddiyyətlər mövcud idi.

Etika və həqiqət

Mətbuatın münasibəti də birmənalı deyildi. Məsələn, daha çox kraliça ailəsinə yaxınlığı ilə tanınan “The Telegraph” filmin efirə verilməsinin əleyhinə olan yazılar dərc edirdi. Bu məqalələrdə filmin qeyri-etikliyindən, Diananın iki övladı - şahzadələr William və Harry-yə ağrı gətirəcəyindən, köhnə yaraları qoparmağın lüzumsuzluğundan bəhs olunurdu.

Digər tərəfdən daha liberal və bir az da antimonarxiya təmayüllü “The Guardian” tarixi həqiqətin etikadan yüksəkdə dayandığından yazır və filmin müsbət resenziyalarını dərc edirdi.

Lakin daha çox neytrallığı ilə seçilən “The İndependent” qeyd edir ki, bu filmdəki hadisələrin əksəriyyəti bundan əvvəl də ictimaiyyətə məlum idi, amma buna baxmayaraq filmdə indiyədək toxunulmayan mühüm məqamlar da var.

Buna sevgi demək mümkündürsə...

Bu məqamlardan biri də budur ki, bu filmdə şahzadə Diana öz cangüdəni ilə eşq macərası yaşadığını və bunun onun “ən böyük” sevgisi olduğunu etiraf edir.

Bundan da böyük maraq doğuran məqam budur ki, şahzadə Diana cangüdəni Barry Mannakee-nin gözlənilmədən vəzifəsindən azad edildiyini və az sonra “aradan götürüldüyünü” deyir. Diana lent yazısında “bumped off” ifadəsini işlədir ki, bunun da bir mənası kiminsə öldürülməsi kimi başa düşülə bilər.

Filmdə şahzadə Charles-ın mərhum keçmiş arvadı Mannakee-nin adını çəkməsə də, söhbətin məhz ondan getdiyi məlum olur.

Diana bu filmdə həmçinin bildirir ki, o elə nişanlandıqları gün jurnalistin Charles-a verdiyi suala onun cavabından “tamamailə yaralanıb”.

O vaxt Charles “xoşbəxtdirmi və sevirmi” sualına, “buna sevgi demək mümkündürsə” cavabını vermişdi. Sonrakı hadisələr göstərmişdi ki, Charles Diana ilə evlənsə də, keçmiş sevgilisi Camilla Parker-lə münasibətlərini kəsməyib.

Şahzadə və cangüdən

Diana bu filmdə özünün nitq müəllimi və aktyor Peter Settelenlə 1992-1993-cü illərdə lentə alınmış söhbətində deyir ki, əsl sevgisini ərə gedəndən bir neçə il sonra tapıb.

Şahzadə bildirir ki, 24-25 yaşlarında olarkən təhlükəsizlik xidmətində çalışan bir nəfərlə “dərin məhəbbət” yaşayıb.

"Lakin sonra qəfildən onu işdən çıxardılar və sonra o həlak oldu – deyir Diana, - O işdən getməli oldu və üç həftə sonra motosiklet qəzasında öldü”.

Şahzadə Diana və onun cangüdəni Barry Mannakee
Şahzadə Diana və onun cangüdəni Barry Mannakee

Şahzadə Diana bəyan edir ki, bu, onun ən böyük sevgisi idi və bu sevgi cangüdənin qatilinə çevrildi.

Polis zabiti Mannakee 1980-ci illərdə yalnız bir ilə yaxın Diana-nın mühafizəçisi olmuş və sonradan Diplomatik Mühafizə Korpusuna keçirilmişdi.

39 yaşlı cangüdən 1987-ci ildə motosiklet qəzasında həlak olub. O arxada oturmuşdu, motosikleti onun dostu sürürdü və başqa bir avtomobillə toqquşaraq qəzanı törədən də o idi.

Mannakee bu qəzada ölsə də, dostu sağ qalmış və onu 85 funt sterlinq cərimə edərək təhqiqata xitam vermişdilər.

“The İndependent” yazır ki, bu qəzanın qurma olduğunu göstərən sübutlar olmasa da, belə görünür, Diana cangüdənin onun sevgilisi olduğuna görə öldürüldüyünə inanırmış.

Diana ölümündən bir neçə il əvvəl BBC-nin Panorama proqramında Martin Bashir-ə müsahibə vermiş və ərinin məşuqəsi Camilla Parker Bowles-dan söhbət açmışdı.

Onun kraliça 2-ci Elizabeth-lə münasibətləri də məhz bu müsahibədən sonra korlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG