Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:16

Deputat Nizami Cəfərov: 'Mehman məsələsi də bir şouya çevrilib'


Nizami Cəfərov, 27 iyul 2010
Nizami Cəfərov, 27 iyul 2010

“Əli Kərimli yaxşı bilir ki, hər bir dövlətdə, demokratik dövlətdə korrupsiya imkanları var”.

“Əgər iqtidar bu cür inkişaf edən dövlət yaradıbsa, ölkənin beynəlxalq nüfuzunu təmin edibsə, həmin iqtidara “sağ ol” deməmiş onunla polemikaya girmək olmaz”

Yanvarın 19-da Bakıda bir sıra müxalif qüvvələr Mehman Hüseynova və başqa siyasi məhbus sayılan şəxslərə azadlıq tələbi ilə mitinq keçiriblər. Mitinqdə səslənən tələblərlə bağlı AzadlıqRadiosu hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Nizami Cəfərov-dan müsahibə alıb. O deyib:

Mitinqlərlə bağlı məsələ aydındır. Dövlətin öz qayda-qanunu var. Mitinqlə məsələ həll etmək dövrü keçdi artıq. İnanmıram mitinqin əhəmiyyəti olsun, əksinə bu qanun-qaydaya tabe olmamaqdır. Bunun da nəticələri yaxşı olmur.

-Həmin meydana çox sayda insan yığışaraq tələblərini səsləndirirsə, hakimiyyət onları dinləməli, nələrisə nəzərdən keçirməli deyilmi?

-Hökumət əvvəlcədən öz münasibətini bildirib. Bu mitinqçilərin də qəribə cəhəti var: “biz nə istəyirik edəcəyik, heç kimlə hesablaşmırıq, qanun-qaydanı da saymırıq”. Belə olmur, axı. Bu cür təzyiqlə iş keçmir. Mitinqçilər də artıq neçə illərdir oyunlar çıxarırlar. O dövr keçib.

-Mitinqdə Mehman Hüseynovun azad edilməsi tələb olunurdu. Mitinqə gələnlər ona irəli sürülən yeni ittihamlara inanmırlar, arxasında siyasi motiv olduğunu düşünürlər. Bəs siz necə, həbsinin başa çatmasına bir neçə ay qalmış Mehman Hüseynovun kimisə döyməsini, yəni rəsmi ittihama görə xuliqanlıq etməsini inadırıcı sayırsınızmı?

-Açığı, o qədər maraqlanmamışam. Amma bu Mehman məsələsi də bir şouya çevrilib. Elə xüsusi mövqeyi olan şəxsiyyət deyil ki, onunla bağlı xüsusi nəsə düşünəsən. Vətəndaşdır normal. Dövlətin qayda-qanunları ilə fəaliyyət göstərsin də, yoxsa... Hərə özündən bir iş çıxarsa olmur, axı. Bu məsələni də şouya çeviririlər, yəni mitinq üçün bəhanə olsun. Məsələ bundadır ki, bunlar iqtidardan çox dövlətə qarşıdırlar. Belə şeylər Avropa ölkələrində olsa onu daha sərt cəzalandırarlar. Çünki kiminsə şəxsi iddiası üzərində müxalifət siyasəti qurulacaqsa... Müxalifət fərdi məsələlərlə məşğul olmaqdansa, özünü həqiqətən siyasi qüvvə hesab edirsə konstruktiv planı, proqramı olmalıdır ki, bu görünsün. Ondan sonra xüsusi hallar onun mövqeyindən qiymətləndirilsin. Yoxsa təsadüfi şeylərlə iddia qaldırmaq olmaz. Bizim dövlətimiz inkişaf etmiş dövlətdir artıq. Ən modern tələblərlə mövcud olmaq, yaşamaq istəyir. Fərdi məsələlər üzərində münaqişə qurulmur.

-Dediniz ki, Mehman Hüseynov “xüsusi mövqeyi olan şəxsiyyət” deyil, ətrafında şou yaradılıb. Amma o videobloqqer kimi məmurları, hakimiyyətin gördüyü işi tənqid edirdi və onun çəkdiklərini sosial şəbəkələrdə minlərlə insan izləyirdi. Bundan başqa, Mehman Hüseynovun qeyd-şərtsiz azadlığa çıxmasını Avropa Parlamenti də tələb edir, digər beynəlxalq qurumlar da.

-Bütün bunlar onun qeyri-adi şəxsiyyət olmasına dəlalət etmir. Biz dünyanın konyukturalarını bilirik. Adi hadisəni şişirdib təzyiq vasitəsinə çevirə bilirlər. Çox təəssüf ki, sosial şəbəkələrdə - hərdən izləyirik də - hansısa münasibətin məntiqi görünmür. Elə bil hansısa təsir altında eyforiya yaranır, amma baxırsan mahiyyəti heç nədir, orda düşüncə iştirak etmir, dövlətin mənafeyi iştirak etmir, heç olmasa xalqın mənafeyi orda iştirak etmir. Küyə getmə texnologiyası işə düşür.

-Yanvarın 19-dakı mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP ) sədri Əli Kərimli çıxışında korrupsiya məsələlərinə toxunub. “ Necə olur ki, İlham Əliyevin ətrafında ancaq korrpsionerlər, oğurular nazir ola bilir. O xüsusi olaraq yalnız oğurularamı vəzifə verir yoxsa, onun ətrafına kim gəlirsə oğuruya çevirilir?” deyə sual edib. Hətta orada istefa tələbləri də səsləndirilib. Siz, hakim partiyanın üzvü kimi bu tənqidlər haqda nə düşünürsüz?

-Məsuliyyətsiz çağırışlardır. Əli Kərimli yaxşı bilir ki, hər bir dövlətdə, demokratik dövlətdə korrupsiya imkanları var. Amma bu tamam ayrı məsələdir. Bir də var dövlət ortaya iradə qoyub, xüsusən də son illər korrupsiya ilə mübarizə aparır. Əlbəttə, Azərbaycan da vakuumda yaşamır, amma dövlət səviyyəsində görülən işlər də göz qabağındadır, korrupsiya ilə nə qədər mübarizə aparılır. Adi bir ASAN xidmət həyatımıza nə qədər təsir edib, korrupsiya imkanlarını məhdudlaşdırıb. Dövlət bunun marağındadır. Eləcə də başqa sahələrdə korrupsiyaya bağlı nəsə baş verəndə dərhal kökündən həll edilir. Bu məsələdə Əli Kərimli haqsızdır.

-Beynəlxalq mediada dəfələrlə Azərbaycada yüksək vəzifəli məmurların, hakim ailənin korrupsiyaya bulaşması və ofşor şirkətlərə milyardların ötürülməsi haqqında iddialar səslənib. Sizcə, hakimiyyət bu ittihamlarla bağlı araşdırma aparıırmı, sizin dediyiniz kimi kökündən həll edilirmi?

-Araşdırılır. Azərbaycana qarşı təzyiqləri biz görürük. Təzyiqlərin bir hissəsi dünyada gedən proseslərlə, müəyyən hissəsi şəxsi maraqlarla bağlıdır. Bu tendensiyalılıq dünyanın hər yerində var. Amma birdən-birə hamısını təhlil etməyə, qarşısını almağa heç bir ölkənin, hətta ABŞ-ın da gücü çatmaz. İqtidarı ittiham etmək düzgün deyil. Bu iqtidarı ən azından mahiyyətində bir şey var – müstəqil, inkişaf edən Azərbaycan dövləti yaradır. Məsələnin izahına da burdan baxmaq lazımdır. Əgər iqtdar bu cür inkişaf edən dövlət yaradıbsa, ölkənin beynəlxalq nüfuzunu təmin edibsə, həmin iqtidara “sağ ol” deməmiş onunla polemikaya girmək olmaz. Bax, müxalifət mütləq bunu nəzərdə tutmalıdır. Yoxsa onun dediyi dedi-qodudan o tərəfə getməyəcək.

-Siz müxalifətin iqtidara “sağ ol” deməli olduğunu bildirirsiniz, ancaq REAL sədri İlqar Məmmədov mitinqdə deyib ki, Azərbaycan bu gün Gürcüstandan, Ermənistandan geridə qalır və ölkə iqtisadiyyatı çöküşə gedir.

-Nədə geridə qalır? İqtisadiyyatına görə? Bundan mənasız söz demək olmaz. “Azərbaycan Gürcüstandan, Ermənistandan geri qalır” fikrində olan müxalifətlə söhbət aparmağın, nəyisə müzakirə etməyin yeri yoxdur. Bu, ağ yalandır. Biz bunu görmürükmü?

-Bu gün Gürcüstan Avropaya inteqrasiya edir, iqtisadiyyatı dirçəlir, demokratik seçkilərin keçirildiyi bildirilir. Amma Azərbaycanda seçkilər beynəlxalq qurumlar tərəfindən tənqidlə qarşılanır, iqtisadiyyatı...

-Azərbaycan dövlətdir. Azərbaycan nüfuzdur. Ona görə də Azərbaycana qarşı təzyiq, tənqid həmişə çox olur. Amma Gürcüstan... Doğrudur, bizimlə dost dövlətdir, filan, amma Gürcüstan eksperiment meydanıdır. Bu saat Avropa Şurasının, Avropa qurumlarının eksperiment mənbəyidir. Bunun da axırı görünmür. Bunlara nə qədər demokratiya və o demokratiya adı altında nə qədər çox müxtəlif məqsədi, məramı bilinməyən texnologiyalar ixrac olunsa da, bunların hələ Gürcüstan tərəfindən mənimsəndiyini, bu sahədə uğur olduğunu demək mümkün deyil. Bu, hələ iddia şəklindədir. Gürcüstanın iqtisadi vəziyyəti yaxşı deyil. Hələ 1918-ci ildə Gürcüstan müstəqillik əldə edəndə mübahisə doğuqrurdu ki, belə bir dövlət ola biləcəkmi? Azərbaycan isə mübahisə doğurmurdu. Ermənistanla heç müqayisə aparıla bilməz. Ermənistan hansı qüvvələr tərəfindən saxlanılır və nə şəkildə saxlanılır, o da məlumdur. Yəni Azərbaycanı onlarla müqayisə etmək doğru deyil. Söhbət təkcə iqtisadiyyatdan getmir, həm də dövlətçilik imkanlarından, o dövlətçiliyin xalqın ruhunu ifadə edib-etməməsindən gedir. O baxımdan biz Cənubi Qafqaz respublikaları arasında müqayisə olunmazıq.

-ABŞ rəsmisi John Bolton ötən ilin sonlarında Qafqaza səfərində Ermənistandakı parlament seçkiləri ərəfəsində Nikol Paşinyanın xalqdan güclü dəstək ala biləcəyini demişdi. Yəni Ermənistan lideri haqda xalqdan dəstək və mandat alan lider kimi danışılsa da, Azərbaycan lideri haqda bənzər ifadələr işlənmir.

-Biz yaxşı bilirik ki, bu gün Ermənistanla bağlı hansı işlər görülür və bu hansı işlərin davamıdır. Bu məlumdur. Necə olur ki, Ermənistan 10 il qabaq da təriflənirdi? Amma bu gün məlum olur ki, Ermənistan başdan-başa korrupsiya içindəymiş, ona rəhbərlik edənlər mühakimə olunur. Sabah eyni şey Paşinyanın da başına gələcək. Ermənsitan perspektivsiz görsənir. Belə bir dövlətin 10 il sonra olub-olmayacağı bu gün şübhəlidir.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqer həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycanda 150 civarında siyasi məhbus var.Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG