Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 23:38

Banklar bir-bir bağlanır, qorunmayan əmanətlər qaytarılmamış qalır...


"Dəmirbank"
"Dəmirbank"

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası dekabrın 22-də “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğvi barədə qərar verib.

Palata bu qərarı bankın məcmu kapitalının müəyyən edilən minimum miqdardan və adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 (üç) faizdən az olmasına əsasən qəbul edildiyini bildirir. Habelə, qərar kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirilməməsi ilə izah edilib.

Palata xatırladıb ki, “DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bank olduğundan qorunan əmanətləri Fond ödəyəcək.

Buna da bax: 'DəmirBank'ın lisenziyası ləğv edilir

“DəmirBank” ASC-nin qərara münasibəti

MBNP Direktorlar Şurasının qərarı ilə lisenziyası ləğv olunan “Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bu məsələyə münasibət bildirib.

O, “Report”a qısa açıqlamasında bunları deyib:

“Bununla bağlı yanaşma müxtəlif ola bilər. Bu qərarın tələsik və yaxud gecikmiş olduğu deyilə bilər, yəni hər şey nisbidir. Amma hər halda mövcud vəziyyət belə bir qərarın qəbul edilməsinə səbəb oldu”.

Buna da bax: V.Əhmədov: 'Devalvasiyalar təsirini indi də göstərir'

İqtisadçı Vüqar Bayramov isə “DəmirBank” ASC-nin bağlanmasını gözlənilən hesab edir.

Vuqar Bayramov
Vuqar Bayramov

AzadliqRadiosu-na danışan iqtisadçı “DəmirBnak” ASC-nin ən yüksək əmanətləri qaytarmaqda çətinlik çəkdiyini və praktiki olaraq öhdəliklərini yerinə yetirə bilmədiyini deyib.

Ancaq Vüqar Bayramov bankların müflis elan olunmasını problemdən çıxış yolu saymır.

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Çıxış yolu nədir?

İqtisadçı təəssüflənir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası daha çox problemli bankların müflis elan olunmasına üstünlük verir:

“Azərbaycanda bankların birləşməsi, yaxud konsolidasiyası praktik olaraq başlamadı. Halbuki, bankların birləşdirilməsi onlara olan inamın azaldılmasının qarşısını alır. Hər hansı bank müflis olursa, nəticə etibarı ilə bank sektoruna inamı azalır. Bu baxımdan problemli bankların müflis elan olunması deyil, sağlamlaşdırılması və digər banklara birləşdirilməsinin təmin edilməsi məqsədəuyğun olardı. Təəssüf ki, Maliyyə Bazarlarına Nəzarət Palatası problemli bankların müflis edilməsi prosesini davam etdirir”.

Buna da bax: Elman Rüstəmovun sevimli sözü: «Olmayacaq!

Dövlət proqramı qəbul edilməlidir

Vüqar Bayramov xatırladır ki, bir il əvvəl 8 bankın sağlamlaşdırılmasına ehtiyac olduğu söylənmişdi. Hansı ki, bir bank artıq müflis elan edildi.

İqtisadçı hesab edir ki, hökumət bankların sağlamlaşdırılması ilə bağlı xüsusi bir dövlət proqramı qəbul etməlidir:

“2015-ci ildən bu təklif gündəmdədir. Hansı ki, 2008-ci ildə maliyyə böhranı zamanı ABŞ-da qəbul edildi və proqram çərçivəsində dövlət bankların sağlamlaşdırılmasına 450 milyard dollara yaxın vəsait ayırdı. Azərbaycanda da oxşar praktikadan istifadə edilməsi və bankların sağlamlaşdırılması prosesinin həyata keçirilməsinə ehtiyac var. Birmənalı şəkildə bankın müflis elan olunması bu sektorda problemlərin həlli yol deyil. Hələlik, bankların sağlamlaşdırılması prosesi tam olaraq müşahidə olunmur. O baxımdan Maliyyə Bazarlarına Nəzarət Palatası növbəti mərhələdə bankların sağlamlaşdırılması ilə bağlı real addımlar atmalıdır”.

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

Qorunmayan əmanətlər necə olacaq?

Vüqar Bayramov bildirib ki, “DəmirBank” ASC, yaxud istənilən bankın bağlanmasından ən çox zərəri qorunmayan əmanəti olan vətəndaşlar çəkəcək:

“Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri qaytaracaq. Sığortalanmış əmanətlərlə bağlı problem yoxdur. Problem hər bir bankda qorunmayan əmanətlərdə yaranır. “DəmirBank” ASC-də qorunmayan əmanətlərin məbləği haqda ictimaiyyətə məlumatlar verilməyib. Bütün hallarda bank qorunmayan əmanəti cəlb edib ondan istifadəyə yol verib gəlir əldə edirsə, deməli, həmin əmanətin də qaytarılmasına ehtiyac var. Çox təəssüf ki, 2016-cı ildə müflis olmuş banklarda qorunmayan əmanətlərin geri qaytarılması müşahidə olunmadı. Beləliklə, müflis olan bankların sayı artdıqca, qorunmayan əmanətlərin geri qaytarılması şansı azalır”.

Buna da bax: Daha bir şirkət rəhbəri kreditə görə həbs edilib

O, 2018-ci ildə bankların bağlanması təhlükəsi barədə suala isə belə cavab verib:

“Ümumiyyətlə, bankların bağlanması birbaşa Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçirilir. Ancaq bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası 4 bankın problemi olduğu barədə məlumat açıqlamışdı. Deməli, 4 problemli bank var və palata sağlamlaşdırma prosesini keçirə bilməsə, onların müflis elan olunmasını gözləməliyik”.

Buna da bax: 'Bank Standard'ın lisenziyası ləğv edildi

Xatırlatma

Ötən il Azərbaycanda 11 bankın da lisenziyası ləğv edilib. Bu qərarlar da həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah olunmuşdu. Həmin banklarda qorunan əmanətlərin heç də hamısı, hələ ki, tam ödənilməyib. Qorunmayan əmanətlərin qaytarılmasından isə söhbət getmir.

Azərbaycanda hazırda 30 bankın qaldığı bildirilir.

XS
SM
MD
LG