Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?


Dollar
Dollar

2015-ci ilin əvvəlində baş vermiş devalvasiyanın kökündə 2012-2014-cü illərdə Azərbaycandan gizli yollarla çıxarılan 2.9 milyard dollar da dururmu? Jurnalist araşdırmaları nəticəsində ortaya çıxan və «Azərbaycan paltaryuyanı» adı almış pul yuyulması əməliyyatları cəmiyyətdə həm də belə suallar doğurub. Di gəl, ekspertlər «paltaryuyan»dan keçən milyardların devalvasiyaya gətirib çıxaran əsas amillərdən biri olmağı haqda birmənalı rəy bildirməkdən çəkinirlər.

«Devalvasiya qaçılmaz idi»

İqtisadçı Fariz Hüseynli həmin illərdə Azərbaycana neft yüksək qiymətə satıldığına görə böyük həcmdə valyuta gəldiyinə diqqət çəkir. O deyir ki, manatın devalvasiyasının ölkədən çıxarıldığı söylənilən 2.9 milyard dollarla bağlı olduğunu iddia etmək çətindir:

***Buna da bax-2.9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)

«Ümumən, əlbəttə, ölkədən valyuta axını kəskin və sürətli olanda, devalvasiya təzyiqi yaradır. Amma bu proses gərək bank sistemindən kənar olmasın, başqa sözlə, banklarda dollara tələb yaratsın. Yaxud manat dollara dəyişdirilərək ölkədən aparılsın».

Mərkəzi Bankın 2015-ci il fevralın 21-də verdiyi devalvasiya qərarının siyasi iradəyə bağlı olduğunu deyən F.Hüseynli düşünür ki, 2.9 milyard dollar vəsait ölkədən çıxarılmasıydı belə, həmin dövr üçün bu, qaçılmaz nəticə idi.

Əkrəm Həsənov
Əkrəm Həsənov

«Səbəb neftin qiymətinin düşməsi idi»

Hüquqşünas və bank sektoru üzrə ekspert Əkrəm Həsənovsa devalvasiya üçün həmin məbləğin elə də böyük olmadığı qənaətindədir:

«Devalvasiyanın əsas səbəbi neftin qiyməti idi. Qiymət düşən kimi, manatın vəziyyəti ağırlaşdı. Amma o da var ki, ölkədən çıxarılan vəsaitin rolu da belə işlərdə az deyil. Hər bir halda, sözügedən məsələ üzrə hökumət irəli sürülən ittihamları inkar edir. Amma həmin pullar ölkədən çıxarılmış olsaydı belə, devalvasiya kimi ağır nəticələrə səbəb olacaq həcmdə deyil».

***Buna da bax-'Azərbaycanın pulyuyan maşını' 2.9 milyardı necə yuyub? [video]

«Hökumət devalvasiyanın qarşısını ala bilərdi, əgər...»

2012-2014-cü illərdə ölkədən çıxarıldığı söylənilən 3 milyard dollaradək vəsaitin 2015-ci ildə manatın devalvasiyasına birbaşa təsiri haqqında fikir söyləməyin çətinliyini iqtisadçı, «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədri Azər Mehtiyev də dilə gətirib:

Azər Mehtiyev
Azər Mehtiyev

«Əslində, böyük neft gəlirlərinin yaşandığı 2008-2014-cü illərdə ölkəyə gələn valyutanın əhəmiyyətli bir hissəsi müxtəlif kanallarla ölkədən kənara axıb. Bu, həm ticarət və investisiya kanalları, həm də qeyri-rəsmi kanallarla baş verib. Amma bütün hallarda ölkəyə girən valyuta ölkədən çıxan valyutadan çox olduğundan, manatın məzənnəsi ya qalxıb, ya da sabit qalıb. 2014-cü ilin ikinci yarısından sonra ölkəyə daxil olan valyuta kütləsinin azalması, ölkədən çıxan valyuta kütləsinin isə artması nəticəsində tarazlıq pozulub, valyutaya tələb isə artıb. Həm də gələn valyutanın azalmasından narahat olan insanların (xüsusilə əllərində böyük məbləğlərdə manat olanlar) təcili şəkildə manatdan imtina etməsi xarici valyutaya tələbi artırdı və devalvasiya qaçılmaz oldu».

***Buna da bax-Bolqarıstan prokurorluğu 'Azərbaycan pulları' ilə bağlı təhqiqata başlayır

A.Mehtiyev müxtəlif formalı korrupsiya kanalları ilə ölkədən çıxan valyutanın devalvasiyaya təsirini belə bir aspektdən də qiymətləndirir: əgər bu vəsaitlər düzgün və səmərəli istifadə olunaraq real iqtisadi inkişafa, azad sahibkarlığın yaranmasına sərf edilsəydi, onda ölkədə daha güclü iqtisadiyyat yaranardı ki, bu da milli valyutanın devalvasiyasının, habelə dərin iqtisadi böhranın qarşısını ala bilərdi.

«Valyuta qıt əmtəə olmaqla devalvasiya yaratdı»

İqtisadçı Elçin Rəşidov ölkədən qeyri-leqal məqsədlər üçün çıxarıldığı söylənilən 2.9 milyard dolların mənşəyini onun devalvasiyaya təsiri baxımından təhlil etməyin vacibliyinə toxunur:

«Həmin pullar dövlət büdcəsindən və ya digər dövlət resurslarından xərclənibsə, fiskal yük yaradıb. Bunun izahı belədir: hesab edin ki, müəyyən xidmətlər xaricdən idxal edilib və bu, xarici valyutanı qıt əmtəəyə çevirməklə devalvasiyanı şərtləndirib».

2015-ci ilin fevralında manatın 1 ABŞ dollarına olan rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılmaqla hökumət devalvasiyaya getdi. Həmin il dekabrın 21-də isə məzənnə 1 manat 55 qəpiyə qaldırıldı. 2016-cı ildə Mərkəzi Bank «tam üzən məzənnə»yə keçdiyini elan etdi. Lakin müstəqil ekspertlər manatın məzənnəsinin hələ də idarə olunduğunu deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG