Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 09:53

Daniil orduya getməmək üçün qatardan tullanıb. Onu Rusiyaya qaytara bilərlər


Daniil Muxametov
Daniil Muxametov

21 yaşlı Daniil Muxametov Rusiyada hərbi xidmətə getməmək üçün qatardan tullanıb, ölkədən qaçıb. O, Qərbə necə qaçmasını AzadlıqRadiosunun "Current Time" layihəsinə nəql edib. Utancaq, həm də təmkinli görünüb.

Hər şey bu ilin martında başlayıb. Onu Moskvaya yaxın Domodedovoda hərbi komissarlığına çağırıblar.

"Anladım ki, Rusiyanı tərk etməkdən başqa yolum qalmayıb", – o deyir. Amma hərbi xidmətə çağırış vərəqəsi gələndən sonra ölkədən çıxışına qadağa qoyulubmuş.

O isə Rusiyanın Baltik dənizi sahilində yerləşən Kalininqrad anklavına, Smolensk şəhərindən gedən qatara bilet alır. Qatara Rusiya ərazisində minirsən, səfər Rusiyada başa çatır. Amma marşrut Belarusdan və sonra Litvadan keçir. Qatar Avropa İttifaqı və NATO üzvü Litvada dayanmır.

"Ümid edirəm, ölmərəm"

İyunun 17-də Muxametov Kalininqrada bilet alaraq qatara minib. Marşrutun Litva hissəsi 227 kilometr çəkir, sonra qatar yenidən Rusiya ərazisinə daxil olur. Gecə düşəndə o, qatardan tullanır.

"Başımda bircə fikir vardı – ümid edirəm, özümü öldürmərəm. Axı, qatar saatda təxminən 40-45 kilometr sürətlə gedirdi", – həmin anı belə xatırlayır.

Litva mediası polislə istinadla yazıb ki, qatar Kalininqradla sərhəddə yerləşən Kibartay şəhərinə yaxınlaşanda dəmiryol işçisi açıq qapını görüb.

Litva hakimiyyəti dərhal hərəkətə keçib. Yüzlərlə sərhədçi və polis itlər, dronlar və helikopterlərlə axtarışa başlayıb. Televiziya xəbərlərində rəsmilər hadisə şahidlərini xüsusi nömrəyə zəng etməyə çağırıblar.

Keçmiş müdafiə naziri Laurinas Kaşyunas Litva parlamentində deyib: "Bu, daxili təhlükəsizlik məsələsidir... Mümkün diversiya qruplarından danışırıq".

Muxametov bu əməliyyatdan necəsə yayına bilib. Litvadan o, avtostop və taksi ilə Latviyaya, oradan isə Estoniyaya gedib, oradan da bərə ilə Finlandiyaya keçib. Bu dörd ölkənin hamısı Avropa İttifaqının Şengen zonasında yerləşir, sərhədləri keçmək üçün adətən pasport və ya şəxsiyyət vəsiqəsi tələb olunmur.

"Şübhəli kimi tanınıb"

Finlandiya hakimiyyəti Muxametovun sığınacaq müraciətini rədd edib. Əsas səbəb kimi onun Aİ-nin başqa ölkəsindən keçməsi göstərilib. Aİ-nin sığınacaq qaydalarına görə, o, daxil olduğu ilk üzv ölkədə siyasi sığınacaq üçün müraciət etməli idi.

Litvaya deportasiya olunmaq təhlükəsi ilə üzləşən Muxametov bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.

Muxametov indi Litvanın onu Rusiyaya göndərə biləcəyindən qorxur. Ölkəsində isə o, hərbi çağırışdan yayındığına, Aİ-də sığınacaq istədiyinə görə həbs və təqiblə üzləşəcək.

İnsan haqları fəalları Litvanın sığınacaq siyasətini tənqid ediblər. "Amnesty International" 2023-cü il hesabatında qeyd edir ki, milli təhlükəsizliklə bağlı narahatlıqlar fonunda bir çox Rusiya və Belarus vətəndaşlarına sığınacaq verilməyib.

Litva Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti AzadlıqRadiosuna Muxametovun vəziyyəti ilə bağlı mümkün ssenariləri müzakirə etməyəcəyini bildirib: "Litva Respublikasının ərazisində olan hər bir əcnəbi sığınacaq üçün müraciət edə bilər".

Litva Baş Prokurorluğu isə onun şübhəli şəxs kimi tanındığını açıqlayıb. "Əldə olunacaq əlavə məlumatdan sonra ilkin istintaq çərçivəsində qərarlar veriləcək", - radionun sorğusuna cavabda deyilir.

Muxametov Rusiyaya qaytarılarsa, "Current Time" proqramına danışdığına görə də həbs oluna bilər. AzadlıqRadiosu Rusiyada "arzuolunmaz təşkilat" kimi tanınıb. O, həmçinin Rusiyanın Ukraynada apardığı müharibəni tənqid etdiyinə görə də məsuliyyətə cəlb oluna bilər.

Muxametov vurğulayıb ki, qaçmaq qərarını təkbaşına verib, bu prosesdə heç kim ona kömək etməyib.

XS
SM
MD
LG