Oktyabrın 18-də Roman Sopin anasına zəng edib, paltar, pul və kontakt linzalarını gətirməsini istəyib. Paytaxt Kiyevin küçəsində hərbi çağırış zabitləri onu saxlayıb Rusiya işğalçılarına qarşı döyüşmək üçün orduya göndərmək istəyirdilər.
Bir gün sonra o, ağır baş xəsarəti ilə xəstəxanaya yerləşdirilib, oktyabrın 23-də həyatını itirib.
Rəsmilərin Sopinin huşunu itirib yıxıldığını, Kiyevin Podol rayonundakı hərbi çağırış mərkəzində başı yerə dəydiyindən xəsarət aldığını deyirlər. Onların iddiasına görə, hadisə vaxtı digər əməkdaşlar daxil orada 10 nəfər olub, Sopinin bədənində başqa yara izləri olmayıb.
Ailəsi, onların vəkili isə bu versiyaya inanmır. Onların fikrincə, ölüm şəhadətnaməsində qeyd olunan küt travma, beyin qanaxması, kəllə sınıqları və qapalı baş zədəsi zorakılıqdan yaranıb.
"İnsanlar öz-özünə bu cür yıxılmır. Güclü və peşəkar zərbə alıb", – vəkil Oleksandr Protas AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib. O, 43 yaşlı Sopinin sağlam biri olduğunu, daha öncə huşunu itirmə, yaxud yıxılma ilə üzləşmədiyini bildirir.
Protasın sözlərinə görə, o, həm Podol, həm də Svyatoşin rayonundakı çağırış mərkəzlərində kişilərin döyülməsi ilə bağlı bir neçə halla rastlaşıb.
İstənilən halda, Sopinin ölümü Ukraynanın müharibədə üzləşdiyi canlı qüvvə çatışmazlığı probleminə, hərbi çağırışa cəlbdə bəzən zorakı səfərbərlik üsullarına diqqəti daha da artırıb.
"Busifikasiya"
2024-cü ilin yazında mübahisəli səfərbərlik qanununun qəbulundan bir ildən çox keçir. Bundan öncə iki zorakılıq hadisəsi çağırış metodları ilə bağlı narahatlıqları artırıb.
Kiyevdə məhkəmə iki polis zabitinin ev dustaqlığına verilməsi ilə bağlı qərar çıxarıb. Onlar bir kişini rayon çağırış mərkəzinin qarşısında döyməklə səlahiyyət həddini aşmaqda şübhəli bilinirlər. Oktyabrın 17-nə aid, aşağı keyfiyyətli müşahidə kamerası görüntülərində iki zabitin polis maşınının qapısı ağzında yerə yıxılmış bir kişini təpiklə vurduqları görünür.
İki gün öncə, Ukraynanın qərbi Ternopol vilayətində polis yeddi hərbçini saxlayıb. Onlar bir neçə kişidən zorakılıq və hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunurlar. Həmin şəxslərin bəziləri potensial çağırışçı deyildilər, döyüşdə yaralanıb reabilitasiyadan keçən əsgərlər olub.
Bu cür səfərbərlik xalq arasında "busifikasiya" (sözün kökü "bus" – "avtobus"dur, zorla avtobusa mindirmək, zorla səfərbərlik anlamına gəlir) adlanır: çağırışdan azad olduğunu sübut edə bilməyən kişilər bəzən avtobuslara mindirilərək hərbi xidmətə aparılır.
Ternopoldan bir iddiaçı bildirib ki, çağırış mərkəzinin qarşısında bir qrup şəxs onu zorla mikroavtobusa mindirərək naməlum yerə aparıb, döyüb, silahla hədələyib, azad edilməsi üçün 50 min qrivna (1 min 190 dollar) tələb ediblər. Rəsmilər əlavə ediblər ki, həmin şəxslər başqa bir Ternopol sakininin avtomobilini də oğurlayıblar və həmin maşın sonradan Kiyev yaxınlığında tapılıb.
"Həyasızcasına laqeyd" polis
Sopinin anası Larisa Sopina oğlunun "huşunu itirib yıxılması" iddiasına şübhə edən vəkili ilə eyni mövqedədir. O, AzadlıqRadiosuna deyib ki, bu açıqlama Sopinin başına dəyən güclü zərbə ilə uzlaşmır.
Sopina Romanın başına nə gəldiyini öyrənmək cəhdlərini rəsmilərin əngəllədiyini deyir, onlardan narazılığını bildirir: "Mənimlə əlaqə saxlayan olmayıb. Məncə, polis məsələyə həyasızcasına laqeyd yanaşır".
Vəkil Protas danışır ki, Podil polis bölməsinə ilk dəfə gedəndə onlara iddia olunan yıxılmanın səbəbinin epilepsiya olduğu deyilib, halbuki Sopin heç vaxt epilepsiya xəstəsi olmayıb.
"Polis ta başdan işin üstünü ört-basdır etməyə çalışırdı", – vəkil deyir.
Kiyev polisi, hərbi rəsmilər isə işin ört-basdır edilməsi, hansı qanunsuzluq iddialarını rədd edirlər.
Ukrayna Rusiyanın genişmiqyaslı işğalına qarşı daha çox kişini səfərbər etməyə çalışır və bu zaman üzə çıxan problemlərdən biri də zorakılıqdır. Münaqişə isə nə az- nə çox, dörd ilə yaxındır gedir.
Prezident Volodimir Zelenski hökuməti 2022-ci il fevralın 24-də müharibə başlayandan sonra 60 yaşa qədər kişilərin ölkədən çıxmasına qadağa qoyub. Avqustun sonlarında 18-22 yaş arası şəxslər üçün qaydalar yumşaldıldı və sentyabr-oktyabr aylarında bu yaş qrupundan ölkədən çıxanların sayı kəskin artdı. Kiyev səfərbərlik yaşını 18-ə endirmək təzyiqlərinə qarşı çıxır. Amma keçən il bu həddi 27-dən 25-ə salıb.
Ukraynadan qaçmaq, fərarilik də ciddi problemlər yaradır.
Baş Prokurorluqdan "Ukrainska Pravda"ya verilən məlumata görə, 2025-ci ilin ilk aylarında hərbi hissəni özbaşına tərk etməklə bağlı 110 mindən çox təhqiqat işi açılıb. Bu, işğal başlayandan bəri açılan işlərin yarıdan çoxu deməkdir.