Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 07:32

 Daha 3 cəbhəçinin həbs edildiyi deyilir


Polis AXCP üzvü olan gəncləri saxlayarkən, Bakı,17 noyabr 2018

“Yanvarın 25-də "Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, onun qardaşı oğlu və AXCP fəallarının cinayət işi üzrə" məhkəmə prosesində iştirak üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına toplaşanlardan 11 şəxs saxlanıb”

Bunu Azadlıq Radiosu-na Azərbaycan Xalq Cəbhəsi Partiyası-ndan (AXCP) bildiriblər.

Verilən məlumata görə, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalları Orxan Səlimzadə, Ayaz QasımovMehdi Nagıyev-in hər birinə 30 sutka inzibati həbs cəzası verib. Daha 2 fəalın Kənan ƏzizliCeyhun Arif-in isə 200 manat cərimə edildiyi açıqlanıb.

AXCP bildirir ki, partiyanın fəalları Xəyal Əliyev, Fuad TağızadəMahir Rüstəmli isə 50 manat cərimə edilib. Daha 2 fəalın isə şifahi xəbərdarlıq edilərək sərbəst buraxıldığı söylənir.

AXCP-dən verilən məlumata görə, saxlananlardan sonuncusu Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov isə elə yoldaca sərbəst buraxılıb.

Partiyadan bildirildiyinə görə, inzibati qaydada cəzalananlar polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılıblar.

Bu deyilənlərə, hələlik, Nəsimi Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan isə münasibət almaq mümkün olmayıb.

Bundan evvəl, ötən həftə də eyni işə baxılarkən Bakı Ağır Cinayətlər Məhkəməsininin binası qarşısında dayanan AXCP fəallarından bir neçəsi saxlanmışdı.Onlardan da bəziləri polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılaraq inzibati həbs və cərimə cəzalarına layiq görülmüşdülər.

AXCP-nin məlumatına görə, son həftələr 27 cəbhəçi 10 sutkadan 30 sutkaya kimi inzibati həbs cəzası alıb. Onlar əsasən polisin qanuni tələbini yerinə yetirməmə və başqa oxşar əmməllərdə ittiham ediliblər.

AXCP verilən ittihamları qəbul etmir.

Son həftələr tək AXCP-dən yox, müstəqil fərdlər və Müsavat Partiyasından da inzibati qaydada həbs edilənlər var.

Müxalifət qüvvələri bütün bu cəzaları hökümətin insanlara siyasi baxışlarına görə, basqı etməsi, onlarda qorxu hissi yaratmaq istəyi ilə izah edirlər. Hakimiyyət rəsmiləri isə insanlara siyasi baxış və tənqidi mövqeylərinə görə, basqı edilməsi ilə bağlı şikayətləri qəbul etmirlər.

Xatırlatma

Bu ilin əvvəlindən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılan AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

Multimedia

XS
SM
MD
LG