Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:43

350 'göydələn'in hərəsinə 30 sot sahə ayrılacaq


Bakıda çoxmərtəbəli binalar
Bakıda çoxmərtəbəli binalar

Paytaxt Bakının rayon icra hakimiyyəti orqanları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə 45 layihə razılaşdırıb. Tikiləcək 350 çoxmərtəbəli yaşayış binasının yerləri də müəyyənləşdirilib.

Komitənin açıqlamasına görə, bu binalardakı mənzillərin orta ölçüsü 100 kvadratmetr olacaq.

Bir hektar ərazidə, ən çoxu, 3-4 bina tikməyə icazə veriləcək

Məlumatda deyilir ki, razılaşdırılmış 45 ərazi planlaşdırma layihəsi 175 hektar sahəni əhatə edir. İndi bu ərazidə 324 min kvadratmetr yaşayış sahəsi olan 4 min mənzil var. Onların yerində isə 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılır. İnşa ediləcək 350 yaşayış binasında 18 min mənzil olacaq.

Buna da bax:​ 30 min nəfər köçürüləcək

Komitə vurğulayır ki, hər çoxmərtəbəli binaya 30 sot ərazi ayrılacaq və mərtəbə sayından asılı olaraq, bir hektar sahədə, ən çoxu, 3 və ya 4 bina tikiləcək.

Minə yaxın köhnə bina sökülür

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» qərarı ilə qarşıdakı 5 ildə minə yaxın yaşayış binası söküləcək. Qərarda o da deyilir ki, yeni binaları tikməyə öhdəsinə götürəcək tikinti şirkətləri bu evlərdə yaşayan 30 mindən çox sakininin maraqlarını da gözləməlidir. Onlara müvəqqəti kirayə edilən mənzillərdə yerləşmək üçün pul ödənməlidir. Sakinlər sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında yeni mənzillə təmin olunmalıdırlar.

Buna da bax: Qərar verildi. Bakıda 1100 bina söküləcək

Sakin: «50 yerinə 70 kvadratmetrlik mənzil alacağam»

Hazırda bu proses Binəqədi, Nərimanov, Qaradağ və başqa rayonların ərazisində davam edir. Nərimanov rayonunda yaşayan İnarə İbrahimova AzadlıqRadiosu-na deyir ki, tikinti şirkəti ilə müqavilə bağlayıb və şərtlərlə razılaşıb. «Qonşulardan razılaşmayanlar da var. Onlar da tikinti şirkəti ilə «ümumi dil tapmağa» çalışırlar. İmzaladığım müqaviləyə görə, ev tikilib başa çatanadək, yəni 20 ay ərzində, hər ay 300 manat kirayə xərci ödəniləcək. Yeni binada isə 50 kvadratmetrlik mənzilinin əvəzinə 70 kvadratlıq təmirli mənzil alacağam. Təmir mənim zövqümə uyğun aparılacaq», - 50 yaşlı Bakı sakini İnarə İbrahimova belə deyir.

Buna da bax: Şəhərlərin baş planları hazırlanır

Yeni müasir məhəllələr Bakıya əlavə «yük» olmayacaq ki?

Qeyd etmək lazımdır ki, bir çox mütəxəssis köhnə binaların yeniləriylə əvəzlənməsini bəyənsə də, ərazilərdə daha çox sakinin məskunlaşmasının problem törədəcəyinə diqqət çəkir. Onlar yeni məhəllələrin şəhərin sosial və mühəndis infrastrukturuna (təhsil və səhiyyə obyektlərinin tutumu, elektrik, qaz, su və kanalizasiya təminatı baxımından) «yük» olacağından ehtiyatlanırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG