Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Cızma-qara haqqımızda nə deyir


Serbiyada uşağın koronavirus pandemiyası dövründə çəkdiyi rəsm
Serbiyada uşağın koronavirus pandemiyası dövründə çəkdiyi rəsm

İnsanlar darıxanda qarşılarındakı kağızın üzərində cızma-qara, şəkil çəkməyə adət ediblər. Kraliça Viktoriya ulaq, Uinston Çörçil təyyarə, Leonardo da Vinçi isə eskizlərdən çertyojlara qədər hər şey çəkirdi. Bu vərdiş tanınmış və dahi insanlarda da var, adi ofis işçiləri və tələbələrdə də.

Adətən, dəftər vərəqinin bir küncündə, yaxud işlənmiş zərfin üzərində çəkilən bu rəsmlər mənasız sayılaraq atılır. Adətən, insanlar bu rəsmləri fikirləri başqa yerdə olanda, bəzənsə darıxdırıcı iclas və ya mühazirədə olanda çəkirlər.

Səsyazma cihazı

BBC yazır ki, rəssam, "Törner" mükafatı laureatı Oskar Murilyonun "Frequencies" layihəsi dünyanın hər yerindən 100 mindən çox uşağın çəkdiyi və ya cızma-qara etdiyi 40 mindən çox rəsmi toplayıb. 2013-cü ildən bəri Oskar Murilyo sosioloq Klara Düblanla birlikdə işlədiyi bu layihə çərçivəsində 30-dan çox ölkənin 300-dən artıq məktəbinə boş ağ lövhələr göndərib. Braziliya, Türkiyə, Keniya, Yaponiya, Britaniya, ABŞ, Çin, Hindistan, Livan, Nepal, İtaliya, Cənubi Afrika Respublikası və İsveç bu ölkələrdən bəziləridir. Məqsəd "gənc beyinlərin şüurlu və şüursuz enerjisini onların ən …optimist və münaqişəli anında kağıza həkk etmək" idi. Toplanan nəticələr hazırda Londonun şərqində Murilyonun bitirdiyi Hakni orta məktəbində nümayiş etdirilir.

"Bəyaz lövhə bir növ səsyazma cihazı kimidir. Bu 100 min uşaq mənim ortaqlarımdır", – rəssam "BBC Culture"a müsahibəsində deyib.

Uşaqlar layihəyə qatıldıqlarını bilsələr də, lövhələrin onlara dərhal verilməməsi, uzun müddət kənarda saxlanması onların təhtəlşüurundan gələn fikirləri köçürməyə kömək etmiş olmalıdır. Ən azı Murilyonun özü belə hesab edir. "Hər gün toxunduqları [bu lövhələr] onlar üçün bir mebel əşyasına çevrilir", – o deyir.

"Mədəniyyətin homogenləşməsi"

Layihənin adı – "Frequencies" "tezliklər" deməkdir. Bu adda iştirakçıların coğrafi, sosial-iqtisadi, siyasi cəhətdən fərqli yerlərdə yaşaması əks olunub. Murilyo deyir ki, çəkilən rəsmlərdə yerli mədəni rəmz və fərqlər əks olunsa da, bəzi ümumi rəmzlər də var. Məsələn, Ronaldu, Beyonse, "One Direction" kimi adlar, ürək, kəllə, çiçək təsvirləri hamı üçün ümumidir. Murilyo bunu "mədəniyyətin homogenləşməsi" kimi görür. "Sosial media və texnologiyanın içəriyə sızmaqla bu cür eynicinslilik yaratdığını görə bilirik, bu isə qorxuncdur", – o deyir.

Dünyanın ən qədim cızma-qarası Cənubi Afrikada yerləşən bir mağarada tapılmış, 73 min il bundan əvvələ aid bir petroqlifdir. Hollandiyalı alim Erik Kvakkel Orta əsr əlyazmalarının kənarlarında olan bəzi qədim cızma-qaraları araşdıraraq onların arasında komik üzlər, karikaturalar və həndəsi fiqurlar aşkar edib.

Sanni Braun adlı müəllifsə hətta cızma-qaralara həsr olunmuş "The Doodle Revolution" adlı kitab yazıb. O deyir ki, cızma-qara çəkmək bütün dünyada insanların antik dövrdən bəri gördüyü işdir: "Bu davranış bütün dünyanı, bütün mədəniyyətləri və iqtisadi qrupları əhatə edir. Nəfəs almaq, oxumaq və rəqs etmək kimi, o da insan üçün təbiidir".

Təsadüfi, yoxsa...

Onun sözlərinə görə, hər kəsin cızma-qarasında özü hiss etmədən daim üzə çıxan bir şəkil olur. Ancaq cızma-qara heç də həmişə təsadüfi olmur. Bəzi rəssamlar böyük ideyalarını formalaşdırmağa cızma-qaradan başlayırlar. Məsələn, memar Frenk Qeri dizayn etdiyi binaların ideyasını cızma-qaralardan başlayıb.

Britaniyada doğulmuş, hazırda Nyu-Yorkda yaşayan rəssam Con Burqerman cızma-qaraları ilə uğurlu karyera qura bilib. Onun cızma-qaraları hazırda telefon qablarından tutmuş Ağ Evin divarlarına qədər hər yerdədir. O deyir ki, cızma-qaralar bizim təhtəlşüurumuzla bağlı müəmma və sirlərlə doludur.

Qızıl Xaç Cəmiyyətinin yaradıcısı Klara Bartonun cızma-qaralarında cəmiyyətin loqosunu görmək olur. Astrid Lindqrenin erkən rəsmlərində isə Uzuncorab Peppi personajını sezmək mümkündür.

Oskar Murilyo da "Frequencies" layihəsində bütün bunları əks etdirərək insanlara çatdırmaq istəyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG