Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Dünyanın ən bahalı rəsm əsəri haradadır


Salvator Mundi
Salvator Mundi

Dünyanın ən bahalı rəsm əsəri – Leonardo da Vinçinin "Salvator mundi"si (Dünyanın xilaskarı) vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmri ilə Səudiyyə Ərəbistanında gizlədilib. Bəs görəsən, o, doğrudan bu ölkədədir? Heç kim bu əsərin yerini bilmir.

Əksər müşahidəçilər onun Yaxın Şərqdə olduğunu düşünürlər. Ancaq əsərin Cenevrədə vergisiz zonada saxlandığını və hətta onun şahzadənin yarım milyard dollarlıq yaxtasında olduğunu düşünənlər də var. Görəsən, bu əsər, ümumiyyətlə, da Vinçiyə aiddir?

450 milyon dollara satılan əsər

"Salvator mundi" 2017-ci ildə "Kristi" hərracında da Vinçinin sonuncu əsəri kimi ibn Salmanın adamına 450 milyon dollara satılıb. Ancaq BBC yazır ki, hətta o zaman belə bir çox mütəxəssislər əsərin üzərində rəssamın özünə aid çox az fırça izi olduğunu düşünürdülər. O zamandan bəri bu şübhələr daha da artıb.

"Salvator mundi"nin müəmma və beynəlxalq intriqa dolu bu hekayəsinə dair iki yeni sənədli film çıxıb: "The Lost Leonardo" "Saviour for Sale: Da Vinci's Lost Masterpiece?". Bu filmlərdən bir qədər əvvəl, 2019-cu ildə isə Ben Lüisin "The Last Leonardo" adlı kitabı çıxıb.

Bundan başqa, bu mövzuda onlarla məqalə dərc edilib. Təqribən 1500-cü ildə çəkildiyi düşünülən əsər 200 il ərzində itmiş sayılıb, zədələnib, keyfiyyətsiz bərpa olunub, əhəmiyyətsiz əsər kimi satılaraq əldən-ələ keçib. Onun Leonardonun öz şəyirdi tərəfindən satılması ehtimalı da çoxdur.

Əsəri daha çox leonardosayağı edən Modestini

Leonardoya aid olduğu güman edilən bu əsəri məşhurluğa aparan yol 2005-ci ildə Yeni Orleanda keçirilən bir hərracdan başlayıb. Bu hərracda onu Nyu-Yorkdan olan iki diler 1175 dollara almışdı. Onlar əsəri bərpa üçün çox nüfuzlu restovrator sayılan Diana Modestiniyə gətiriblər. Modestini əsərin üzərindəki çirki və ən üstdəki rəng qatını təmizləyib. O, əsərin həqiqətən Leonardoya aid ola biləcəyindən şübhələnən ilk adamdır. Modestini həm də filmin əsas qəhrəmanıdır.

Modestini Məsihin baş barmağının altındakı yenidən işlənmiş detala və onun dodaqlarının konturuna diqqət yetirir. O hesab edir ki, bu dodaq konturu yalnız Leonardoya aid ola bilər.

Ancaq bir çox mütəxəssislər onun restavrasiya prosesində çox dərinə getdiyini düşünürlər. Filmdə da Vinçinin bütün bilinən əsərlərinin kataloqunu tərtib etmiş alman tarixçisi Frank Zöllner kinayə ilə "Salvator Mundi"ni "Diana Modestininin şedevri" adlandırır və onun əsəri Leonardonun özündən daha artıq leonardosayağı hala saldığını deyir.

Modestini isə, öz növbəsində, həm öz işini, həm də əsərlə bağlı elmi araşdırmaları sənədləşdirərək internetdə dərc edib.

Gəlir və prestij naminə

Əksər mütəxəssislər əsərin Leonardonun emalatxanasında onun şəyirdləri tərəfindən çəkildiyini və onun yekunda bəzi düzəlişlər etdiyini düşünürlər.

Əsərin keyfiyyəti də mütəxəssislərin arasında fikir ayrılığı yaradır. Amerikalı incəsənət tənqidçisi Cerri Zalts "The Lost Leonardo" filmində deyir ki, Leonardoya aid olmağı bir yana qalsın, "bu, heç keyfiyyətli əsər də deyil".

Hər iki filmdə ən maraqlı şərhlərdən biri, ümumiyyətlə, incəsənətlə bağlı deyil. "The Lost Leonardo" filmində "Bank of America"nın sənət əsərləri ilə məşğul olan əməkdaşı Evan Bird alıcıların sənət əsərlərindən başqa maliyyə manevrləri üçün istifadə motivi haqda danışır. Filmdə əsərin kimə aid olması haqda dəqiq bir fikir səslənmir. Ancaq aydın göstərilir ki, muzeylər, incəsənət dəllalları və potensial alıcılar sadəcə əsərin Leonardoya aid olduğuna inanmağı seçməklə həm milyonlarla dollar gəlir, həm də ölçüyəgəlməz prestij əldə edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG