Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

'Buğdanın bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb'-media icmalı


Çörək mağazası, Bakı, arxiv foto
Çörək mağazası, Bakı, arxiv foto

Sənaye məhəllələri, manatla istiqraz emissiyasından gözləntilər, arpanın, buğdanın qiymətində bahalaşma və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Buğdanın qiyməti qalxıb”

“Yenisabah.az” saytı-nda “Buğdanın qiyməti kəskin qalxıb-çörək bahalaşacaqmı?” sərlövəhli yazı oxumaq olar.

Sayt bu il arpa və buğdanın qiymətindaki dəyişikliklərlə bağlı iqtisadçı Nemət Əliyev-in düşüncələrinə yer verib.

“Çörək yenidən bahalaşa bilər, çünki, buğdanın əhəmiyyətli dərəcədə bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb”, deyə Nemət Əliyev qeyd edib.

İqtisadçının bildirməsinə görə, ötən il bu vaxtlar kiloqramı 23-25 qəpiyə olan buğda hazırda 38-39 qəpiyə, kiloqramı 25-27 qəpiyə təklif edilən arpa isə hazırda 35-38 qəpiyə satılır:

“Lakin taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma yaşanmalıydı. Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı”.

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

​N. Əliyev bildirib ki, əgər 2018-ci il iyulun 9-na kimi sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunmuşdusa (Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumat), 2019-cu ilin eyni günündə 2 milyon 885 min ton (Kənd Təsərrüfatı Nazirliyinin yaydığı operativ məlumat) taxıl tədarük olunub:

“Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 566 min ton artıb. Deməli, yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb (təklif edilib). Bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi”.

​İqtisadçının qeyd etməsinə görə, Dövlət Gömrük Komitəsi yanvar-iyun dövrünə dair məlumat açıqlayaraq bildirib ki, xaricdən 576,489 min ton, ötən il isə 538,781 min ton buğda alnıb:

“Təklif, istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıb. Deməli, normalda buğda və arpa ucuzlaşmalıydı...”

N.Əliyev Azərbaycanda bazar iqtisadiyyatından danışanlara tövsiyyə edir ki, bu “sirri-xuda”nın səbəbləri haqqında yaxşı-yaxşı düşünsünlər:

“ ... Hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual altına almaqla yanaşı, həm də çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək (quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsir də qaçılmazdır)...”.

Milli valyutada istiqraz

“Yeni Müsavat” qəzetində “Beynəlxalq maliyyə qurumlarından manata etimad - istiqrazlar nə vəd edir?” sərlövhəli yazı yer alır.

Müəllif bu il iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankı-nın (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasının dövlət qeydiyyatına alınmasını iqtisadçı-ekspert Rəşad Həsənov-la müzakirəyə çıxarıb.

Rəşad Həsənov, 16 fevral 2018
Rəşad Həsənov, 16 fevral 2018

Yazıda vurğulanır ki, Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu milli valyutada istiqraz emissiya ( dövrüyyəyə burxacaq) edəcək.

Müəllifinin qeyd etməsinə görə, 730 gün dövriyyədə olacaq və hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd faizli, təminatsız istiqrazların illik gəlirliliyi 9,25 faiz təşkil edəcək. Yazıda habelə bildirilir ki, faiz ödənişləri 3 aydan bir həyata keçiriləcək.

R.Həsənov isə “Yeni Müsavat”a bildirib ki, müxtəlif beynəlxalq maliyyə qurumları bundan əvvəl də belə təşəbbüslər göstəriblər:

“Amma faktiki olaraq bu istiqamətdə real addımın atılması Azərbaycan üçün ilk haldır. Proqram iki illik dövrü əhatə edir. İlk emissiya kiçik bir məbləği -10 milyon manatı əhatə edir. Bu baxımdan onun maliyyə sektoru və iqtisadiyyatda hansısa ciddi təsirlərini gözləmək mümkün deyil”.

Ekspertə görə, əsas müsbət təsirlərdən biri qiymətli kağızlar bazarının inkişafı ilə bağlı olacaq. R.Həsənov deyib ki, manatla istiqrazların emissiyası manatın məzənnəsinə dair gözləntilərlə bağlıdır:

“Bu gözləntilər daha çox manatın məzənnəsində dəyişikliklərin olacağı ehtimalından xəbər verir. Düzdür, hökumət və Mərkəzi Bank manatın məzənnəsinin üzən rejimə keçirdiklərini elan etsə də, hələ ki, bu baş verməyib. Məzənnə faktiki olaraq Mərkəzi Bank tərəfindən tənzimlənir. Çünki iqtisadiyyatı sabit məzənnə ilə idarə etmək daha rahatdır”.

Ekspertin fikrincə, istiqrazlardan əldə olunan vəsaitlər yığım üçün yararlı deyil, çünki kifayət qədər bahalı vəsaitlərdir...

Sənaye məhəllələri...

“Azərbaycan” qəzeti-ndə isə “Sənaye məhəllələri regionlarda inkişafa töhfə verir” sərlövhəli yazı dərc edilib.

Arxiv foto
Arxiv foto

Müəllifin yazmasına görə, Azərbaycanda iqtisadi siyasətin əsasını bu sahənin hərtərəfli inkişafının təmin edilməsi, yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi təşkil edir. Yazıda vurğulandığına görə, həyata keçirilən bu siyasət nəticəsində xüsusən son illər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb:

“Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını genişləndirmək üçün hazırda sənaye parklarının yaradılması istiqamətində hərtərəfli tədbirlər görülür. İlk növbədə qabaqcıl beynəlxalq təcrübə öyrənilir və onun ölkəmizdə tətbiqi imkanları araşdırılır”

Yazıda qeyd edilir ki, prezident istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, sahibkarlığın inkişafı kimi məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsini "Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhimdar Cəmiyyətinə həvalə edib.

Müəllif sonra da ayrılıqda bəzi sənaye məhəllələrindən bəhs edir...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG