Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 04:55

Prezident köməkçisinin xanımı məhkəmədə dindirilə bilər


Əli Həsənov
Əli Həsənov

Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın məhkəmədə dindirilməsi tələb olunub.

İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Kaspi Liseyi"nin Bakıxanov filialında 564 min manatlıq mənimsəmə ilə bağlı iddia araşdırılarkən, belə bir vəsatət qaldırılıb.

Sona Vəliyeva "Kaspi Liseyi" MMC-nin təsisçisidir. Cinayət işində onun da adı keçir və bu ad məhkəmədə bir neçə dəfə hallanıb.

"884 min manat pulu Sona Vəliyevaya vermişəm"

Bu işə görə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub - baş mühasib Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev.

Liseyin təsisçisinin şahid kimi dindirilməsi məsələsini də Fərahim Möhbalıyev qaldırıb və deyib ki, bütün addımlar rəhbərliyin, konkret Sona Vəliyevanın tapşırığıyla atılıb:

"884 min pul ona verilib. İstintaqda izahatı da var”.

Azər Paşayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayaraq, növbəti iclaslarda müzakirəyə çıxarılacağını bildirib.

Maaşın bir hissəsi karta, qalanı nağd...

"Kaspi” liseyinin mühafizə xidmətinin rəhbəri Sərxan Baxşəliyev məhkəmədə şahid kimi dindirilib. Maaşının 450 manat olduğunu deyən Sərxan Baxşəliyev bunun 260 manatının maaş kartına köçürüldüyünü, qalan hissəni isə nağd aldığını söyləyib.

Daha öncəki məhkəmə iclaslarında dindirilən müəllimlər də maaşın az hissəsini kartla, qalanını nağd aldıqlarını deyərək, eyni durumun davam etdiyini bildirmişdilər.

İşlə bağlı məhkəmə araşdırması iyulun 26-da davam edəcək.

Xatırlatma

Sözügedən cinayət işi "Kaspi Liseyi ümumtəhsil məktəbi” MMC-nin direktoru Elnur Əliyevin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında başlanıb.

İttihamda yazılıb ki, 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib.

Bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddə əsasında ittiham verilib.

Tural Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır:

"Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb, 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim".

Digər təqsirləndirilən Fərahim Möhbalıyevin onunla əlbir olmadığını deyən Tural Məmmədov deyir ki, pulun bir hissəsini şəxsi problemlərinin həllinə, qalanını da "Tatlı dünyası" şirniyyat evinin təmirinə xərcləyib.

Fərahim Möhbalıyev isə özünü təqsirli saymır.

Tural Məmmədov və Fərahim Möhbalıyevin təqsirləndirildiyi CM-in 179.4 maddəsində 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG