Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:04

Ekspert 'Yol xəritəsi' haqqında: ''Qosplan'ı xatırladır'


İ.Şaban

Hökumətin «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi» açıqlamasından iki il ötür. Azərbaycanlı iqtisadçıların bəzisi bu sənədin kağız üzərində qaldığını düşünür.

İlham Şaban: Rəqəmlər üst-üstə düşmür

İqtisadçı İlham Şaban köklü dəyişiklik görmədiyini bildirir. O, sənədin əsas hissəsini statistik rəqəmlər təşkil etdiyini və bu rəqəmlərin də reallıqda bir-biriylə o qədər də uzlaşmayan proqnozlar olduğunu qeyd edir: «Məsələn, götürək pambıq proqnozunu, «Yol xəritəsi»ndə 2018-ci ildəki pambıq yığımı ilə bağlı planla reallıqdakı rəqəmlərə baxaq. Rəqəmlər üst-üstə düşmür, arada iki dəfə fərq var. Və ya hökumət ildə bir dəfə büdcə müzakirə olunarkən enerji sektoru ilə bağlı proqnoz açıqlayır. Hələ mən görməmişəm ki, neft-qaz hasilatı ilə bağlı səslənən rəqəm reallığı əks etdirsin. Bu il üçün neft hasilatının təqribən 900 min ton azalacağını proqnozlaşdırmışdılar, ancaq belə olmadı. Azərbaycanda bu il stabilləşməni, hasilatın cüzi şəkildə aşağı düşməsini gördük».

İ.Şabana görə, «Yol xəritəsi» statistik rəqəmləri yox, iqtisadiyyatda fəlsəfi dönüşü əks etdirməliydi: «Çində «mədəni inqilab»dan sonra sənayeləşmə ilə bağlı bir proqram qəbul edilmişdi. Orda bəyəm statistik rəqəmlər vardı? Çox cüzi rəqəmlər səslənirdi, əsas qayəsi ölkənin tamamilə yenidən qurulması, aqrar ölkədən sənaye ölkəsinə çevrilməsi haqqında idi. 5 il sonra səmərəsi göründü. Yoxsa bizdə sovet «qosplan»ını xatırladır, yəni biz planı yerinə yetiririk».

N.Əliyev
N.Əliyev

Nemət Əliyev: «Yol xəritəsi»nin icrası ancaq rəsmi mətbuatdadır

AXCP təmsilçisi, iqtisadçı Nemət Əliyevin fikrincə, «Yol xəritəsi»nin icrasına ancaq rəsmi mətbuatda və televiziyada şahid olmaq mümkündür və bir də dövlət başçısının imzaladığı bir sıra fərmanlarda. Ancaq konkret ölkənin qeyri-neft sektorunun inkişafını xarakterizə edən göstəricilərdə «Yol xəritəsi»nin icrasını müşahidə etmədiyini deyir: «ÜDM istehsalında qeyri-neft sektorunun çəkisinə nəzər yetirsək, əvvəlki dövrlə müqayisədə dəyişiklik görə bilmərik. Və ya dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunda artıma rast gəlmirik. İxracatda da, ÜDM-də neft sektorunun payı yenə də yüksəkdir, ixracatda bu rəqəm 94-95 faizdir, büdcə gəlirlərində təxminən 70 faiz. Ölkədə böyük şəkər zavodu, avtomobil zavodu var. «Yol xəritəsi» istehsala stimul verə bildimi? İmişli Şəkər Zavodu istehsal gücünün 60-70 faizini itirib, avtomobil zavodu fəaliyyətini dayandırıb».

İqtisadçının iddiasına görə, korrupsiya, sahibkarların incidilməsi, qanunvericiliyə əməl olunmaması, investorlara mənfi münasibət davam edir. N.Əliyev qiymətli kağız bazarının, bank sektorunun böhrandan çıxarılmadığını da qeyd edir.

O hesab edir ki, hökumət «Yol xəritəsi»ndən çox danışsa da, ortada konkret nəticə, əməl yoxdur. Hərçənd, vergi sistemində dəyişikliklər cəhdinin göründüyünü, ancaq onun da nəticəsindən gələcəkdə danışmağın mümkün olacağını bildirir.

V.Əhmədov
V.Əhmədov

Deputat: Bəzi nazirliklər və komitələrin işində axsamalar var

Deputat Vahid Əhmədov iqtisadçıların yanaşması ilə razılaşmır. O, sənədin 11 istiqamət üzrə 2020, 2025 və nəhayət, 2050-ci ilə qədər iqtisadi inkişafı hədəflədiyini xatırladır. Əhmədov bəzi sahələrdə dəyişiklik olduğunu bildirir: «Məsələn, kənd təsərrüfatı sahəsində qarşıya qoyulan bəzi məsələlər, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar addımlar atılıb, parklar, sənaye məhəllələri, iri fermer təsərrüfatları yaradılıb, kənd təsərrüfat müəssisələrinin ixracı artıb və s. Kommunikasiya, informasiya texnologiyaları sahəsində irəliləyişlər var, bununla bağlı göstəricilər də var».

Hərçənd, deputat da bəzi sahələrdə irəliləyiş olmadığını qeyd edir. O, bazar iqtisadiyyatı üçün ən əhəmiyyətli məsələlərdən biri olan azad rəqabətin hələ də təmin edilmədiyini, Rəqabət Məcəlləsinin Milli Məclisdə qəbul olunmadığını vurğulayır: «Düzdür, sənəddə yazılır ki, 2018-2020-ci illərdə bu istiqamətdə addım atılacaq. Amma biz istərdik ki, heç olmasa, 2018-2019-cu illərdə sənəd qəbul edilsin. Və ya bank sisteminin sağlamlaşdırılması üzrə proseslər başa çatdırılmayıb. Bank sistemində problemlər qalmaqdadır, həm kredit faizləri, həm də vaxtı keçmiş kreditlərlə bağlı məsələlər, bankların kapitallaşması problemi həll edilməmiş qalır».

Deputat sənədin icrasına qiymət verməyin tez olduğunu, buna, heç olmasa, 4-5 il vaxt lazım olduğunu düşünür. Onun sözlərinə görə, bu məsələ həm bəzi nazirliklərin, həm də prezidentin köməkçisinin rəhbərliyi altında xüsusi təşkilatın nəzarətindədir: «Mütəmadi bunun hesabatı verilir, elə-belə məsələ deyil, axı».

Bununla belə, V.Əhmədov ümumən nəzərdə tutulan işlərin təxminən 50-60 faizinin yerinə yetirildiyini, bir sıra nazirlik və komitələrin işində axsama olduğunu da vurğulayır.

Sizcə, rayonlarda iş yaratmaq üçün hökumətin planları nə qədər uğurludur?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Xatırlatma

Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən, aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin etməlidir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndirilməli və o, yüksək gəlirli ölkələr qrupuna daxil olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG