Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

İşadamının ölümü ilə bağlı ehtimallar [video]


İlkin ehtimallara görə Rəşad Qafarova Praqada Argentinská 12 yaxınlığında hücum olub.. (Screenshot)

Praqada iyunun 29-da azərbaycanlı işadamı Rəşad Qafarovun ölümü ilə bağlı Çexiya polisi araşdırma aparır.

Cinayət işini araşdıran polis müstəntiqi deyib ki istintaq yeni başlayıb, hələ ki bu haqda hər hansı şərh vermək çox tezdir.

Buna da bax: Azərbaycanlı işadamı Praqada maşınında ölü tapılıb [yenilənir]

Çex mediasında yayılan ilkin ehtimallara görə Rəşad Qafarova – “Caspian Logistic Services” şirkətinin hüquqi ünvanı yerləşən Praqada Argentinská 12 yaxınlığında hücum olub. O yaralı vəziyyətdə maşınına geri qayıdıb, ərazidən uzaqlaşa bilib. Amma ofisindən maşınla 3 dəqiqə aralıdakı Jateční 33a ünvanının qarşısında yüngül qəza olub. Rəşad Qafarovun maşını əks istiqamətdə hərəkət edib, bu zaman qarşıdan gələn yük maşını ilə toqquşub.

Yerli medianın yazdığına görə o maşında tapılarkən, yaralı olub, dərhal xəstəxanaya aparılıb. Lakin Rəşad Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

"GİLAN HOLDİNG", "SOCAR" VƏ S.

Rəşad Qafarovun Çexiyada “Tern Transport & Trading CZ”, “Caspian Logistic Services”, "CLS-Cargo s.r.o", "Oriental Petroleum Ltd" şirkətləri olub.

Buna da bax:​ «Gilan Holding»ə bağlı şirkətlər çoxalır?

Bu şirkətlər özəlliklə, beynəlxalq yük daşımaları ilə məşğul olub. Şirkətlər hava, quru və dəniz yolları ilə yükdaşımalarını gerçəkləşdirib.

Onun tərəfdaşları arasında SOCAR, “Gilan Holding”, “Az Granata”, “Bos Shelf” və digər iri şirkətlər də var. http://terntransport.com/?page_id=705

ÇEXİYADAN ÖNCƏ...

Rəşad Qafarov Praqaya köçmədən öncə - 2002-ci ildən 2013-cü ilə qədər neft daşımaları ilə məşğul olan "Panalpina Central Asia EC"-nin Azərbaycan filialında Müştərilərə Xidmət meneceri işləyib. Azərbaycan mediasının yazdığına görə, Rəşad Qafarovla bu şirkət arasında mübahisə olub. Məsələn, o zaman ANS televiziyası xəbər verirdi ki, Rəşad Qafarov “Panalpina”nı fırıldaqçılıqda, çirkli pul yumaqda ittiham edib. Həmin vaxt BP-dən bildirmişdilər ki, bir neçə il öncə baş vermiş bu məsələdən xəbərdardırlar və elə həmin vaxt bu məsələ araşdırılıb və tədbirlər görülüb.

Buna da bax: Azərbaycan rəsmilərinə 1 milyon dollar rüşvət verilib?

“Panalpina” şirkətinin adı beynəlxalq mediada da hallanıb. “Bloomberg”, “The Wallstreet” və digər qəzetlər yazır ki, bu şirkət Azərbaycan və digər ölkələrdə məmurlara rüşvət verib. “Panalpina” gömrük prosedurlarını keçməmək üçün rüşvət verdiyini etiraf edib.

Bu iddialarla bağlı işə ABŞ məhkəməsi 2010-cu ildə baxıb. “Panalpina” Anqola, Azərbaycan, Brazilya, Qazaxıstan, Nigeria, Rusiya və Türkmənistan hökumətlərinə 49 milyon dollar ödədiyini etiraf edib. Bu vəsait 2002-2007-ci illərdə verilib. “Panalpina” və başqa 5 şirkət mübahisəni məhkəməyə qədər yoluna qoymaq üçün Amerikanın Ədliyyə nazirliyinə və Qiymətli Kağızlar və Birja Komissiyasına 236 milyon dollar ödəməyi razılaşıb.

Amma bütün bunlar Rəşad Qafarovun vaxtı ilə işlədiyi “Panalpina” ətrafında məhkəmə mübahisələrinə dair qısa tarixçəsidir.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

APA isə yazır ki, Qafarov və “Panalpina” hələ 2015-ci ildə razılığa gəliblər.

İndi çex polisi hələlik mərhum Rəşad Qafarovun hansı şəraitdə ölməsini – adi qəza, yoxsa bıçaq zərbələri ilə həyatını itirməsi, əgər o qətlə yetirilibsə, onun səbəblərini araşdırır. görünür, Rəşad Qafarovun ölümündə müəmmaları aydınlaşdırmaq üçün çex polisinin işi o qədər də asan olmayacaq.

Hazırda Azərbaycanın Çexiyadakı konsulluğunun yardımı ilə işadamının cənazəsinin Bakıya gətirilməsinə hazırlıq görülür.

Azərbaycanın Praqadakı səfirliyindən bildirirlər ki, onun cənazəsinin iyulun 12-də Bakıya yola salınması planlaşdırılır.

Azərbaycanlı işadamının Praqada müəmmalı ölümü
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG