Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:44

Azərbaycan rəsmilərinə 1 milyon dollar rüşvət verilib?


Isveçrənin neft və qazla məşğul olan Panalpina World Transport Holding şirkəti Azərbaycanın hökumət rəsmilərinə rüşvət verdiyini boynuna aldı.


PANALPİNA 27 MİLYON DOLLAR RÜŞVƏT VERİB

Amerikanın Ədliyyə Nazirliyinin məlumatına görə, 80 ölkədə bölməsi olan qlobal nəqliyyat şirkəti Panalpina etiraf edib ki, 2002-2007-ci illər arası Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, Anqola, Nigeriya, Braziliya rəsmilərinə üst-üstə 27 milyon dollar rüşvət verib.

AZƏRBAYCAN RƏSMİLƏRİ 1 MİYON DOLLARA YAXIN RÜŞVƏT ALIB?

Amerika müstəntiqlərinin apardığı istintaq materiallarında göstərilən və Panalpinanın etiraf etdiyi faktlar bunlardır:

2002-ci ildən 2007-ci ilə kimi Panalpinanın Azərbaycan bölməsi olan "Panalpina Azerbaijan" yerli rəsmilərə 900 min dollar rüşvət verib.

Bu rüşvət gömrüyə baxan hökumət rəsmilərinə verilib.

Həmin şəxslər Azərbaycana gətirilən malları qiymətləndirən, gömrük tarifləri qoyan və gömrük vergilərini, rüsumlarını yığan məsullar olub.

RÜŞVƏTİ NİYƏ VERİBLƏR?

Amerikanın Ədliyyə Nazirliyinin təqdim etdiyi istintaq sənədlərində deyilir ki, Azərbaycan rəsmilərinə rüşvət natamam və səliqəsiz sənədləşməyə göz yummağa görə verilirdi.
ABŞ Ədliyyə Nazirliyinin rəsmi sənədi

Bundan başqa, istintaq sənədlərinə görə, Panalpina Azərbaycanın vergi rəsmilərinə də rüşvət verib. Burda verilən rüşvətin məqsədi Panalpinaya güzəştli vergilər almaq olub.

TİDEWATER DƏ ...

Amerikanın Ədliyyə Nazirliyinin cəzalandırdığı 7 şirkətdən ikincisi - yükdaşıma şirkəti Tidewater də boynuna alıb ki, 2001-2005-ci illər arası Azərbaycanın vergi müfəttişlərinə rüşvət verib.

Amerika şirkəti Tidewaterin 5 ildə Azərbaycanın vergi müfəttişlərinə verdiyi rüşvətin miqdarı 160 min dollardır.

Bu rüşvəti verməkdə məqsəd vergi yoxlmalarından yaxşı çıxmaq idi.

Sənəddə deyilir ki, bu rüşvətin müqabilində Tidewater vergidən azı 820 min dollar qazanıb.

Sənəddə deyilənlərdən bir faktı misal çəkək.

2005-ci ildə Azərbaycanın vergi müfəttişi şirkətə deyib ki, azı 300 min dollar vergi ödənməlidir, ancaq 75 min dollar müqabilində problemi yoluna qoya bilər.

Tidewater 70 min dollar müfəttişə verib, 5 min dollar da Vergi Nazirliyinə köçürüb.


ŞİRKƏTLƏR CƏRİMƏLƏNƏCƏK

Amerikanın Ədliyyə nazirliyinin məlumatına görə, xarici dövlətin rəsmilərinə rüşvət verdiyinə görə, Panalpina şirkəti 81,9 milyon, Tidewater 15,6 milyon dollar məbləğində cərimə olunub.

Cərimənin çox da yüksək olmaması onunla izah olunur ki, bu şirkətlər istintaqla əməkdaşlıq ediblər və günahlarını boynuna alıblar.
Sənəddə deyilir ki, Panalpina razılığa gəlməsəydi, iş gedib, məhkəməyə çıxsaydı, Panalpinanı 144 milyon dollaracan cərimə gözləyirdi.

SHELL DƏ RÜŞVƏT VERƏNLƏR ARASINDADIR

Amerikanın Ədliyyə Nazirliyi və Qiymətli Kağızlar Komissiyasının apardığı araşdırma və istintaq nəticəsində Panalpina, Tidewaterdən başqa Royal Dutch Shell və digər 4 neft və qaz şirkəti cəzalanıb.

Xarici dövlət rəsmilərinə rüşvət verdiklərini boynuna alan bu şirkətlər ümumilikdə 236 milyon dollar məbləğində cərimə verəcəklər.

Hələlik Bakıdan bu iddialara rəsmi reaksiya yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG