Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:53

Qərb eksperti: ‘Ermənistan inqilabının’ taleyi Azərbaycanla münasibətlərə bağlıdır


Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistan baş naziri Nikol Pashinian (Foto arxivdəndir)
Azərbaycan prezidenti İlham Əliyev (solda) və Ermənistan baş naziri Nikol Pashinian (Foto arxivdəndir)

“Eskalasiyanın azaldılması tədbirləri və yeni simalar Ermənistan və Azərbaycan arasında ölgün sülh prosesini yenidən silkələməyə başlayıb. Lakin niyyətlərinin həyata keçməsi üçün, tərəflər siyasi strategiyalarına bir daha baxmalı olacaqlar”.

Bu sözləri Londondakı nüfuzlu Chatham House siyasi təhlil mərkəzi Rusiya və Avrasiya proqramının araşdırmaçısı, 2015-ci ildən nəşr olunan Caucasus Survey məcmuəsinin həmredaktoru Laurence Broers yazır.

Müəllif qeyd edir ki, Ermənistan-Azərbaycan sülh prosesində baş verən son hadisələr - iki ölkənin xarici işlər nazirlərinin son 9 ayda dörd dəfə görüşməsi, iki ölkənin silahlı qüvvələrinin arasında kommunikasiya üçün “əməliyyat kanalının” açılması, təmas xətti boyunca gərginliyin azalması və nəhayət hər iki tərəfin əhalilərin sülhə hazırlanmasının zəruri olduğunu qəbul etməsi ciddi irəliləyişdən xəbər verə bilər.

Lakin Broers-in fikrincə, burada skeptisizm üçün də xeyli zəmin var. O xatırladır ki, son on ildə prezidentlər Serj Sarkisian və İlham Əliyev Rusiyanın vasitəçiliyi ilə iki dəfə görüşüblər. 2008-ci ilin noyabrında etimadyaratma tədbirləri barədə Moskva Bəyannaməsi imzalanıb. 2016-cı ilin mayında Əliyev və Sarkisian bir daha görüşərək atəşkəsin bərqərar edilməsinə dair razılığa gəliblər. Lakin bu öhdəliklərdən heç biri yerinə yetirilməyib.

Məqalədə deyilir ki, bundan əlavə, tərəflər arasındakı fundamental struktur və millətçi uyğunsuzluqlar aradan qaldırılmayıb.

Dördgünlük müharibənin dəsrləri

Broers yazır ki, 2016-cı ilin aprelində baş vermiş “dördgünlük müharibə” Azərbaycanın yeni hərbi qüdrətinin artmasını və 2007-ci ildən bəri müdafiəyə böyük pullar xərcləməsinin hədər getmədiyini sübut edib. Lakin tərəflərin hər ikisi bundan artığını istəmədiklərini nümayiş etdiriblər. Erməni qüvvələri uzunmüddətli arxayınşılıqdan diksinərək ayılıb, Azərbaycan isə aprelin 2-də ələ keçirdiyi mövqelərin çoxunu itirib.

Müəllifin fikrincə bunun ardınca 2017-ci ildə baş verən toqquşmalar artıq strateji gözlənilməzlik elementinin buxarlanıb itdiyini nümayiş etdirirdi: Azərbaycan əsgərləri hələ erməni mövqelərinə yaxınlaşmadan öldürülürdülər.

Broers yazır ki, 2017-ci ilin mayında Azərbaycanda baş vermiş “casus qalmaqalı” isə Azərbaycan ordusunda təsisat islahatlarının məhdudluğunu və müharibəyə hazırlığın dərəcəsini nümayiş etdirib.

Aprel müharibəsində Azərbaycanın ələ keçirdiyi Lələ təpə
Aprel müharibəsində Azərbaycanın ələ keçirdiyi Lələ təpə

Təhlilçinin fikrincə “dördgünlük müharibə” daha çox, diqqəti neftin ucuzlaşması ilə bağlı Azərbaycanın düşdüyü iqtisadi çətinliklərdən yayındırmaq məqsədi güdürdü.

Ermənistanda isə 2018-ci ilin “Məxməri inqilabı” qalib gəlib, təhlükəsizlik və demokratiya barədə düşüncələrdə dəyişiklilər yaranmağa başlayıb. Dekabr seçkilərində tam legitimlik qazanmış yeni rəhbərlik ambisiyalı islahatlara başladığını elan edib. Broers sual edir: Lakin Azərbaycanla uzun sürən assimmetrik düşmənçilik şəraitində bu islahatları həyata keçirmək mümkün olacaqmı?

Broers yazır ki, xüsusilə də indi Azərbaycanla gərginliyin artırılması ilk növbədə Pashinian-ın gündəliyi üçün təhlükə, onun opponentləri üçünsə fürsət yarada bilər.

"Düşmənçiliyin dərəcəsinə" bir də baxmaq imkanı

Məqalədə deyilir ki, Azərbaycanın özündə, xüsusilə də Qarabağ müharibəsi ilə bağlı fiqurlar sahəsində də dəyişikliklər yaşanmağa başlayıb.

Xarici İşlər Nazirliyində Ermənistanın qatı tənqidçisi kimi tanınan Hikmət Hacıyev prezident administrasiyasına keçirilib. Tənzimləmə prosesində ən az səsi eşidilən Qarabağın Azərbaycan icmasına yeni lider - Tural Gəncəliyev gətirilib.

Bakıda Xocalıya həsr edilmiş yadetmə mərasimi
Bakıda Xocalıya həsr edilmiş yadetmə mərasimi

Broers-in fikrincə hazırkı situasiyada münaqişənin həllinə doğru nəinki həlledici, o ki qalmışdı “sıçrayışlı” hərəkətlərin ola biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Bunun əvəzində, Ermənistan və Azərbaycanın, strateji rəqabət ekspertlərinin təbirincə deyilərsə, “təməl düşmənçiliksəviyyəsinə” yenidən baxmaq imkanı var.Bu isə, atəşkəs pozulmalarının və təmas xətti boyunca gərginliyin dayanıqlı azaldılması və qeyri-təhlükəsizliyə aid məsələlərdə siyasi debatlar üçün daha geniş meydan açılması ilə nəticələnə bilər.

Buna görə də ATƏT-in 16 yanvarda mətbuat üçün verilmiş açıqlamasında “regionun iqtisadi potensialından istifadə üçün” qarşılıqlı faydalı təşəbbüslərin zəruriliyindən söz açılır. Söhbət ilk növbədə Bakı-Tbilisi-Qars dəmir yolu kimi infrastruktur layihələri vasitəsilə etimad yaratmaqdan gedir.

Məqalədə deyilir ki, indi Ermənistanla Azərbaycan arasında daha çox üz-üzə təmaslara kəskin ehtiyac var. Son illərdə məhz bu, olmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG