Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra İranda azı 21 nəfər edam edilib, 4 mindən çox şəxs saxlanılıb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Bildirilib ki, edam edilənlərdən azı doqquz nəfər 2026-cı ilin yanvar etirazları ilə bağlı, 10 nəfər müxalif qruplara üzvlük ittihamı ilə, iki nəfər isə casusluqda təqsirləndirilərək cəzalandırılıb.
"Bu hüquqlar tam təmin olunmalıdır"
BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk bəyanatında bildirib: "Münaqişənin ağır nəticələrindən əlavə, hakimiyyətin İran xalqını hüquqlarından sərt və qəddarlıqla məhrum etməsi məni dəhşətə gətirir. Müharibə dövründə insan hüquqlarına təhdidlər dəfələrlə artır. Ancaq hətta milli təhlükəsizlik səbəbi ilə belə, insan hüquqları yalnız zəruri, proporsional və legitim məqsədlər üçün məhdudlaşdırıla bilər. Ən əsası, məhdudlaşdırılması mümkün olmayan hüquqlar – məsələn, əsassız həbsdən qorunma və ədalətli məhkəmə hüququ – hər zaman və tam şəkildə təmin olunmalıdır".
"Amnesty International" insan haqları təşkilatı bundan əvvəl xəbərdarlıq etmişdi ki, Yaxın Şərqdə atəşkəslər humanitar böhranın dərinləşməsinin qarşısını ala bilməz, İranda mülki əhali müharibə və repressiya şəklində "ikiqat təhlükə" ilə üzləşib.
Qurum bildirir ki, İran adambaşına düşən edam sayına görə dünyada ən yüksək göstəricilərdən birinə malikdir, ümumi edam sayına görə isə Çindən sonra ilk yerlərdən birini tutur.
Norveçdə yerləşən "İran İnsan Hüquqları" və Parisdə fəaliyyət göstərən "Ölüm Cəzasına qarşı Birlikdə" təşkilatlarının məlumatına görə, İran 2025-ci ildə azı 1639 nəfəri edam edib. İnsan haqları qrupları bunu 1989-cu ildən bəri İranda qeydə alınan ən yüksək illik edam göstəricisi hesab edirlər.