Keçid linkləri

2026, 27 Aprel, bazar ertəsi, Bakı vaxtı 16:24

İranda siyasi məhbus edam edilib

Amir Rameş
Amir Rameş

İranda silahlı qrupa üzv olmaqda ittiham olunan siyasi məhbus Amir Rameş cənub-şərqi Zahidan şəhərində edam edilib. Xəbəri "Mizan" agentliyi yayıb.

Məhkəmə sisteminə bağlı olan "Mizan" bildirir ki, edam aprelin 26-da həyata keçirilib. Rameşə qarşı "Ceyş əl-Ədl" və Əbdül Qaffar Nəqşbəndi ilə əlaqəli "Bəluc Ədalət Hərəkatı" adlı silahlı qruplaşmalara üzvlük ittihamı irəli sürülüb. O, həmçinin partlayışlar törətməkdə, hərbi qüvvələrə pusqu qurmaqda və silahlı üsyanda günahlandırılır.

Rameşin 2024-cü ilin oktyabrında saxlanıldığı bildirilir.

"Ceyş əl-Ədl" ötən ilin dekabrında koalisiya yaradıb

Ərəbcə mənası "Ədalət Ordusu" olan "Ceyş əl-Ədl" bəluc separatçı silahlı qruplaşmadır. Üzvlərinin əksəriyyəti İranın etnik bəluc azlığındandır. Bəlucların hüquqlarını müdafiə etdiyini bildirən qruplaşma İrandan ayrılmağı əsas hədəfi kimi göstərir.

Şiə ölkəsi olan İranda sünni bəluc müsəlman azlığının üzvləri uzun illərdir hakimiyyət orqanlarının ayrı-seçkiliyinə və zorakılığına məruz qalır. Onlar, əsasən, İranın ən yoxsul vilayətlərindən biri olan Sistan və Bəlucistanda yaşayır.

2025-ci ilin dekabrında "Ceyş əl-Ədl" bir neçə kiçik bəluc yarımhərbi qruplaşmalarla birləşərək İranın dini rəhbərliyinə qarşı yeni koalisiya yaratdığını açıqlayıb.

"Məcburi etiraflar"

Agentlik Rameşin dindirmə və məhkəmə prosesində "açıq etiraflar" verdiyini iddia edib. İnsan haqları qurumları isə dövlət mediasında yayımlanan bu görüntülərin təzyiq və işgəncə altında alınmış məcburi etiraflar olduğunu bildirir.

Yanvarda ümummilli etirazlardan sonra İran iğtişaşlarla əlaqədar saxlanılan şəxslərin bir neçəsini edam edib. Son həftələrdə edamlar artıb.

Hüquq müdafiəçiləri edamların kəskin artması ilə bağlı xəbərdarlıq edirlər. Onlar hakimiyyətin etirazlardan sonra qorxu yaratmaq və narazıları susdurmaq üçün ölüm hökmündən yararlandığını deyirlər. İran dünyada ən yüksək edam göstəricilərindən birinə malikdir.

XS
SM
MD
LG