Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İlin sonunadək bitkoyn 60 min dollara çata bilər


Bitkoyn
Bitkoyn

2017-ci il bitkoyn üçün qiymət sıçramaları baxımından uğurlu olub. Bəs bu kriptovalyuta hara qədər bahalaşa bilər? Bu bahalaşma sabun köpüyüdür, yoxsa dayanıqlı tendensiya?

Futurism.com yazır ki, bitkoynun ən möhkəm kriptovalyuta olmasına heç bir şübhə yoxdur. 2017-ci ildə o, sərt tənqidlər də daxil olmaqla, çoxsaylı maneələri aşa bilib. Dekabrın 17-də valyutanın dəyəri rekord 19 min 796 dollara çatsa da, sonradan hazırkı 13 min 164 dollar həddinə enib. Təbii ki, il ərzində belə sıçrayışların olması bitkoynun gələcəyinə dair spekulyasiyalara yol açıb.

5 ilə 250 min dollar

Ekspertlərin proqnozlarına görə, 2018-ci ildə bitkoynun qiyməti sonuncu rekord həddindən 3 dəfə arta bilər. «2018-ci ilin dekabrınadək bitkoyn 60 min dollara çata bilər», - bitcoin.com saytının redaktorlarından biri Marvin Dumont «Futurism» saytına deyib.

***Buna da bax-'Morgan Stanley': Bitkoynun real dəyəri sıfırdır

«Medicalchain» saytından Mohammed Tayeb də buna bənzər proqnoz irəli sürüb. «Gələn ilin bu vaxtınadək bitkoynun dəyəri 50 min dollara çata bilər. Məncə, artıq bitkoynun yeni sıçrayışları haqda, az qala, hər ay çıxan xəbər başlıqları bizi... get-gedə daha az təəccübləndirir. Onun 50 min dollara çatması da sürpriz olmamalıdır», - o deyib.

Bitkoynun astronomik sıçrayışı artıq bəzi ekspertlərin proqnozlarını ötüb keçib. Cəmi bir neçə ay öncə ekspertlərdən biri 2017-ci ilin sonunadək onun dəyərinin 6 min dollara çata biləcəyini demişdi. Başqa bir ekspertsə 2018-ci ilin aprelinədək bu rəqəmin 10 min dollara çatacağı proqnozunu vermişdi.

Blokçeyn startapları üzrə ixtisaslaşan «Never Stop Marketing» adlı marketinq şirkətinin baş icraçı direktoru Jeremy Epstein-sə yaxın 5 ildə bitkoynun qiyməti 250 min dollara çatsa belə, təəccüblənməyəcəyini deyir. Ancaq o, həm də xəbərdar edir ki, bitkoyn hələ də nəhəng uğurla tam iflas arasında püşk oyunudur.

***Buna da bax-Bitkoynun ili 'bəd gəldi'

Sabun köpüyü?

Bitkoynun yüksəlişi danılmaz olsa da, bəzi tənqidçilər onu «sabun köpüyü» adlandırır və onun partlayışının dəhşətli nəticələr verə biləcəyini deyirlər.

Fransanın NATIXIS investisiya bankının maliyyə, planlaşdırma və nəzarət şöbəsinin rəhbəri Armindo Araújo hesab edir ki, bu bir ildə bitkoynun mövqeyi bir tərəfdən onun tənzimlənməsi və dünya bazarı tərəfindən qəbul edilməsindən, digər tərəfdənsə bazarda ona tələbatın artmasından asılı olacaq.

Ancaq M.Dumont üç səbəbə görə bitkoynu sabun köpüyü hesab etmir: «Bitkoynun maksimal təklif limiti 21 milyon dollardır. Əksər fudisiar (etibara əsaslanan) valyutalar inflyasiyaya məruz qalır. Millenium nəsli (1980-2000-ci illər arasında doğulan insanlar nəzərdə tutulur) artıq banklara və hökumətlərə etibarlarını itiriblər. Media fırıldaqları və investor marağı insanları bitkoynu almağa məcbur edir. Əgər inflyasiyanın 650% olduğu Venesuelada və ya Zimbabvedə yaşayırsınızsa, əmanətlərinizi son dərəcə yüksək inflyasiyadan qorumaqdan başqa çıxış yolunuz yoxdur. Kriptovalyutalarsa bunu etməyin rahat yoludur».

«Kriptovalyutalar qalacaq»

İnstitusional investorlar bitkoyna nəhəng həcmdə kapital qoyurlar. Bütün dünyada səhmlərə, bondlara, daşınmaz əmlak və başqa aktivlərə yatırılan 200 trilyon dollarla müqayisədə bitkoynun ümumi bazar dəyəri çox kiçikdir.

***Buna da bax-Rusiya Mərkəzi Bankı kriptovalyuta barədə düşünür

J.Epstein də bu fikirlə razıdır. «Bəzilərinin anlamadıqları şeyi izah etməsi üçün «sabun köpüyü» rahat, mənfi ifadədir. Bunun sabun köpüyü olduğunu düşünmürəm, çünki bitkoynu unikal edən – onun deflyasion olması (deflyasiya inflyasiyanın əksi, yəni pulun dəyərinin artmasına deyilir - tərc.), təklifin sabitliyidir», – o deyir. Ancaq o, həm də digər kriptovalyutaların sabun köpüyü olduğunu vurğulayır.

Görünür, bu ekspertlərin hər biri 2018-ci il ərzində bitkoynun qiymətinin yüksəlməkdə davam edəcəyi qənaətindədir. Eyni zamanda, kriptovalyutaların gələcəyini etibarlı sayanlar var.

«Kriptovalyutalar qalacaq, çünki rəqəmsal dünyamızda pul yalnız rəqəmsal ola bilər. İnsanlar müəyyən məqamda balıqqulağından və ekzotik sümüklərdən pul kimi istifadə etməyə son qoyublar. Rəqəmsal pul da kağız puldan sonrakı mərhələdir. Siz 1 milyard dolları nağd kağız pul şəklində götürüb kosmik gəmi ilə Aydakı, yaxud Marsdakı bazaya göndərə bilməzsiniz», – M.Dumont deyir.

XS
SM
MD
LG