Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 09:31

'Morgan Stanley': Bitkoynun real dəyəri sıfırdır


Bitkoyn

«Morgan Stanley» beynəlxalq maliyyə şirkətinin təhlilçisi deyir ki, bitkoynun real dəyəri sıfır dollara bərabər ola bilər. O, öz fikrini onlayn satıcıların çox az hissəsinin bitkoynu qəbul etməsiylə izah edir. Təhlilçi hesab edir ki, bitkoynun məzənnə dərəcəsi olmadığından, o, əsl valyuta hesab edilə bilməz.

Bitkoynun əsl qiyməti

2017-ci il dekabrın 27-si səhəri bitkoynun dəyəri 15 min 400 dollardan bir qədər artıq idi. Buna baxmayaraq, «Morgan Stanley» beynəlxalq maliyyə şirkətinin təhlilçisi James Faucette bitkoynun real qiymətinin sıfır dollara bərabər ola biləcəyi ehtimalını irəli sürüb.

***Buna da bax-Bitkoynun ili 'bəd gəldi'

«Business Insider» nəşrinin yazdığına görə, J.Faucette Milad bayramından öncə «Morgan Stanley»nin müştərilərinə məktub göndərərək, kriptovalyutanın real dəyərinin sıfıra düşəcəyini iddia edib. O, çox az sayda onlayn bitkoyn satıcısının bu valyuta növünü qəbul etdiyini nəzərə alaraq bu qənaətə gəlib. Üstəlik, onu qəbul etməyə hazır satıcıların sayı get-gedə daha da azalmaqdadır. «Heç kəs bu texnologiyanı ödəniş kimi qəbul etmirsə, onun dəyəri 0 olur», – deyə Faucette öz təhlilində yazıb.

Bitkoyn 2017-ci il ərzində kəskin yüksəliş yaşayıb. Onun dəyəri cəmi bir il ərzində 2 min faizədək artıb. Kriptovalyutanın dəyərini izləyən «Coindesk» saytı bildirir ki, hələ 2017-ci il yanvarın 1-də 1 bitkoyn 1000 dollardan da aşağı qiymətə idisə, 12 aydan da az vaxt keçmiş, dekabrın 16-da artıq 19 min 300 dollara sıçramışdı.

Bitkoyn
Bitkoyn

Ancaq Faucette həm belə nəticəyə gəlib ki, bitkoyn ABŞ dolları, yaxud da avro kimi əsl valyuta hesab edilə bilməz. Belə ki, kriptovalyutanın uyğun məzənnə dərəcəsi yoxdur. O qeyd edib ki, bitkoynun qızılla bəzi oxşarlıqları var. Ancaq qiymətli metaldan qiymətli zərgərlik məmulatları düzəltmək mümkün olduğu halda, bitkoyndan dəyərli bir şey düzəltmək mümkün deyil.

Qeyri-rasional bolluq

Bitkoynun populyarlığına baxmayaraq, çoxları son nəticədə bitkoyn köpüyünün partlayacağını, onun yüksək qiymətlərinin kəskin azalacağını bilirlər. 2017-ci ilin sentyabrında «JP Morgan» şirkətinin baş icraçı direktoru James Dimon bitkoynu «fırıldaq» adlandırmış, bitkoyn alqı-satqısı ilə məşğul olduğu üzə çıxan hər hansı treyderi işdən qovacağını bəyan etmişdi.

***Buna da bax-Rusiya Mərkəzi Bankı kriptovalyuta barədə düşünür

Artıq 2017-ci il dekabrın əvvəlində bitkoynun həmtəsisçilərindən biri öz bitkoynlarını satıb.

Böyük Britaniyanın Sauthempton Biznes Məktəbinin maliyyə professoru Jeremy Eng-Tuck Cheah «Futurism» nəşrinə müsahibəsində belə deyib: «Hal-hazırda bitkoyn bazarı ilə bağlı şəxsi dəyərləndirməmə görə, bu bazar, əsasən, qeyri-rasional sərvətin üzərində dayanır. Bitkoyn bu yaxınlarda Çikaqo Opsion Birjasında (CBOE) mübadilə edilməyə başlayıb. Bunun nəticəsində adi halda kriptovalyutaya sərmayə qoymaqda maraqlı olmayan bir çox investorun bu sahəyə marağı pik həddə çatıb».

***Buna da bax-Bitkoyn niyə populyarlaşır

Cheah Faucette-in bitkoynun əsl dəyəri ilə bağlı dedikləri ilə razıdır. «Mən hələ də bitkoynun kriptovalyuta kimi hər hansı fundamental dəyərə malik olduğunu inanmıram... Onun qiymətini, əsasən, rəqəmsal valyutaya tələb və təklif idarə edir», – o deyir.

«Bitkoynun qiyməti hər hansı fundamental və ya baza əsaslarına malik olmadığı üçün biz demək olar, əminik ki, hazırda bitkoyn bazarında tələb və təklif münasibətlərini investorların hissləri dəstəkləyir», – deyə Cheah əlavə edib.

«Futurism» saytı yazır ki, Faucette-in gəldiyi nəticə bir qədər pessimist olsa da, yadda saxlamalıyıq ki, bitkoyn hələ də əksər əsas valyutalara dəyişdirilə bilir. Bu mənada onun hələ də dəyəri var.

XS
SM
MD
LG