Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:05

Bakının Bişkekdən inciməyə haqqı yoxdur - Qırğızıstandan şərhlər


Pakistan. ECO-nun (İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)) 13-cü sammiti. İslamabad, 1 mart, 2017.
Pakistan. ECO-nun (İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)) 13-cü sammiti. İslamabad, 1 mart, 2017.

Qırğızıstanın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad sammitinin yekun bəyanatının siyasi bəndlərinə qoşulmaqdan imtinası Azərbaycanın narazılığına səbəb olub. Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayaraq narazılığını ifadə edib.

“KİMİN DƏYİRMANINA SU TÖKÜR?”

Yekun sənəddə İƏT məkanında həll olunmamış münaqişələrin mövcudluğundan narahatlıq bildirilir. Qeyd edilir ki, belə münaqişələr, özəlliklə də Ermənistan-Azərbaycan münaqişəsi, regionun iqtisadi inkişafına və potensialının tam reallaşdırılmasına, daha geniş formatda regional əlaqələrə və əməkdaşlığa mane olur.

Buna da bax:​ Bişkek Bakının qınağına təəssüflənir

İƏT-in İslamabad toplantısında regionda iqtisadi inkişafı əngəlləyən əsas amillər sadalanmışdı. Yekun bəyanatda üzv dövlətlər açıq bildiriblər ki, təşkilat məkanındakı münaqişələrin regional əməkdaşlığı ləngidir. Üzv dövlətlər həmçinin Ermənistan-Azərbaycan münaqişəsindən narahatlıq bildiriblər. Ancaq Qırğızıstan bu siyasi bəndlərə qoşulmayıb.

Azərbaycanın XİN isə qeyd edib ki, "Beynəlxalq ictimaiyyətin mövqeyi iqtisadi inkişaf və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvi bağlılığına əsaslanır. Bu, BMT-nin dayanıqlı inkişaf konsepsiyasının əsasını təşkil edən ümumi prinsipdir. Buna görə də, bu məsələdə Qırğızıstanın mövqeyi tam aydın deyil. Qırğızıstanın bu mövqeyi onun kimin dəyirmanına su tökməsinə dair ciddi sual doğurur".

Buna da bax: Qırğızıstanda etirazçılar Bişkek-Oş yolunu bağlamağa cəhd göstərir

“TƏŞKİLAT İQTİSADİDİR”

Rəsmi Bişkeksə buna cavab olaraq bildirib ki, sözügedən regional qurum ilk növbədə iqtisadi xarakterli məsələlərin həlli ilə məşğul olur. Bu səbəbdən əksər nümayəndə heyətləri təşkilatın özünü və İslamabad bəyannaməsini siyasiləşdirməməyə çağırdılar. Bununla yanaşı, Bişkek bəyannamənin qəbuluna mane olmayıb, sadəcə, onun siyasi bəndlərinin təsdiqinə bitərəf qalıb.

Qırğızıstan parlamentinin beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Kanybek Imanaliev qeyd edib ki, Bakı Qırğızıstanın mövqeyini tam anlamayıb:

"Bu siyasi məsələnin gündəliyə salınması Qırğızıstan üçün gözlənilməz oldu. Ancaq Bişkek Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əvvəlki mövqeyindən geri çəkilmir. Qırğızıstan problemin beynəlxalq hüquq, o cümlədən hər bir dövlətin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində diplomatik həllini dəstəkləyir. Bu halda mövqe düzgün anlaşılmayıb. Əslində, İƏT-də belə məsələlərə baxılmamalıdır. Təşkilat iqtisadidir. Bu məsələ gündəliyə Qırğızıstanla razılaşdırılmadan salınıb. Ancaq Qırğızıstan bəyannamənin qəbuluna qarşı çıxmayıb. Ölkə, sadəcə, səs verməyib. Bu, "əleyhinə" səs vermək demək deyil".

Buna da bax:​ Bişkeki biznesmenlər və deputatların qohumları idarə edəcək ?

“ONLARIN ARASINDA OLA BİLMƏRİK”

İƏT-ə üzv dövlətlərin yekun bəyanatında deyilir ki, regionda inkişaf, sülh və təhlükəsizlik birbaşa dayanıqlı inkişaf və sabitliklə bağlıdır. Sənəddə həmçinin üzv dövlətlərin öz öhdəliklərinə və BMT Nizamnaməsində təsbit olunmuş, ölkələrin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi kimi prinsiplərə sadiqliyi əks olunub.

İƏT-in İslamabadda keçirilən XIII sammitində Qırğızıstanı ölkənin baş naziri Sooronbay Zheenbekov təmsil edib. Sammitə qatılan digər türkdilli ölkələr – Qazaxıstan və Özbəkistan Azərbaycanın maraqlarına dair siyasi bəndləri dəstəkləyiblər.

Qırğızıstan parlamentinin deputatı Anvar Artykov ümumilikdə məsələnin mürəkkəb olduğunu deyir:

"Biz Ermənistanla birlikdə Avrasiya İqtisadi İttifaqının tərkibindəyik. Ancaq bizim Azərbaycanla da yaxşı münasibətlərimiz var. Biz onların arasında ola bilmərik. Bizim mövqeyimiz bir tərəfi dəstəkləyib digərini qınamaq olmamalıdır. Tərəflər siyasi həlli danışıqlar yolu ilə tapmalıdırlar", – o deyib.

Buna da bax:​ Qırğızıstan Azərbaycanın bütövlüyünü tanımır?

İNCİMƏYƏ ƏSAS YOXDUR

Parlamentin bir sıra deputatları hesab edirlər ki, Bakının İslamabad sammitinin yekun bəyannaməsinə görə Bişkekdən inciməsinə heç bir əsas yoxdur. Azərbaycan bu məsələylə bağlı mövqeyini türkdilli dövlətlərin parlament assambleyasında müzakirə etməyib. Deputatlar Qarabağ münaqişəsində Qırğızıstanın neytral mövqe tutmasını vacib sayırlar.

Qırğızıstanın parlamentinin "Respublika - Ata Jurrt" fraksiyasından olan deputatı Maksat Sabirov hesab edir ki, nə Ermənistanın, nə də Azərbaycanın Qırğızıstandan inciməyə hər hansı bir əsası var.

İqtisadi Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinin 1985-ci ildə yaratdıqları regional iqtisadi təşkilatdır. Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan 1992-ci ildən qurumun üzvləridir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG