Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:55

‘Məni şallaqlayan qadın pıçıldadı ki, daha yavaş vuracaq...’


İranlı dizayner Tala Raassi
İranlı dizayner Tala Raassi

İranlı Tala Raassi vətənində geyiminə görə 40 şallaq cəzasına məhkum olunub.

İndi o, ABŞ-da yaşayan bikini dizayneridir. Bu yaxınlarda kitabı çıxıb. Kitab Talanın İranı tərk edərək öz həyatını dəyişməsi barədədir. Talanın hekayəsi və onun yaratdığı geyimlər dünya mətbuatının diqqətini cəlb edib.

Buna da bax:​ Burqa inteqrasiyayla bir araya sığırmı?

1998-ci ildə Tala hələ ABŞ-da yox, valideynləri ilə birlikdə Tehranda yaşayırdı. O zaman 16 yaşı var idi. Bir gün o, rəfiqəsigildə keçirilən "qarışıq" (yəni qızlarla oğlanların birlikdə əyləndiyi) məclisə gəlir. Yeniyetmələr "Ace Of Base" və Mariah Carey kimi ifaçılara qulaq asır, "Beverly Hills, 90210" serialına baxırdılar. Bəsic (İnqilab keşikçiləri, könüllü polis) bu məclisdən xəbər tutur. Onlar yeniyetmələrin üstündə nə narkotik, nə də spirtli içki tapırlar. Ancaq Tala da daxil, bəzi qızların mini ətək geydiyini və dekorativ kosmetikadan istifadə etdiyini görürlər. Bu və gənclərin "yad" musiqi dinləməsi onların qorxunc ad çıxarmış "Vozara" təcridxanasına aparılmasına yetir.

“BELİMİN DAHA ÇOX YANDIĞINI HİSS EDİRDİM”

Valideynlərin bütün yalvarışlarına baxmayaraq, "ədəbsiz" geyinmiş qızlara hökm oxunur: hərəsinə 40 şallaq. Gənc oğlanlarınsa hərəsinə 50 şallaq.

“Bizimlə dövlət çevrilişi planlaşdıran terrorçular kimi davranırdılar”, deyə Raassi özünün "Moda azadlıqdır" adlı kitabında yazır. Təcridxanada keçirilmiş gecələr iranlı qızı ölkəsindəki dini quruluş barədə mənfi düşünməyə vadar edir. Hökmün icrasından ötrü onu təcridxananın içində xüsusi bir otağa gətirib çarpayıya uzadıblar. Raassi kitabında aldığı cəzanı detallı təsvir edir:

«Suda isladılmış dəri şallağın belimə toxunuşunu hiss etdim. Bu elə ağrılı idi ki, nitqim qurudu. Havada şallağın vıyıltısını eşidir və belimin get-gedə daha çox yandığını hiss edirdim. Mənə elə gəlirdi ki, indi huşumu itirəcəyəm. Məni şallaqlayan qadın pıçıldadı ki, daha yavaş vuracaq, ancaq gərək mən elə qışqıraydım ki, sanki məni çox incidir. Ancaq yalandan qışqırmağın mənası yox idi, bu, onsuz da işgəncə idi. Şallaq dəridə yara açanda ağladım».

Buna da bax:​ Nitsada da burkini qadağan olundu

QƏRB GEYİM TƏRZİNİ BƏYƏNİB

Cəzadan sonra Raassi yeddi həftə rahat hərəkət edə və otura bilmir. Onun valideynləri isə qərar verirlər ki, vətənlə vidalaşmaq vaxtıdır. Ailə Birləşmiş Ştatları seçir.

Vaşinqton şəhərinə gələn Tala mədəni şok yaşayır. O, ingilis dilini bilmirdi və burada dost-tanışı yox idi. Üstəlik, onu öyrəşdiyi mühitdən çıxardıqlarına görə valideynlərini qınayırdı.

Raassi dil kurslarına gedir. Tədricən anlayır ki, Amerikada onun qarşısında çoxlu yeni imkanlar açılıb. Ən çox da qərb geyim tərzini çox bəyənirdi.

«İranda qadınlar küçədə bürünüb gəzirdilər. Dünya brendlərinin butikləri yox idi. Ancaq hüquqşünas, həkim, yaxud alim ola bilərdin. Heç bilmirdim ki, moda dizaynı sahəsində işləmək mümkündür», deyə Tala yazır.

Buna da bax:​ Orta Asiya ölkələrində geyim dərdi

QADINLARI İLHAMLANDIRAN İŞ

Raassi əvvəlcə hüquq sahəsində təhsil almaq istəyib. «Ancaq anladım ki, qadınları ilhamlandıran işlə məşğul olmaq istəyirəm. Elə bir şey olsun ki, onlar öz gözəlliklərini hiss etsinlər, görkəmlərinə görə mənfi fikir və cəzalardan qorxmasınlar», deyə o, kitabında nəql edir.

Beləliklə, Tala özünün "Dar Be Dar" adlı çimərlik geyimləri markasını yaradır. Yaratdığı bikinilər artıq neçə ildir ki, alıcılar arasında populyardır.

2010-cu ildə "Miss Kainat" gözəllik müsabiqəsinin iştirakçıları jürinin qarşısına Raassi-nin yaratdığı çimərlik geyimlərində çıxdılar.

İndi Tala Raassi-nin 35 yaşı var. Onun lüks sinfindən olan çimərlik geyimləri bütün Amerikada satılır. Bütün dünyaya çatdırılma mümkündür.

Buna da bax:​ İslam modası bir neçə on ildən sonra...

“NECƏ CƏSARƏT EDİRSƏN”

Ancaq Talanı tənqid edənlər də var: «Müsəlman ola-ola çimərlik geyimləri yaratdığıma görə mənfi fikirlər eşidirəm. Onlar deyirlər: “sən necə cəsarət edirsən!” Ancaq bikiniləri doğrudan sevirəm. Ona görə bu qədər geyimin içində məhz onları seçdim», Raassi deyir. Onun sözlərinə görə, azadlıq bikini, yaxud hicab geyməklə ölçülmür. Azadlıq seçim imkanının olmasındadır.

«Əgər bir qadın çimərliyə bikinidə, digəri isə burkinidə getmək istəyirsə, ikiəlli razıyam», dizayner deyir.

Raassi hesab edir ki, İrandakı hazırkı siyasi durumda o, vətəndə arzuolunan qonaq deyil. Ancaq ümid edir ki, nə vaxtsa hər şey dəyişəcək və o, vətəninə qayıda biləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG