Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Bu sualla Karneqi Fondundan Judy Dempsey bir neçə ekspertə müraciət edib.

«Fərdi insan haqlarına sayqı inteqrasiyaya uyğundur. Başqalarına nə geyinməyi diktə etmək isə uyğun deyil. Bir neçə fransız kişinin burkiniylə bağlı yaratdığı qızğın mübahisə isterik cəfəngiyatdan başqa bir şey deyil. Vaxtilə Avropa kişiləri də çimərliyə oxşar geyimlərdə getmirdilərmi? İndi niyə müsəlman qadınları ayırırıq? Rahibələrə nə deyək? Ya yəhudilərə, şeyxlərə?». Bunu yazarlar Rosa Balfrour və Corinna Horst deyir. Hər iki qadın ABŞ-da mənzillənən Alman Marşal Fondunun Avropa bölümlərində çalışır. Onların fikrincə, müsəlman qadınların geyimiylə bağlı bu müzakirələr inteqrasiya, mədəni müxtəliflilik məsələlərinə zərbə vurur. Qadını təpədən dırnağa örtən burqayla bağlı tələblər təhlükəsizlik baxımından legitim görünə bilər.

«Amma Avropa şəxsi azadlıqlara söykənən qarşılıqlı inteqrasiya və anlaşma uğrunda çalışmalıdır. Qadınların gücünə inanan, onların zülm altında qalmasıyla mübarizə aparanlar digər qadınların geyim içində gizlənməsini qəbul etməyə bilər. Amma post-bikini qadınları burkinili qadınlara rəhbərlik edə bilməz; sonuncular öz inqilablarını özləri tapmalıdırlar».

GÖZ TƏMASI YOXSA...

Con Hopkins Məktəbinin əməkdaşı Federiga Bindi isə düşünür ki, burqayla inteqrasiya tərs mütənasibdir. «Qərb dünyası Əfqanıstanda uzun, bahalı, hələ də bitməyən bir müharibə apardı. Məqsəd elə qadınları burqadan azad etmək idi», - yazan müəllif burqayla burkinini müqayisə edərək sual verir ki, niyə burqaya istibdad aləti kimi baxılır, burkiniyə isə qadınların seçim azadlığı kimi?

Buna da bax-Hacı Şahin burkini haqda: 'Qadının bədən cizgiləri...'

«Burqa məcburidir və qadının hərəkətini məhdudlaşdırır. Burkini isə qeyri-qərb qadınlarına çimərliyə getmək, hovuza girmək azadlığı verir. Burkini ulu nənələrimizin vaxtilə çimərlikdə geyindikləri geyimlərin müasir versiyasıdır; sanki qərblilər bu gün burkinidə özlərini tanıyırlar. Burqanın problemi isə ondadır ki, sifəti və gözləri də örtür, bunlar Qərb cəmiyyətində bədənin ən vacib hissələri sayılır. Burqa təkcə təhlükəsizlik problemi yaratmır, həm də əsas Qərb prinsiplərinin əleyhinədir: axı kiminsə gözlərinin içinə baxmaq inam yaratmağın yoludur. Göz təması olmadan qarşılıq inam yaratmaq mümkün deyil, qarşılıqlı inamsız inteqrasiya mümkünsüzdür».

Çimərlikdə burkinili qadın

Çimərlikdə burkinili qadın

HAMI DÖZÜMLÜLÜK GÖSTƏRSİN

Demokratik Keçid üzrə Beynəlxalq Mərkəzin prezidenti István Gyarmati düşünür ki, burqa inteqrasiyayla bir araya sığır. Amma onun sözlərincə, bu qısa cavab heç də hər şeyi ortalığa qoymur. İnteqrasiya, əslində, mürəkkəb məsələdir. Qeyri-müsəlmanlar müsəlmanları donuz əti yeməyə inandırmamalıdırlar. Elə müsəlmanlar da qeyri-müsəlmanların elədiyini qəbul etməlidirlər. Yəni bütün tərəflər dözümlülük göstərməlidirlər.

Buna da bax-Polis müsəlman qadını üst geyimini çıxarmağa məcbur edib

«Qeyri-müsəlmanlar olaraq biz ikili standartlardan yayınmalıyıq. Yəhudilərin kipa və David ulduzu daşımasına, müsəlmanların baş örtüyü geyinməsinə dözümlü yanaşmalıyıq. Məktəblərdə və bağçalarda müsəlman uşaqlara halal ərzaq verməliyik. Amma müsəlmanlar da bizim halal yemədiyimizi, başımızı ancaq soyuqda bağladığımızı qəbul etməlidirlər». Ekspert hamının qanunlara əməl etməli olduğunu vurğulayır, bu qanunlar da təməl insan haqlarına əsaslanmalıdır: «Burada istisna ola bilməz. Kimsə dininə görə bunu qəbul edə bilmirsə, onda yaşamağa yer axtarsın».

İKİ BACI

Karneqi Fondundan Bruno Maçães düşünür ki, burqa inteqrasiyayla ayaqlaşır. Əsas prinsip müxtəlifliyin müdafiəsi olmalıdır. Yəni burqaya qadağa qoyulmamalıdır, amma qadınlardan konkret geyim kodeksi tələb olunan yerlərdə də güzəştə gedilməməlidir: «Sarayevo çox maraqlı bir model sayıla bilər. İki bacı küçədə yanaşı gəzir, biri hicab geyinib, o biri mini ətəkdədir. Avropa bu prinsipi aydın şəkildə ortaya qoymalı və praktikada onu müdafiə etməlidir».

KU-KLUKS-KLAN DÖNƏMİ

Böyük Britaniyanın Avropa üzrə keçmiş naziri Denis MacShane isə hesab edir ki, demokratiyanın qayğısına qalınmalıdır. Qadının sifətinin niqabla və ya bütün bədəninin burqayla örtülməsi isə demokratik cəmiyyətin əsas öhdəliyinin rədd olunmasından başqa bir şey deyil.

Keçmiş nazir 1950-ci illərdə Fransa çimərliklərində bikini yayılanda, katolik keşişlərinin etirazını yada salır. O qeyd edir ki, burkini, əslində, qadının üzünə və ayaqlarını açıq saxlayır və bu geyim gənclərin, uşaqların gündə yanmaqdan qorunmaq məqsədilə geyindiyi çimərlik paltarının «iriqabaritli» formasıdır.

«Fransada sifətin örtülməsi hələ 1930-cu illərdə, «La Cagoule» ekstremist qruplaşması dövründə vacib sayılırdı. Ku-Kluks-Klan dönəmində sifətin qapadılması demokratiyaya meydan oxumanın göstəricisidir. Elə qadınları demokratik hüquqlardan məhrum edən islamçı ideologiya da niqabı, burqanı dəstəkləyir… Qadınların burqa və niqab geyinməsi maarifləndirmə erasına ziddir və inteqrasiya olunmuş multikultural cəmiyyətə uyğun deyil».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG