Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:16

Polis müsəlman qadını üst geyimini çıxarmağa məcbur edib


Illüstrasiya
Illüstrasiya

-

Nitsa çimərliyində burkiniyə qadağanı tətbiq edən silahlı polis zabitləri bir qadını üst paltarını çıxarmağa məcbur ediblər.

İnsidenti əks etdirən fotolar qısa müddətdə sosial mediada yayılıb və bir çox istifadəçiləri qəzəbləndirib.

Ancaq burkini qadağasını müdafiə edənlər də var.

QADIN SOYUNMAĞA MƏCBUR OLUR

Nitsa burkininin qadağan olunduğu 15 şəhərdən biridir. Burkini üz, əllər və ayaq pəncələrindən başqa bədənin bütün hissələrini örtən qadın çimərlik geyimidir. Bir çox qadınlar onu bəyənirlər. Ancaq rəsmilər bu qadağanın artan terror təhlükəsinə görə tətbiq edildiyini deyirlər.

Buna da bax: İşadamı burkini geyinənlərin cərimələrini ödəyir

Sözügedən insident şəhərin Bastiliya günündə terror hücumunun törədildiyi Promenade des Anglais bulvarında baş verib.

Şəkillərdə odlu silah və dəyənəklərlə silahlanmış polis zabitlərinin çimərlikdə uzanmış mavi baş örtüklü qadını dövrəyə aldığını görürük.

Daha sonra qadının uzunqol koftasını (tunik) soyunduğunu və zabitin onun yanında nəsə yazdığını, güman ki, qadını cərimələdiyini görürük.

“QADINLAR DAMĞALANIR”

Şəhər rəsmiləri polisin, sadəcə, öz vəzifələrini yerinə yetirdiyini deyirlər. Nitsa merinin müavini Christian Estrosi internetdə yayılmış fotoları pisləyərək onların polis zabitlərinə təhlükə yaratdığını deyib.

"Mən bu qəbulolunmaz təxribatı qınayıram," o söyləyib.

Fotoların yayılmasından sonra Fransanın aparıcı müsəlman təşkilatı olan Fransa Müsəlman İnancı Şurası (CFCM) sözügedən qadağanı müzakirə etməkdən ötrü hökumətlə təcili görüş istəyib.

Buna da bax: Merkel: “Tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır”

Qurum öz “Twitter” səhifəsində yazıb: "Müsəlman qadınlar damğalanır, Kannda cərimələnir və Nitsada tunikini çıxarmağa məcbur edilir: CFCM (Daxili İşlər Naziri) Bernard Cazeneuve-lə görüş istəyir."

Bu, son günlər baş vermiş ikinci belə insidentdir.

İki gün əvvəl Kann çimərliyində üç polis nəfəri ilə mübahisə edən 34 yaşlı ana 38 avro (42 dollar) cərimə olunub.

“EVİNƏ GET”

Onun sözlərinə görə, polislər onun “uyğun” geyinmədiyini deyiblər. Onlar qadına söyləyiblər ki, ya baş örtüyünü bandana kimi geyinməli, ya da çimərliyi tərk etməlidir. Qadınsa bundan imtina edib.

"Mən burkini geyinməmişdim, burqa geyinməmişdim, çılpaq da deyildim. Düşünürəm ki, geyimim uyğun idi," o deyir.

Bu azmış kimi, bu mübahisəyə çimərlikdə olan başqa insanlar da qoşulub. Qadının sözlərinə görə, bəziləri onu dəstəkləyib, bəziləri isə təhqir edib.

""Evinə get", "Burada səni istəmirik," "Fransa katolik ölkəsidir" kimi təhqirlər səslənirdi. ...Bu ağır sözlər uşaqlarımın qarşısında deyilirdi. Qızım ağlayırdı. O, anasının çimərliyi niyə tərk etməli olduğunu anlamırdı. İlk dəfə idi ki, mən belə ayrıseçkiliklə üzləşirdim," qadın jurnalistlərə deyib.

PULQABIYLA MÜBARİZƏ

Müsəlman icmasının bəzi nümayəndələri isə bu qadağayla öz pulları ilə mübarizə aparırlar. "Fransada İslamofobiyaya qarşı Birlik" adlı təşkilat Fransa çimərliklərində cərimələnmiş qadınlara kömək edir. Qurumun prezidenti Marwan Muhammad CNN-ə deyib ki, onların kömək etdiyi 15 qadının heç biri burkini geyinməyibmiş. Onlar təkcə baş örtüyü taxıblar.

Bir əlcəzairli işadamı da Fransada burkiniyə görə cərimələnmiş müsəlman qadınların cərimələrini ödəməyi təklif edib.

Nitsa rəsmiləri qanunun burkininin özünü qadağan etmədiyini deyiblər. Onların sözlərinə görə, çimərliyin polis patrulu qanunu subyektiv şəkildə izah və tətbiq edə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG