Balakən sakini Elşad Dabaxovun həyətində bir müddət öncə alban abidəsi aşkarlanıb. O danışır ki, ata-baba yurdunda – bu həyətdə 100 ilə yaxındır yaşayırlar. Özü də gözünü açandan abidəni həyətdə görüb. Təəssüflənir ki, qazıntılardan sonra aşkarlanan kompleksi qorumaq təkcə onun üzərində qalıb: "Bunu araşdırsalar, tarixi eramızdan əvvələ gedib çıxar. Bəlkə, torpaq altında qalsaydı, daha yaxşı qorunardı. Abidənin qoruqçusu var. Qonaq gələndə gəlir ancaq. Qalan vaxtları özüm təmizləyirəm. Həm öz həyətimdir, həm də kol daşların arasına dolanda abidəyə zərər vurur. Bunu mən qoruyuram, o birilər də qalıb Allah ümidinə".
Tarix üzrə elmlər doktoru Akif Məmmədli qonşusu E.Dabaxovun həyətində abidənin günbəzini görəndə onun alban dövrünə aid olduğunu dərhal anladığını deyir. Kompleks bir qrup arxeoloq tərəfindən 2017-ci ildən mərhələli olaraq dörd illik qazıntılardan sonra ortaya çıxıb.
A.Məmmədli deyir ki, abidə alban dövrünün araşdırılması üçün unikal olsa da, Mədəniyyət Nazirliyinin diqqətindən kənarda qalıb. Deyir, məbəd tikildiyi dövrə görə alban abidəsi sayılmalı olsa da, Mədəniyyət Nazirliyi onu daha sonrakı dövrün abidəsi - islam dövrünə aid türbə kimi qeydiyyata alıb. O əlavə edir ki, bu abidələr ya baxımsızlıqdan, ya da düzgün tarixi qiymətini almadığından məhv olmaq təhlükəsi ilə üz-üzədir. Deyir, 36 illik elmi araşdırmalar nəticəsində bu abidələrin V-IX əsrə aid olduğu qənaətinə gəlib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Fariz Xəlilli AzadlıqRadiosuna açıqlamasında abidələrin dağılmasını təbii proses adlandırır: "Artıq orada ibadət edəcək şəxs yoxdur. Sadəcə, bura turizm məqsədilə istifadə oluna bilər və abidə yüz illərdir, min illərdir yerində durub. Abidəni torpaq bizdən yaxşı qoruyur. Bəli!".