Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Bloqqerə dəstək aksiyasına çıxanlardan yeni həbs cəzası alanlar var


Mehman Hüseynov, 10 yanvar 2017
Mehman Hüseynov, 10 yanvar 2017

Daha 3 nəfər cərimə olundu

Yanvarın 6-da Mehman Hüseynova dəstək aksiyası zamanı saxlananlardan daha 3-ü ilə bağlı qərar verilib.

Yasamal Rayon Məhkəməsi Orxan Məmmədov Elçin Rəhimzadəni 400, Yaşar Xaspoladovu isə 450 manat cərimələyib.

+++

Yanvarın 6-da Mehman Hüseynova dəstək aksiyası zamanı saxlananların bəziləri bu gün, yanvarın 7-də məhkəmə önünə çıxarılıb.

Onlardan Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mete Türksoya 25, Qoşqar Əhmədova 20, İsmayıl İslamoğluna da 20 sutka inzibati həbs cəzası verilib.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 513.2 (yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Daha bir nəfərin- Bəxtiyar Məmmədovun 400 manat cərimə olunduğu bildirilir.

Bakıda Mehman Hüseynova dəstək aksiyası keçirilib

Bazar günü, yanvarın 6-da 11 gündür həbsdə aclıq etdiyi bildirilən bloqqer Mehman Hüseynovla bağlı keçirilən dəstək aksiyası polis tәrәfindәn dağıdılıb. Bu haqda AzadlıqRadiosuna aksiyanın təşkilatçıları məlumat veriblər.

Apellyasiya mәhkәmәsinin yanında keçirilәn aksiyada təxminən 50 nəfərin iştirak etdiyi deyilir. Onlar M.Hüseynovun azadlığa buraxılmasını tələb ediblər.

Әraziyә cəlb olunmuş mülkigeyimli polislər aksiyanın təşkilatçısı Mete Türksoyu və 10-a yaxın aksiya iştirakçısını saxlayaraq, avtomobillərə mindirərək ərazidən uzaqlaşdırıblar.

Saxlanılanların Yasamal rayonunun 28-ci polis bölməsinə aparıldıqları bildirilir.

Rəsmi məlumata görə, M.Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkilləri M.Hüseynovun ittihamı qurama saydığını deyirlər. Ailəsi bloqqerin etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını, son günlər onun səhhətinin ağırlaşdığını bildirirlər. Penitensiar Xidmət isə M.Hüseynovun aclıq etmədiyini, su və qida qəbul etdiyini bəyan edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsinin sosial şəbəkələrdə yaydığı «ifşaedici» videolarla bağlı olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG