Azərbaycan və Ermənistan hökumətləri nə etməlidirlər ki, qarşılıqlı nifrət çıxışlarına, milli ədavətə və ayrıseçkiliyə son qoyulsun?
Beynəlxalq Ədalət Məhkəməsi dekabrın 7-də elan etdiyi qərarında hər iki tərəfi münaqişəni qızışdıracaq və uzadacaq hərəkətlərdən çəkinməyə çağırıb.
Ermənistanın 1-ci prezidenti Levon Ter Petrosyanın müşaviri olmuş tarixçi alim Gerard Libaridyan AzadlıqRadiosuna deyir ki, Azərbaycan tərəfi əgər doğrudan da sülh istəyirsə, prezident İlham Əliyev gərək hər şeydən əvvəl Qarabağ ermənilərinə münasibətini dəyişsin:
"İlham Əliyev onlarla danışmır, onların mövqeyini nəzərə almır, onların üzərinə məcburiyyət qoyur, deyir ki, siz gərək mənim vətəndaşım olasız. Bu isə onlarla şah kimi, sultan kimi davranmaqdır. Amma əgər onları vətəndaş hesab edirsənsə, gərək bu insanlarla ünsiyyətə girəsən. Baxın, Çeçenistan Rusiya üçün problem idi, Rusiya Çeçenistanla danışdı, Abxaziya, Cənubi Osetiya Gürcüstan üçün problem idi, Gürcüstan hökuməti onlarla danışdı. Şimali İrlandiya Böyük Britaniyadan ayrılmaq istəyəndə də onlar bir-bir ilə dialoqa girdilər".
“Bunu Koçaryan demişdi…”
Bakıdakı Siyasi Menecment İnstitutunun direktoru, siyasi şərhçi Azər Qasımlı isə deyir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları olduqlarını qəbul etməyənə qədər Azərbaycan liderlərinin onlarla üzbəüz danışıqlar aparması separatçıları tanımaq olardı və Azərbaycan bunu etməyəcək.
O deyir ki, ümumən Azərbaycanın rəsmiləri öz çıxışlarında emosional ifadələrə yol verməməlidirlər, beynəlxalq qanunlara əsaslanmalıdırlar. Azər Qasımlı deyir ki, Ermənistan tərəfi də nifrət aşılamağı dayandırmalıdır:
“Robert Koçaryan hətta prezident olduğu dönəmdə bu haqda danışırdı ki, azərbaycanlılarla ermənilər psixotip olaraq uyğunsuzdurlar və onlar bir yerdə yaşaya bilməzlər. Bir yerdə yaşaya bilmədiklərinə görə, erməni əhali Azərbaycan Respublikasının tərkibində ola bilməz və Azərbaycan vətəndaşı ola bilməzlər. Yəni, bu fikri biz deməmişik”.
ABŞ hər ikisinə sanksiya qoya bilər
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, George Mason Universitetinin professoru Riçard Kauzlariç isə deyir ki, hər iki ölkə gərək suveren dövlət kimi məsuliyyəti üzərlərinə götürüb nə dediklərinə, nə etdiklərinə nəzarət etsinlər və sülh prosesinə başlasınlar.
“Yerevan və Bakı gərək ABŞ hökimətinin Eritreya və Efiopiyaya qoyduqları məhdudiyyətlərə və sanksiyalara diqqət yetirsin. Bu məhdudiyyətlər bu ölkələrə Tiqray konfliktindən sonra nifaqa son qoymaq üçün yetərli addımlar atmadıqları üçün qoyulub. Düşünürəm ki, Azərbaycan və Ermənistan ədavətə son qoymasalar, ABŞ və Avropa İttifaqı Bakı və Yerevandakı rejimlərə sanksiya tətbiq etməyi nəzərdən keçirməlidirlər”.
Bu ilin sentyabrında Ermənistan Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə verdiyini elan etdikdən sonra Azərbaycan tərəfi də eyni addımı atıb.
Tərəflər bir-birini irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanı -ICERD-nin pozmaqda ittiham edirdilər.
Keçən il Ermənistanla Azərbaycan Qarabağda 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalasalar da, yekun sülh müqaviləsi bağlamayıblar.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb.