Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:17

'Bütün əhali 90 manat icbari tibbi sığorta paketi alacaq'


Xəstəxana
Xəstəxana

Azərbaycanda 20 ilə yaxındır gözlənən icbari tibbi sığorta növbəti il yanvarın 1-dən bütün ölkə üzrə tətbiq edilməli idi. Amma noyabrın 25-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2020-ci ildə bunun tətbiqi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edəndə mənzərənin bir qədər dəyişəcəyi bəlli olub. Qurum icbari tibbi sığortanı 2020-ci ildə ölkə üzrə mərhələli şəkildə tətbiq etməyi təklif edib.

Agentlikdən «Turan»a bildirilib ki, sığortanın mərhələli şəkildə tətbiqi daha az risklərlə qarşılaşmaq istəyi, islahatın əhatə dairəsinin genişliyi və tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlıdır. Onların fikrincə, bu, tibb müəssisələri və əhalinin sözügedən prosesə hazırlanması üçün vacibdir.

İcbari tibbi sığortadan narazı qalan xəstələr
Gözlə

No media source currently available

0:00 0:03:27 0:00

Agentlikdən təkliflər belədir

İTSDA 2020-ci il ərzində respublikada icbari tibbi sığortanın tətbiqinin 4 mərhələdə həyata keçirilməsini təklif edir. Təklifə əsasən, birinci mərhələdə icbari tibbi sığorta 20 regionda tətbiq olunacaq və bu proses yanvar-mart aylarını əhatə edəcək. Bura Şəki şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonları daxildir. İlkin mərhələdə ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstərilməlidir.

İkinci mərhələdə - aprel-iyun aylarında 17 yer – Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sözügedən sistemə qoşulmalıdır.

İyul-sentyabr aylarında, yəni üçüncü mərhələdə 14 regionda - Lənkəran və Şirvan şəhərləri, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında icbari tibbi sığorta tətbiq olunmalıdır.

…Dördüncü mərhələdə

Dördüncü mərhələdə - oktyabr-dekabr aylarında - Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən istifadə etməyə başlamalıdır.

Agentlikdən habelə bildirilib ki, vətəndaşlara ilkin səhiyyə xidməti, təcili, təxirəsalınmaz tibbi yardım, ambulator və stasionar, o cümlədən həyati-vacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcək: ​«Agentlik sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusunu (xidmətlər zərfi) hazırlayıb. Sənəd hazırda müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir».

N.Cəfərli
N.Cəfərli

Səbəblər…

İqtisadçı Natiq Cəfərlinın AzadlıqRadiosuna bildirməsinə görə, Azərbaycanda icbari tibbi sığortanın artıq 20 ildir tətbiq edilməməsinin bir çox səbəbləri var. Onlardan biri əhalinin bir hissəsinin rəsmi şəkildə işləməməsidir: «İcbari tibbi sığortanın tətbiqi üçün normal qeydiyyatlı iş yerlərinin sayı çox olmalıdır. Ən azından iş yerləri qeydiyyatlı olmalıdır. Azərbaycanda 5.8 milyon əməkqabiliyyətli əhalinin 1.6 milyonu muzdla çalışır. Bu, ciddi bir problemdir. Digər insanların icbari tibbi sığortaya cəlbi onların rəsmi əmək haqlarının olmamasına görə ciddi problem yaradır. Rəsmi işləyənlərin böyük bir qismi maaşdan əlavə digər gəlir mənbəyinə malikdir. İnsanlar ya korrupsiya yolu ilə, ya rüşvət yolu ilə, ya konvert şəklində ödənişlər alırlar…».

N.Cəfərli vurğulayıb ki, dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevrildikdən sonra, əsasən, özəl sektor kimi idarə edilməyə başlanıb: «Bu müəssisələr həm dövlətdən ciddi dotasiya, həm də bununla yanaşı, pullu xidmətlər göstərirlər. Bu pullu xidmətlərin normal izahı da verilmir. İcbari tibbi sığorta sisteminə keçərkən ödənişlərin məbləğləri ilə göstərilən xidmətlərin keyfiyyəti arasında problem yaranacaq…».

«İslahatlar aparılmasa…»

İqtisadçı hesab edir ki, islahatlar aparılmasa, icbari tibbi sığortanın tətbiqi effekt verməyəcək: «Deyirdilər ki, tibbi sığorta yanvarın 1-dən tətbiq olunacaq, olunmadı. İndi deyirlər ki, gələn ilin sonuna ölkə üzrə tətbiq olunacaq. Bu da, ola bilsin, gecikdirilsin…».

A.Qeybulla
A.Qeybulla

«Azərbaycansayağı nəsə qurmaq istəyirlər»

Tibb elmləri doktoru Adil Qeybulla isə deyib ki, icbari tibbi sığortanın tətbiqinə görə məsul şəxslərin çoxusunun sığorta sistemi ilə bağlı təsəvvürləri yanlışdır: «Yaxud da Azərbaycansayağı nəsə qurmaq istəyirlər. Mən bunu başqa cür izah edə bilmirəm. Əvvəl elə etdilər ki, kim çox xəstəyə baxsa, daha çox maaş alacaq. İcbari tibbi sığortada belə bir şey yoxdur. İcbari tibbi sığortada standart paketləri var. Bu sığortanın ən əsas məqsədlərdən biri də odur ki, xəstəyə «klient» kimi baxmaq aradan qalxsın. Bu, sosial müdafiənin mühüm bir elementidir…».

«Dövlətin ayırdığı vəsaitlə bu, mümkün deyil»

Professor üstəlik, hesab edir ki, icbari tibbi sığorta paketinə daxil olan xidmətləri hər kəs dəqiq bilməlidir:


«Adam bilməlidir ki, xəstəxanaya gedərkən hansı cərrahi əməliyyatlar, müalicə metodları, müayinələr pulsuzdur. Əvvəl dedilər ki, hər şey pulsuz olacaq, amma dövlətin ayırdığı vəsaitlə bu, mümkün deyil. Dövlət sığortanı elan etdiyi vaxt tarif paketi açıqlandı. Biz orada qeyd olunan qiymətlərə baxdıq və məlum oldu ki, bu işə təxminən 4 milyard pul lazımdır. Ayrılan vəsait isə çox cüzidir. Effektiv icbari tibbi sığorta sistemi qurmaq üçün bu vəsait kifayət etməyəcək. Ona görə də, mərhələli tətbiq söhbətini ortaya atıblar. Əslində belə etmək olmaz. İcbari tibbi sığorta bütün ölkəni əhatə etməlidir…».

M.Quliyev
M.Quliyev

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev isə «Turan» agentliyinə bildirib ki, icbari tibbi sığorta 2020-ci ildə ölkənin bütün ərazisində tətbiq olunacaq: «Amma yanvarın 1-dən deyil, yanvarın 1-dən başlayaraq mərhələli şəkildə zonalar üzrə tətbiq olunacaq. Ölkə ərazisi dörd yerə bölünəcək. Bu icbari tibbi sığorta səhiyyə maliyyələşdirilməsində tamamilə yeni bir modeldir və bunun birdən birə ölkənin ərazisində tətbiqi xaos əmələ gətirə bilər. Model birdən birə dəyişirsə, bütün ölkə ərazisində onun eyni vaxtda tətbiqi həm kadr təminatı, həm informasiya təminatı, həm əhalinin mənafeyi, həm də tibbi müəssisələrin hazırlığı baxımından mümkün deyil».

«Azərbaycan onu özündən kəşf etməyib»

Deputat qeyd edib ki, icbari tibbi sığortaya mərhələli keçid narahatlıq doğurmamalıdır:


«Heç kim narahat olmasın ki, birinci rübdə sığorta bir zonada tətbiq edilibsə, ikinci zonanın əhalisi tibbi xidmətdən kənarda qalacaq. Mərhələli keçid dünya praktikasından götürülən bir şeydir. Azərbaycan onu özündən kəşf etməyib».

M.Quliyev daha sonra da deyib: «Cənab prezident vətəndaşların sosial müdafiəsini daha etibarlı şəkildə təmin etmək, eyni zamanda tibbi xidmətlərin əlçatımlı olması üçün 3 il ərzində bütün ölkə əhalisini sığortaya cəlb edəcək layihəyə imza atdı . Dəyişikliklər birinci oxunuşda qəbul olundu. Bütün əhali 90 manat həcmində icbari tibbi sığorta paketi alacaq. Bunu dövlət verəcək. Üstəgəl, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyən insanlardan neft sahəsində çalışanlar 2 faiz, qeyri-neft sektorunda çalışanlar isə 1 faiz sığorta haqqını ödəməklə sığorta paketini əldə edəcəklər. 2023-cü ilə qədər Azərbaycan vətəndaşlarının hamısının icbari tibbi sığorta təminatını dövlət öz üzərinə götürəcək».

200 manatlıq maaşla tibbi sığorta [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

«2 milyard manat lazım olacaq»

Deputat vurğulayıb ki, dövlətin icbari tibbi sığorta təminatını öz üzərinə götürməsi üçün təxminən 2 milyard manat lazım olacaq: «İndi belə nəzərdə tutulur ki, 1.5 milyard manat vəsait tələb olunacaq. Bunun təxminən 1.2 milyardı dövlət büdcəsindən, 300 milyon da sığortaya cəlb olunanlar tərəfindən ödəniləcək. Növbəti illərdə isə təxminən 2 milyard lazım olacaq».

Xatırlatma

Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 20 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. İ.Əliyev bir də bundan 9 il sonra -2016-ci il fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

2017-ci ildən Azərbaycanın bir neçə rayonunda icbari sığorta pilot layihələr kimi yerinə yetirilir. Həmin ilin sonlarında, 2018-ci ilin büdcəsi müzakirə edilərkən vurğulanmışdı ki, bütün ölkədə 2019-cu ildə icbari sığorta sisteminə keçiləcəyi gözlənir. Prezident İ.Əliyev isə bu ilin əvvəlində 2020-ci ildən icbari tibbi sığortanın tətbiq ediləcəyinin anonsunu vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG