Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Özəl hospislər yaradıla bilər…


Hospis
Hospis

Dünyanın bir çox ölkələrində insanlara palliativ xidmət göstərən hospislər Azərbaycanda hələ də mövcud deyil.

Hospislər ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisələri sayılır. «Palliativ» sözü də metaforik mənada işlənərək, xəstə və onun yaxınlarının qorunmasını ifadə edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə görə, belə müəssisələr hər ölkədə fəaliyyət göstərməlidir. Təşkilatın hesablamalarına görə, əhalinin hər 400 min nəfərinə bir hospis düşməlidir. ÜST-nin açıqlamasına görə, hər il dünyada 40 milyon insan palliativ xidmətdə ehtiyac duyur. Onlardan 2.1 milyon nəfəri uşaqlardır.

A.Qeybulla
A.Qeybulla

Ekspert: «Bunun üçün dövlət dəstəyi lazımdır»

Həkim- ekspert Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, hazırda Azərbaycanda hospislərin yaradılması real deyil, çünki bunun üçün dövlət dəstəyi, təminatı və maliyyə lazımdır: «Hospislər müalicəsi olmayan xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub və, əsasən, dövlət tərəfindən maliyyələşdirilir. Lakin əksər ölkələrdə özəl hospislər də mövcuddur. Təəssüf ki, Azərbaycanda xəstələr bu xidmətlərdən hələ də məhrumdur».

Ekspert qeyd edib ki, ölkədə hospislərin və palliativ qayğı mərkəzlərinin olması çox vacibdir: «Bəzən xəstə elə vəziyyətdə olur ki, doğmaları ona qulluq edə bilmirlər. Hospisdə isə belə xəstə mütəxəssislərin, zəruri tibbi avadanlıqların vasitəsilə lazımi qulluqla təmin oluna və ən azından dözülməz ağrılardan xilas ola bilir».

«10 regionunda aparılmış araşdırmalar…»

«Turan» agentliyinin məlumatına görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidov da deyib ki, Azərbaycanda milli palliativ xidmətin yaradılması çox vacibdir. Onun qeyd etməsinə görə, palliativ köməyin və hospislərin yaradılması istiqamətində ilk addımlar 2007-2008-ci illərdə atılıb:

Hospis
Hospis


«Tibb Universiteti və tibb kollecləri üçün təhsil modulu hazırlanıb, normativ hüquqi baza yaradılıb, palliativ xidmətlərin zərurəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə daxil edilib. Əhalinin və həkimlərin məlumatlandırılması istiqamətində böyük iş görülüb. 2016-2017-cı illərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən palliativ xidmətlərin vəziyyətinin dərin təhlili aparılıb və hospislərə ehtiyac olmasının miqyası qiymətləndirilib. Ölkənin 10 regionunda aparılmış araşdırmalar göstərib ki, Azərbaycanda nəinki palliativ xidmətlər sisteminin dərinləşməsi, hospislərin yaradılması, ayrıca uşaqlar üçün palliativ müəssisələrin yaradılması çox vacibdir».

«Xidmətlərin əsas hissəsi evdə göstərilməlidir»

N.Seyidovun bildirməsinə görə, hazırda dünyada qəbul olunub ki, palliativ xidmətlərin pasiyentin evində göstərilməsi xəstəxanalarda və ya palliativ qayğı evlərində göstərilməsindən daha məqsədəuyğundur: «Əlbəttə ki, xəstəxanalarda ağır xəstələr üçün palliativ bölmələr fəaliyyət göstərməlidir. Lakin xidmətlərin əsas hissəsi evdə göstərilməlidir. Hospislərə gəldikcə, burada vəziyyət bir az fərqlənir. Hospislərin yaradılması ancaq binaların ayırması demək deyil. Əhalinin hospislərə münasibətin öyrənilməsi çox vacibdir. Əhali arasında hospislər haqqında məlumatlandırma aparmaq lazımdır».

O vurğulayıb ki, hazırda əsas iş palliativ xidmətlər sahəsində iş apara biləcək insan resurslarının yaradılması istiqamətində gedir: «Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi treninq kurrikulumun yaradılması ilə bağlı yeni pilot layihəsini hazırlayır. Həmin layihə palliativ xidmətlər göstərə biləcək mütəxəssislərin yaradılmasına yönəlib. Treninqin ilin axırına qədər keçirilməsi planlaşdırılır və həmin treninqdə müxtəlif sahələrdən 30 mütəxəssisin iştirakı təmin ediləcək. Sonra isə palliativ xidmətlərin icbari tibbi sığorta sistemində nə dərəcədə əhatə olunacağı məsələsi detallı analiz olunacaq».

M.Quliyev
M.Quliyev

«Hospislər məsələsi parlamentdə müzakirə olunacaq»

Deputat Musa Quliyev də «Turan» agentliyinə bildirib ki, Azərbaycanın bəzi mövcud qanunlarına görə, evdə qulluq etmək və ağrısını azaltmaq üçün şəraiti olmayan şəxslər stasionar müəssisələrdə dövlət hesabına hospis səviyyəsində yardım almaq hüququna malikdir: «Stasionarlarda da bu xidmətlər həyata keçirilir, xüsusi olaraq Onkoloji Mərkəzdə».

Deputat əlavə edib ki, hospislər məsələsi parlamentdə müzakirə olunacaq: «Hospislərlə bağlı ayrıca qanun müddəası yeni hazırlanan iki qanunda əksini tapacaq. Pasiyentin hüququ haqqında qanunun üstündə iş gedir, həmçinin, əhalinin sağlamlığının qorunması haqqında qanuna əlavə və dəyişikliklər işlənilir. Həmin qanunda özəl hospislərin yaradılması haqqında müddəalar var».

«Pulsuz səhiyyə kağız üzərindədir»

Uşağı osteosarkoma xəstəliyindən əziyyət çəkən T.Abdullayeva isə vəziyyətlərini belə anladır: «Uşaq ciddi xəstəlikdən əziyyət çəkirsə və valideynlərin ikisi də işləyirsə, valideynlərdən biri məcbur olub işdən çıxmalıdır ki, uşağa baxsın. Nəzərə alsaq ki, dərmanlar çox bahadır, pulsuz səhiyyə isə yalnız kağız üzərindədir, pul çatdırmaq olmur. Baxıcı tutmaq da bahadır. Hər adama da inanmaq olmur. Ona görə, yüksək xidmət göstərən hospislərin yaradılması həyati vacib məsələdir».

Səhiyyə Nazirliyinin rəsmiləri isə ölkədə səhiyyənin pullu olması ilə bağlı fikirləri düzgün saymırlar.

Xatırlatma

Hospis - ümidsiz xəstələrin layiqli xidmət və qayğı ala biləcəkləri səhiyyə müəssisələridir. Hospisin pasiyentləri «ev» əşyaları ilə əhatə olunurlar, onlar qohumları və yaxınları ilə sərbəst görüşə bilirlər. Tibb heyəti palliativ kömək göstərir: xəstələr oksigen, ağrıkəsicilər, zond qidalanması və s. alırlar.

Hospisdə olmanın əsas məqsədi xəstənin həyatının son günlərini rəngarəng etmək, əzablarını yüngülləşdirməkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG