2026, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 17:51

Dövlət qurumlarının 188 min manatlıq borc davası bitdi

"Azərenerji"
"Azərenerji"

"Azərenerji" ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" arasında borc qalmaqalı yaşanır. İddia olunur ki, "Azərenerji"nin törəmə müəssisəsi olan "Bakı Elektrik İstilik Mərkəzi" MMC su təchizatı və tullantı sularının axıdılmasına görə yığılıb qalmış borcunu ödəmir. Tərəflər arasındakı bu mübahisə artıq məhkəmə müstəvisinə daşınıb.

Su təchizatı qurumunun iddiasına görə, əvvəllər borcun məbləği daha böyük olub. 2025-ci ilin sonuna isə 190 min manata yaxın ödənilməmiş borc qalıb. Bu məbləğin ödənilməsi üçün müəssisəyə hər ay bildiriş göndərilsə də, heç bir nəticə əldə olunmayıb. Buna görə də Bakı Kommersiya Məhkəməsində 188 min 533 manat borcun tutulması tələbi ilə iddia qaldırılıb. Məhkəmə həmin iddianı təmin edib.

Cavabdeh tərəf bu qərarla razılaşmayaraq əvvəlcə apellyasiya, ardınca isə Ali Məhkəməyə kassasiya şikayəti verib. Tərəflər arasında aylardır ki, gərgin məhkəmə çəkişməsi gedir. Bu çəkişməyə noyabrın 23-də Ali Məhkəmənin yekun qərarı ilə nöqtə qoyulub.

Qarşı tərəf iddiaçının tələbini əsassız sayır. "Bakı Elektrik İstilik Mərkəzi"nin nümayəndəsi məhkəmədə vurğulayıb ki, ümumiyyətlə, iddia müddəti ötürülüb və qanunun tələbinə cavab verməyən şikayətə baxıla bilməz. Nümayəndənin sözlərinə görə, borcu təsdiqləyən mötəbər sübutlar da ortada yoxdur.

Məhkəmələr isə borcun həqiqətən mövcud olduğu və ödənilməli olduğu qənaətinə gəlib. "2017–2025-ci illər üzrə satış-ödəniş cədvəlindən görünür ki, tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə hesablaşmalar uzun müddət davam edib. Cavabdeh müxtəlif dövrlərdə ödənişlər aparıb. Qalıq borclar isə sonrakı dövrlərə keçirilərək vahid hesablaşma münasibəti çərçivəsində uçota alınıb. Nəticədə tərəflər arasında mövcud borc münasibətləri etiraf olunub", –məhkəmənin qərarında bildirilib.

"Bakı Elektrik İstilik Mərkəzi" MMC elektrik və istilik enerjisi istehsalı ilə məşğul olan müəssisədir. Müəssisənin əsas fəaliyyəti Bakının enerji təminatında iştirakdan, elektrik enerjisi istehsalından və müəyyən ərazilərin istiliklə təchizatından ibarətdir.

​
XS
SM
MD
LG