Kənd Təsərrüfatı Nazirliyi ilə Milli Elmlər Akademiyası (AMEA) arasında borc qalmaqalı yaşanır. Nazirlik iddia edir ki, Elmlər Akademiyası illər öncə lizinqlə aldığı kənd təsərrüfatı texnikalarının (traktor, gübrə səpən, ot presləyən maşınlar və s.) pulunu illərdir ödəmir.
Kənd Təsərrüfatı Nazirliyi 163 min manatdan yuxarı vəsaitin ödənilməsi tələbi ilə Elmlər Akademiyasını məhkəməyə verib. İddia ərizəsindən məlum olur ki, tələb olunan məbləğin təxminən 70 min manatı dörd lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcdur. 90 min manat isə ödənişlərin illərlə gecikdirilməsinə görə hesablanmış cərimədir.
Nazirlik bildirir ki, tərəflər arasında bağlanmış müqaviləyə görə, lizinq alan ödənişi qrafikə uyğun yerinə yetirməsə, lizinq verən ondan gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcmində cərimə tələb edə bilər.
Hazırda məhkəmədə mübahisə predmeti olan lizinq müqavilələri 2015-ci ildən başlayaraq, Elmlər Akademiyası ilə "Aqrolizinq" ASC arasında imzalanıb. "Aqrolizinq" ASC 2004-cü ildə yaradılıb, beş il sonra Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.
Müqavilələrə əsasən, 26 ədəd kənd təsərrüfatı avadanlığı Elmlər Akademiyasının strukturuna daxil olan Zoologiya İnstitutu, "Xızı" Kənd Təsərrüfatı İstehsalat Kompleksi, Genetik Ehtiyatlar İnstitutu, həmçinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üçün alınıb.
"Texnikalar təbii köhnəlmə prosesindədir"
Elmlər Akademiyası isə nazirliyin iddiasını qəbul etmir, borcla bağlı tələblərə etiraz edir. Qurumun nümayəndəsi məhkəməyə etiraz ərizəsində vurğulayıb ki, Elmlər Akademiyasının adından müqaviləyə imza atmış İşlər İdarəsinin ovaxtkı müdir müavini özbaşınalıq edib: "Dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına bu istiqamətdə heç bir vəsait ayrılmayıb. Elmlər Akademiyası prezidentinin də bu lizinq müqavilələrinin bağlanması ilə bağlı sərəncamı və ya bir başqa yazılı göstərişi yoxdur. Müqavilələri vəzifəli şəxslər xidməti səlahiyyətlərini aşaraq, özbaşına bağladıqlarına görə həmin sənədlərin hüquqi qüvvəsi yoxdur".
Etirazda o da vurğulanıb ki, 2022-ci ildə prezidentin fərmanı və Nazirlər Kabinetinin qərarına əsasən, Zoologiya, Genetik Ehtiyatlar, eləcə də Torpaqşünaslıq və Aqrokimya institutları Elm və Təhsil Nazirliyinin balansına verilib: "Təsadüfi deyil ki, lizinqlə götürülmüş bir sıra kənd təsərrüfatı texnikaları istifadə olunmayaraq, Elm və Təhsil Nazirliyinin balansına verilmiş Biofızika İnstitutunun həyətində təbii köhnəlmə prosesindədir".
3 il ərzində müqavilələr üzrə ödənişlər edilib
Kənd Təsərrüfatı Nazirliyi isə müqavilələrin özbaşına imzalanması, hüquqi qüvvəsinin olmaması barədə iddiaları rədd edir. Nazirliyin təmsilçisi məhkəmədə vurğulayıb ki, sənədlər Elmlər Akademiyasının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmaqla yanaşı, həm də bu qurumun rəsmi möhürü ilə təsdiqlənib: " İkincisi, lizinq müqavilələri bağlanandan sonra üç il ərzində həmin müqavilələr üzrə Elmlər Akademiyası tərəfindən ödənişlər həyata keçirilib. Əgər müqaviləni səlahiyyətli şəxs imzalamasaydı, nə lizinq ödənişləri edilərdi, nə də həmin avadanlıqlar təhvil alınardı".
Borcun bir hissəsinin ödənilməsi ilə bağlı əsaslandırmaya Elmlər Akademiyası belə cavab verib ki, bu ödənişləri həmin dövrdə İşlər İdarəsinin müdiri vəzifəsində işləmiş şəxs qurumun digər sahələri üçün ayrılmış vəsaitlər hesabına icra edib.
Məhkəmə nazirliyin pul tələbini qismən təmin edib. Qərara əsasən, dörd müqavilədən üçü üzrə 60 min 141 manat qalıq borc tam ödənilməlidir. Gecikmələrə görə istənilən cərimə isə kəskin azaldılaraq cəmi 1 min 750 manat müəyyən edilib.
Bakı Kommersiya Məhkəməsinin bu qərarından hər iki tərəf narazı qalıb. Kənd Təsərrüfatı Nazirliyi iddianın tam təmin olunması, Elmlər Akademiyası isə, əksinə, tamamilə rədd edilməsi tələbi ilə apellyasiya şikayəti verib. Sentyabrın 18-də tərəflərin şikayətinə baxan apellyasiya məhkəməsi ümumilikdə 61 min 891 manatlıq borc ödənişi barədə qərarı qüvvədə saxlayıb.