Milli Onkologiya Mərkəzi “Azəri Med” MMC ilə 50 milyon 320 min manatlıq satınalma müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, şirkət Mərkəzə müayinə aparatları, kondisionerlər, çarpayılar, əməliyyat masaları və s. avadanlıqlar satmalıdır.
Bu, Milli Onkologiya Mərkəzi ilə “Azəri Med” arasında təkcə son iki ayda ikinci belə irihəcmli satınalma müqaviləsidir. İyulda tərəflər arasında 34 milyon 961 min manatlıq müqavilə imzalanıb. Bu satınalma müqaviləsinə əsasən, şirkət Mərkəzi həkim xalatından tutmuş, laboratoriya materialları, sarğı ləvazimatları, yod, spirt, dərman preparatlarına qədər müxtəlif məhsul və ləvazimatlarla təmin etməlidir.
Azərbaycanda onkologiya sahəsində statistik göstəricilər dəyişir, bu xəstəliyə tutulanlar və ölənlərin sayı ilbəil artır. İllərdir dəyişməyən isə bu Mərkəzin onmilyonlarla dəyərində tenderlərinin qalibinin “Azəri Med” şirkətinin olmasıdır.
Son iki ayda Milli Onkologiya Mərkəzi ilə 85 milyon manatlıq iki müqavilə bağlayan şirkət 2025-ci ilin mayında da elə bu qurumun 36 milyon manatlıq tenderini qazanmışdı. Bundan düz bir il öncə - 2024-cü ilin mayında da Milli Onkologiya Mərkəzi 29 milyon 829 min manatlıq tenderi “Azəri Med”ə verib.
Son iki il ərzində tərəflər arasında imzalanmış 2-3 milyon manatlıq nisbətən kiçik həcmli müqavilələri nəzərə almasaq, təkcə sadalananlar elə 150 milyon manatdan çoxdur.
AzadlıqRadiosu iyul ayında “Azəri Med” 35 milyon manatlıq tenderin qalibi olanda bu şirkətlə Milli Onkologiya Mərkəzi arasındakı əlaqələri araşdırmışdı. Çünki eyni qurumun onmilyonlarla manatlıq tenderlərində bir şirkətin daim qalib olması ciddi şübhələrə yol açır.
Deputat şirkətlə bağlılığını təkzib etməyib
Dəfələrlə mediada “Azəri Med” şirkəti Milli Məclisin deputatı Kəmaləddin Qafarovla əlaqələndirilib. Qafarov özü heç vaxt bu iddiaları təkzib etməyib. AzadlıqRadiosu şərh almaq üçün deputatla əlaqə yarada bilməyib.
50 yaşlı Qafarov 2015-ci ildən deputat, parlamentin Səhiyyə Komitəsinin üzvüdür. Parlamentdə təmsil olunanadək – 2014-2015-ci illərdə Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışmış Qafarov bundan öncə isə 10 il “Azəri Med” şirkətində fəaliyyət göstərib.
“Azəri Med” 2 iyul 2004-cü ildə Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyata alınıb, şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib ki, onun da deputatın qohumu olduğu haqda mediada məlumatlar yayılıb. Həmçinin iddia olunur ki, “Azəri Med”in 2020-ci ilədək yerləşdiyi hüquqi ünvanla deputat Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu ev eynidir.
Deputat bu məlumatı da təkzib etməyib.
Şirkət 2020-ci ilədək MMC kimi fəaliyyət göstərsə də, bundan sonra Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilib.
Milli Onkologiya Mərkəzi həm müayinə avadanlıqları, həm də dərman preparatlarının alınmasına hər il onmilyonlarla vəsait xərclədiyi halda, onkoloji xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları sosial şəbəkələrdə mütəmadi bu qurumdakı xərclərin ağırlığından şikayətlənirlər. İddia edirlər ki, bu qurum Səhiyyə Nazirliyinin tabeliyində olmasına və büdcədən maliyyələnməsinə baxmayaraq, orada aparılan müayinələr, əməliyyatlar üçün xəstələrin yaxınlarından pul alınır.
“Əgər büdcədən bu qədər pul ayrılırsa, niyə xəstələrə bircə müayinəni də pulsuz eləmirlər? Qızımın sümük müayinəsi vardı, 300 manat istədilər, yalvardıq ki, çox bahadır, o qədər yoxdur, zorla 220 manata düşdülər. Kimyaterapiyaların biri 350 manatdan. Hansını deyim?!”, - Sevil Babayeva bildirib.
Bənzər iddialar sosial şəbəkələrdə də kifayət qədər yayılıb.
AzadlıqRadiosunun istər xəstələrin şikayətləri, istərsə də tenderlərlə bağlı Milli Onkologiya Mərkəzindən və Səhiyyə Nazirliyindən şərh almaq cəhdləri nəticəsiz qalıb.
Hər gün təxminən 40 nəfərə xərçəng diaqnozu qoyulur
Rəsmi məlumatlardan görünür ki, Azərbaycanda təkcə 2025-ci ildə 15 min 144 nəfərə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulub. Bunların da 8 min 357 nəfəri qadın, 6 min 787-si kişi olub. Bu göstəricilər onu deməyə əsas verir ki, hər gün təxminən 40 nəfərdən çox insana xərçəng diaqnozu qoyulur.
Ümulikdə isə ölkədə 2025-ci ilin sonunda xərçəng xəstəsi kimi qeydiyyatda olanların sayı 74 min 4 nəfər nəfər olub. 2024-cü ilin sonunda isə bu rəqəm 73 min 875 nəfər idi. 5 il öncə - 2021-ci ildə bu ağır xəstəlikdən əziyyət çəkən və qeydiyyata düşənlərin sayı 58 min 948 nəfər olub.
Ən çox süd vəzi xərçəngi diaqnozu qoyulur. 2025-ci ildə 2 min 928 nəfərdə bu xəstəlik aşkarlanıb.
1990-cı ildən Milli Onkologiya Mərkəzinə rəhbərlik edən onkoloq cərrah Cəmil Əliyev Azərbaycan prezidenti İlham Əliyevin dayısıdır. Bu ilin martında prezident onu səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.