Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 00:50

Milli Onkologiya Mərkəzinin 35 milyon manatlıq tenderinin izi ilə

Xərçənglə mübarizə üçün kreditə girdi: 'Yaşamaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Xərçənglə mübarizə üçün kreditə girdi: 'Yaşamaq istəyirəm'

“Kimyaterapiyanın biri 350 manatdır, şüanın biri 100 manat. Bu hələ kasıb olduğuma görə güzəştli qiymət idi...”.

Onkoloji xəstəlikdən əziyyət çəkən Samirə Hüseynova AzadlıqRadiosuna danışır ki, Milli Onkologiya Mərkəzində bütün müayinələrdən tutmuş, kimyaterapiya və şüa prosedurlarına qədər hamısının ödənişləri xəstədən alınır.

Rəna Məmmədova isə 42 yaşlı bacısı Könülün onkoloji xəstəlikdən əziyyət çəkdiyini söyləyir. Bu üzdən onu bir müddət sözügedən mərkəzə aparıb-gətiriblər:

“Nə qədər xərcimiz çıxdı, bizi soğan kimi soydular. Bir qədər sonra gördülər ki, bütün bədənə metastaz verib, yaşamaq ehtimalı yoxdur. Nə cavanlığına yazıqları gəldi, nə azyaşlı uşaqlarının anasız qalmasına. Elə pul, pul, pul... Analizlərdən tutmuş, UZİ-yə qədər, addımbaşı pul”.

Bənzər iddialar sosial şəbəkələrdə də yayılıb.

Ötən il 36 milyonluq tender, bu il...

Dövlətin tabeliyindəki Milli Onkologiya Mərkəzində rüşvət halları, laqeyd münasibətlə bağlı illərdir ki, şikayətlər səslənir. Onkoloji xəstələr və onların yaxınları iddia edirlər ki, bu qurumdakı avadanlıqlar, dərman preparatları və s. dövlət büdcəsi hesabına alınsa da, müayinə və müalicələr (əməliyyatlar) pasiyentlərin ödənişləri hesabına həyata keçirilir.

Xərçəng yarada bilən şiferlər: 50 ölkə imtina edib, bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

AzadlıqRadiosu bu satınalmalardan birinin izinə düşüb. Radionun əldə etdiyi məlumata görə, Milli Onkologiya Mərkəzi bugünlərdə 35 milyon manatlıq satınalma keçirib. Dərman, laboratoriya materialları, sarğı ləvazimatları və s. satın alınmasıyla bağlı 34 milyon 961 min 987 manatlıq tenderin qalibi isə “Azəri Med” MMC olub. Satınalma müqaviləsinə yod, spirt, həkim xalatından tutmuş, müxtəlif dərman preparatlarına qədər müxtəlif məhsul və ləvazimatların alınması daxildir.

İllərdir ki, “Azəri Med” Milli Onkologiya Mərkəzinin iri həcmli tenderlərinin dəyişməz qalibidir. Təxminən bir il öncə - 2025-ci ilin mayında da Mərkəz 36 milyon manatlıq tenderi bu şirkətə vermişdi. Kimyəvi dərman preparatları, reaktivlər, sarğı materiallarının satın alınmasıyla bağlı 35 milyon 849 min 901 manatlıq satınalma müqaviləsi “Azəri Med”lə imzalanmışdı.

2024-cü ilin mayında isə Milli Onkologiya Mərkəzi eyni şirkəti 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edib.

Tərəflər 2-3 milyonluq nisbətən kiçik həcmli müqavilələr də imzalayıblar.

Milli Onkologiya Mərkəzinin tenderlərində həmişə eyni şirkətin qalib olması istər-istəməz şübhələrə yol açır. Bu şübhələrə əsas verən başqa səbəblər də var.

Dəfələrlə mediada “Azəri Med”in sahibinin Milli Məclisin deputatı Kəmaləddin Qafarov olması barədə iddialar yayılıb. Qafarov heç vaxt bu iddiaları təkzib etməyib. AzadlıqRadiosu deputatla əlaqə yarada bilməyib.

50 yaşlı Qafarov 2015-ci ildən deputat, parlamentin Səhiyyə Komitəsinin üzvüdür. Parlamentdə təmsil olunana qədər isə Milli Onkologiya Mərkəzində baş direktorun müavini idi. O, 2014-2015-ci illərdə bu vəzifədə işləyib.

Məsələ burasındadır ki, Qafarov Milli Onkologiya Mərkəzindəki vəzifəsinədək 10 il “Azəri Med”də fəaliyyət göstərib.

'Azərbaycanda biopsiyaların 90 faizi lazımsızdır' - türkiyəli həkim səhv diaqnozlardan danışır
Gözlə

No media source currently available

0:00 0:06:46 0:00

“Azəri Med” necə yaranıb

İndi isə şirkətin özü haqqında. “Azəri Med” 2 iyul 2004-cü ildə Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyata alınıb, qanuni təmsilçisi isə Rəhimli Famil Vəli oğlu olub. Sonradan şirkətə Qafarov Hüsaməddin Şəmsəddin oğlu rəhbərlik edib ki, onun da deputatın qohumu olduğu haqda mediada məlumatlar yayılıb. Həmçinin iddia olunur ki, “Azəri Med” QSC-nin 2020-ci ilədək yerləşdiyi hüquqi ünvanla deputat Qafarov və ailə üzvlərinin qeydiyyatda olduğu ev eynidir. Deputat bu məlumatı da təkzib etməyib.

Şirkət 2020-ci ilədək MMC kimi fəaliyyət göstərsə də, bundan sonra Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilib.

AzadlıqRadiosunun istər xəstələrin şikayətləri, istərsə də tenderlərlə bağlı Milli Onkologiya Mərkəzindən və Səhiyyə Nazirliyindən şərh almaq cəhdləri nəticəsiz qalıb.

Bu ilin aprelində isə qeydiyyatda olan onkoloji xəstə özü ilə gətirdiyi partlayıcını Milli Onkologiya Mərkəzində partladıb, özü hadisə yerində ölüb, ağır xəsarət alan həkim-radioloq isə 5 gün sonra xəstəxanada vəfat edib. Hadisədən sonra fakt üzrə ümumi təhlükəli üsulla adam öldürmə və qanunsuz partlayıcı maddə əldə etmə maddələri ilə cinayət işi başlanıb, araşdırmalar gedir.

Bədxassəli şiş diaqnozu qoyulanların da sayı artır, ölənlərin də

Son bir neçə il ərzində Azərbaycanda bədxassəli şiş diaqnozu qoyulan və xəstəlikdən ölənlərin sayında artım var. Statistik göstəricilərə nəzər salanda görünür ki, hər il ölkədə ümumi ölümlərin təxminən 17 faizinin səbəbi xərçəng xəstəliyi olur.

Ötən ilə aid rəsmi statistika hələ açıqlanmayıb. 2024-cü ildə 58 min 909 ölüm faktı olub ki, bunların da 9 min 681 nəfəri xərçəng xəstəsi kimi qeydiyyatda olub. 2023-cü ildə ölən 60 min 150 nəfərdən 9 min 818-i xərçəngdən əziyyət çəkənlər olub.

Azərbaycanda xərçənglə mübarizədə vəziyyət necədir?
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Statistikaya görə, 2021-ci ildə ölkədə bu ağır xəstəlikdən əziyyət çəkənlərin sayı 58 min 948 nəfər olubsa, 2024-cü ilin sonunda 73 min 875 nəfərə çatıb.

2021, 2022, 2023-cü illərdə müvafiq olaraq 13 min 644, 13 min 924, 13 min 666 nəfərə bədxassəli şiş diaqnozu qoyulub. 2024-cü ildə bu rəqəm kəskin artıb – 15 min 164 nəfər rəsmən xərçəng xəstəsi kimi qeydiyyata alınıb. Bunların da 7 min 113 nəfəri kişi, 8 min 51 nəfəri qadınlar olub.

Ən çox süd vəzi xərçəngi diaqnozu qoyulur – hər il orta hesabla 2500-2600 nəfər.

Və son olaraq. 1990-cı ildən Milli Onkologiya Mərkəzinə rəhbərlik edən onkoloq cərrah Cəmil Əliyev Azərbaycan prezidenti İlham Əliyevin dayısıdır. Bu ilin martında prezident onu səhiyyə sisteminin təkmilləşdirilməsi və tibb elminin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edib.

XS
SM
MD
LG