Keçid linkləri

2026, 28 Yanvar, çərşənbə, Bakı vaxtı 17:16

'Azəriqaz' broyler fabrikinə yarım milyon manat əsassız borc yazmaqda ittiham olunur

"Azəriqaz"
"Azəriqaz"

Göygöl rayonunda quşçuluq təsərrüfatı ilə məşğul olan müəssisəyə qazdan istifadəyə görə yarım milyon manatdan çox əsassız borc yazıldığı iddia edilir. "Azəriqaz" İstehsalat Birliyi (İB) buna görə məhkəməyə verilib.

Müəssisə rəhbərliyi məhkəməyə iddiasında göstərib ki, "Azəriqaz"la aralarında rəsmi qaydada müqavilə bağlanıb və quşçuluqda istifadə olunan təbii qazın dəyərini vaxtlı-vaxtında ödənilib. Buna baxmayaraq, 2019-cu ildən 2024-cü ilin mayınadək 506 min 128 manat əsassız borc hesablanıb. İddiaya görə, öncə bu məbləğin silinəcəyi vəd olunub, ancaq sonradan qazın dayandırılacağıyla bağlı xəbərdarlıq edərək ödənişi istəyiblər: "Təbii qaz olmaması müəssisənin müflisləşməsinə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borcu əsassız hesab etsək də, hissə-hissə ödəmək məcburiyyətində qaldıq. İllər ərzində əsassız hesablanmış borcun yaranma əsaslarını araşdırsaq da, qarşı tərəf heç bir qanuni sənəd təqdim etmədi".

"Belə bir borc hesablama qaydası... nəzərdə tutulmayıb"

"Azəriqaz" nümayəndələrinin təqdim etdiyi aktlarda göstərilib ki, sayğac işləmədiyindən əlavə borc hesablanıb. Müəssisə rəhbərliyi isə bu yanaşmayla razılaşmır: "Qaz sayğacı işləmədiyi halda, hansı səbəbdən onu çıxarıb təmirə göndərməyiblər, yaxud yenisi ilə əvəzlənməyib? Qaz sayğacı müəssisədən kənarda, mühafizə edilən ərazidə yerləşir. Belə bir borc hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmayıb".

"Azəriqaz" bu iddiaların heç birini qəbul etmir. Bu qurumun nümayəndəsi məhkəməyə etirazında vurğulayıb ki, əslində, sayğac müəssisənin vəsaiti hesabına təmir olunmalı, yaxud yenisi ilə əvəzlənməliydi. Amma bu addımların heç birini atmayıblar: "Müxtəlif tarixlərdə üzləşmə aktları tərtib edilib. Qarşı tərəfin səlahiyyətli nümayəndəsi də onu imzalayıb, möhürlə təsdiqlənib. Əvvəl borc tanınıb, lakin sonradan məsuliyyətdən yayınmaq məqsədilə texniki arqumentlər irəli sürülüb".

Tərəflər arasında yarım milyonluq mübahisəyə kommersiya məhkəməsində baxılıb. Məhkəmə 506 min 128 min manatlıq borcu əsassız sayaraq onun silinməsinə qərar verib.

XS
SM
MD
LG