Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

Azercell-in 5G-si necə işləyəcək


5G öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir
5G öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir

Azercell bu həftə Azərbaycanda ilk dəfə olaraq 5G - beşinci nəsil mobil rabitə şəbəkəsini təqdim edib.

Şirkət bununla bağlı səhifəsində yazır: «Bu texnologiya bizi supersürətli və kəsintisiz internetlə təmin edir». Bundan başqa, müştərilərinə gözəl vədlər verir: «Dəqiqələrlə yükləmə bir neçə saniyədə mümkün olacaq», «canlı yayımlar və internet zənglərində qırılmalar unudulacaq».

«2-3 min manatlıq telefon sahibləri istifadə edə biləcəklər»

İnternet üzrə mütəxəssis, Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov Azərbaycanda 5G-ni bir çox cihazların dəstəkləmədiyini deyir və buna görə də ondan çox az vətəndaşın yararlanacağını güman edir.

V.Qasımov
V.Qasımov

«Onu bazara buraxsalar belə ondan ancaq 2-3 min manatlıq telefon sahibləri istifadə edə biləcəklər. Belələrinin sayı isə Azərbaycanda yetərincə azdır», – mütəxəssis söyləyir.

Yeri gəlmişkən, 5G-ni dəstələyəcək mobil telefonların Azərbaycana dekabrdan gətiriləcəyi bildirilir.

İstifadəçilər nə deyir

Sosial mediada Azercell-in bu addımını tənqid edənlər az deyil. Məsələn, Tural Baxışov şirkətin Facebook səhifəsində yazır: «5G-yə keçin, bəlkə 3G gördük».

Azər Məmmiyevin yanaşması belədir: «Buna sərmayə qoymaqdansa bölgələrdə, metroda interneti stabilləşdirmək daha düzgün olar, zənnimcə».

Intow H-ov yazır: «Ay Azercell, Azərbaycanın elə bölgələri var ki, camaat 3G tapanda sevinir. Vallah, gözümün şahidiyəm. Baxın Türkiyəyə, görün neyləyirlər, hər yerində 4G, 5G tutur o boyda Türkiyədə, biz bu balaca Azərbaycanda düz əməlli 4G tuta bilmirik, qaldı ki 5G gətirirsiz Azərbaycana. 4G düzgün işləyir ki, 5G gəlsin?..».

«Multimedia» İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə sosial mediada Azercell-dən normal mobil internet və mobil danışıq xidməti ala bilməyən istifadəçilərin bu xəbərə münasibətini belə qruplaşdırıb: «Təxminən 1% xoş münasibət sərgiləyib, 10%, heç olmasa, normal 2G istəyib, 70-80% normal 3G-4G arzusundadır».

«5G-dən ancaq 2-3 min manatlıq telefon sahibləri istifadə edə biləcəklər»
«5G-dən ancaq 2-3 min manatlıq telefon sahibləri istifadə edə biləcəklər»

O.Gündüz ümid edir ki, Azercell, nəhayət, dövlət şirkəti olaraq hesabatlılığı, xidmət səviyyəsini artıracaq, 2G, 3G, 4G -nin real əhatə dairəsi ilə bağlı normal bir xəritəni hazırlayıb təqdim edəcək.

«Azercell-əmi yaraşır?»

V.Qasımovsa hesab edir ki, şirkət ilk növbədə reklam xarakterli addımlara yox, keyfiyyəti artırmağa yönəlik addım atmalıdır: «Hazırda Azercell-də müştəri məmnuniyyəti sıfırdır. Onun xidmətindən əvvəllər biznes çevrəsi istifadə edirdi, keyfiyyəti yaxşıydı, interneti sürətliydi.


Hazırda camaat onu söyür və müştərilər başqa mobil operatorlara üz tutur. Azercell-in 2G-si də bərbad haldadır, 3G-si də. Onamı yaraşır indi 5G buraxmaq? Bu, tamamilə marketinq addımıdır, arxasında heç nə dayanmır».

AzadlıqRadiosu bu tənqidlərlə bağlı sualları Azercell-ə ünvanlayıb. Şirkətdən bildirilib ki, onlar sualları əlaqədar şəxslərə yönləndiriblər, cavab olacağı halda göndərəcəklər. İki gün ərzində cavab gəlməyib.

Niyə lisenziya Azercell-ə verildi

Yeri gəlmişkən, hər iki mütəxəssis də Azercell-ə 5G üçün lisenziya verilməsini inhisarçılıqla izah edirlər. V.Qasımov deyir ki, digər iki mobil operatora bununla bağlı lisenziya verilmədiyi halda üstünlük Azercell-ə verildi.

O.Gündüz
O.Gündüz

O.Gündüzsə cəmi bir-iki il öncə Bakcell-in Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı nümayiş etdirdiyini xatırladır: «2017-ci ilin dekabrında Bakcell şirkəti «BakuTel-2017» sərgisində quraşdırılmış stendində Azərbaycanda ilk dəfə 5G texnologiyasına hazırlığı nümayiş etdirmişdi. Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Bekkers 5G şəbəkəsinin tətbiq edilməsi üçün lisenziya və tezliklərin vacibliyindən danışmışdı».

Onun qənaətincə, ilk hazırlığı nümayiş etdirən Bakcell olsa da, şirkətə 5G üçün zəruri olan tezlik resursları verilməyib, amma sonradan bu prosesə qoşulan və artıq dövlət şirkətinə çevrilən Azercell-ə yaşıl işıq yandırılıb.

Doğrudur, Bakcell-in yeni baş icraçı direktoru Rayner Ratqeber mətbuata deyib ki, mobil operator hələlik 4G-yə üstünlük verir, 4G şəbəkəsinin əhatəsini genişləndirir və hazırda 5G şəbəkəsinin tətbiq edilməsi barədə danışmaq tezdir.

«Nazirlik qanunsuz addım atmır»

AzadlıqRadiosu bu deyilənlərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat katibi Günel Gözəlova tənqidləri sadəcə «iddia» adlandırıb. O, dövlət qurumu olduğu üçün üstünlüyün adıçəkilən şirkətə verilməsini əsassız sayır: «Demək ayrı, qanun çərçivəsində işləmək ayrı. Nazirlik qanunsuz addım atmır. Azercell də bizim nəzarətimizdə olduğuna görə qanundan kənar addım atmır. Başqa deyəcəyimiz bir şey yoxdur».

O, Azercell ilə bağlı müştərilərin narazılığını da əsassız sayıb. G.Gözəlova ölkə vətəndaşlarının yüksək texnologiyalardan və internetdən yüksək səviyyədə istifadə etdiyini bildirib.

İnternetin sürəti sizi nə qədər qane edir?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

«Bu gün ölkə ərazisində internetin keyfiyyətinin artırılması üçün əlavə işlər görülməkdədir», - mətbuat katibi dediklərinə əlavə edib.

5G öncəki rabitə standartları ilə müqayisədə daha yüksək yükləmə və endirmə sürətinə malikdir, daha geniş əhatə dairəsi və daha sabit bağlantını təmin etməlidir.

2018-ci ildə ölkənin ən böyük mobil rabitə operatorlarından biri – Azercell-in Telia Sonera-ya aid 50 faizdən çox payını Azərbaycanın dövlət şirkəti - Azerbaijan International Telecom alıb. Bu şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG