Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:31

Rəsmilərin tarlalarda zəhərlənmələrlə bağlı fikirləri -media icmalı


Pambıq tarlası, arxiv
Pambıq tarlası, arxiv

Azərbaycandakı pambıq tarlalarında kütləvi zəhərlənmələr, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı postunun 2 aydır boş qalması, həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının əşyalarının qaytarılmaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“Gözəl Bayramlının əşyaları və pulu qaytarılmır”

“ Azadlıqinfo.az” saytında “Gözəl Bayramlının əşyaları niyə geri qaytarılmır?” sualı gündəmə daşınır.


Yazıda bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı-nın həbsi zamanı müsadirə olunan əşyaları və evindən götürülən pul geri qaytarılmır.

Gözəl Bayramlı Kanal13, YouTube screen shot, Bakı, 2013
Gözəl Bayramlı Kanal13, YouTube screen shot, Bakı, 2013

“Ailə üzvlərinin məlumatına görə, keçən il Gürcüstandan Bakıya qayıdarkən gömrük məntəqəsində saxlanıldığı zaman onun yol çantaları və mobil telefonu götürülüb. Həbsdən sonra evində axtarış zamanı da bəzi sənədlər və 1000 avro pul götürülüb. Qanuna görə Gözəl xanıma hökm oxunduqdan sonra onun əşyaları və götürülən pul geri qaytarılmalıdır”, deyə müəllif vurğulayır.

Yazıda qeyd edilir ki, artıq pul və əşyaların geri alınmasından ötrü Gözəl Bayramlı bacısına etibarnamə də verib:

Buna da bax: Fermer: 'Cənab prezident, susuzluqdan yanan pambıq sahələrimizi xilas edin'

“Amma etibarnamənin verildiyi vaxtdan bir ay keçsə də, məsələni süni şəkildə uzadırlar. Etibarnamə əsasında götürülən əşyalar Bakı Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən, pul isə Baş Prokurorluğun mühasibatlığından verilməlidir. G.Bayramlının bacısı götürülən əşyaların və pulun geri alınması ilə bağlı dəfələrlə həmin ünvanlara müraciət etsə də, “gözləyin” deyərək, ailəni süründürməkdə davam edirlər. Bu süründürməçiliyin adı isə qanunsuzluqdan başqa bir şey deyil”, müəllif yazıb.

Ancaq məsələyə Baş Prokurorluğun və başqa rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb.
Gözəl Bayramlı 2016-ci ilin mayında Gürcüstandan Azərbaycana gələrkən həbs edilib. Ona qaçaqmalçılıq ittihamı ilə 3 il həbs cəzası verilib. Xanım siyasətçi ittihamları qurama və siyasi fəaliyyəti ilə izah edib.

Bakı başçısız qalıb

“ Yeni Müsavat”qəzetində “İki aydır boş qalan BŞİH başçısı postu - müəmma” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, artıq iki aydır, Bakı Şəhər İcra Hakimiyyəti postu boş qalıb.

Müəllifin fikrincə, paytaxta kimin rəhbərlik edəcəyi ilə bağlı səslənən versiyalar isə hələ ki, təsdiqini tapmayıb. Bu posta təyinatın olmaması ictimaiyyətdə bir çox məlumatların da yayılmasına səbəb olub.

Bakı şəhər icra hakimiyyətinin binası, 05 iyul 2006
Bakı şəhər icra hakimiyyətinin binası, 05 iyul 2006

“Yeni Müsavat”a danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, əslində konstitusiyaya görə, Bakıya xüsusi bir status verilməlidir: “Çünki ölkənin paytaxtıdır və Bakı şəhərinin statusu haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Əlbəttə ki, bu qanun qəbul edilərsə, orada artıq idarəetmə formasının təşkili məsələsi də öz əksini tapar. Başçının müəyyənləşməsi ya seçkili, ya da təyinatlı formada olmalıdır. Yaxud da Bakı şəhər bələdiyyəsi ilə bağlı məsələlərə diqqət yetirilməlidir...”

Bu məsələlərin öz həllini necə tapacağına gəlincə, ekspert deyib ki, qeyd edilənlər Milli Məclisin səlahiyyətləri daxilindədir:

Buna da bax: Pambığa görə borca düşənlər var

“Yaxud da ölkə başçısı tərəfindən Bakı şəhərinin statusu haqqında konstitusiya qanunun qəbul edilməsi ilə bağlı təşəbbüs verilə bilər. Hər halda, bu, artıq müvafiq strukturların həll edəcəyi məsələdir”.

Pambıqda zəhərlənənlər...

“Azərbaycan” qəzetində isə “İmişlidə baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbləri araşdırılır” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, iyunun 19-u İmişli rayonundakı pambıq sahələrinin birində baş verən kütləvi zəhərlənmə ilə bağlı kənd təsərrüfatı naziryliyinin, Baş Prokurorluğun və başqa aidiyyatı qurumların nümayəndələri hadisə yerinə gəliblər.

İnam Kərimov
İnam Kərimov

Yazıda vurğulanır ki, onlar zəhərlənən vətəndaşlara da baş çəkiblər.

Müəllif qeyd edib ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov həm iyunun 20-də İmişlidə, həm də ondan öncə Saatlı və Tərtərdə baş vermiş analoji hadisələrlə bağlı cinayət işinin başlandlığını, hadisənin səbələrininin araşdırldığını söyləyib.

“Bu məsələ cənab prezidentin birbaşa nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunublar”.

Buna da bax: AzərTAC zəhərlənənlərin 80-ə yaxın, digər mənbələr isə çox olduğunu deyir -yenilənir

Müəllifin bildirirməsinə görə, kənd təsərrüfatı naziri İ.Kərimov texniki bitki olaraq pambığın yetişdirilməsindən ötrü həşəratlara qarşı kimyəvi maddələrin tətbiqini qaçılmaz, zəruri proses adlandıraraq burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşdüyünü deyib:

“Özəl şirkətlərin və fermerlərin həm yığımda, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməklə bağlı məsuliyyəti var”.

İ.Kərimovun sözlərinə görə, bu hadisələrlə bağlı pambığın yetişdirilməsində tətbiq olunan dərmanların keyfiyyətinin də araşdırılmasına başlanıb və bununla bağlı istintaqın nəticələrini gözləmək lazımdır:

“Bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verə bilər”, deyə nazir vurğulayıb.

Yazıda bildirilir ki, zəhərlənən şəxslərin vəziyyətinə toxunan nazir onların səhhətlərinin normal olduğunu ifadə edib:

“Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Yəqin ki, onlar evə buraxılacaqlar”.

XS
SM
MD
LG