Bakı Apellyasiya Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının 12 illik həbs hökmünü qüvvədə saxlayıb, politoloqun vəkillərinin verdiyi apellyasiya şikayəti isə təmin olunmayıb.
Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində qərar elan olunmazdan əvvəl A.Qasımlı özü və vəkilləri bəyan ediblər ki, o, heç bir cinayət törətmədiyi halda, artıq ilyarımdır saxta ittihamla həbsdə saxlanılır.
A.Qasımlı çıxışında bu işdə hüququn heç bir rol oynamadığını vurğulayıb: "Burada iki faktor var: cəsarət və vicdan. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri mənimlə bağlı cinayət işində nə bir sübutun, nə də şahidin olmadığını yaxşı bilirdilər. Buna baxmayaraq, azadlığımı təmin etmədilər. Apellyasiya məhkəməsinin qərarı da buradakı hakimlərin vicdan və cəsarətinin hara qədər olduğunu göstərəcək".
Vəkillər A.Qasımlının hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla — şahidlərin dindirilməsi və sübutların araşdırılması ilə baxılmasını istəyiblər və bununla bağlı vəsatət qaldırıblar. Müdafiəçilərin əsas istəklərindən biri zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovun keçmiş xanımı Fərəhbanu Niftəliyevanın məhkəmədə dindirilməsi olub.
Q.Yusibovun iddiasına görə, A.Qasımlı onun azyaşlı oğlunu qaçıracağı ilə hədə-qorxu gələrək ondan pul tələb edib. Vəkillər isə bildirirlər ki, F.Niftəliyeva məhkəməyə gəlib sualları cavablandırmaqla belə bir hadisənin baş verib-vermədiyinə aydınlıq gətirə bilər. Hələ Bakı Ağır Cinayətlər Məhkəməsində F.Niftəliyevanın çağırılıb dindirilməsi məsələsi qaldırılanda hakimlər vəsatəti təmin etmişdilər. Onun gəlib ifadə verməsi barədə qərar qəbul olunsa da, son nəticədə dindirilmə baş tutmayıb. Vəkillər apellyasiya məhkəməsində bu məsələni dəfələrlə qaldırsalar da, hakim Zəfər Əhmədovun sədrlik etdiyi kollegiya hər dəfə bu vəsatəti rədd edib. Ümumiyyətlə, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib və vəkillər də bundan narazı qalıblar.
Vəkil Rövşanə Rəhimova mayın 25-də etdiyi müdafiə çıxışında deyib: "Hər şey göz önündədir. Uzun danışıb Azər Qasımlını yormaq istəmirəm. Bircə onu demək istəyirəm ki, Azər Qasımlı heç bir cinayət törətməyib və təqsirsizdir. Bu səbəbdən onun haqqında hökmün ləğv olunmasını və bəraət verilməsini xahiş edirəm".
Digər vəkil Aqil Layıc isə bildirib ki, mövcud olmayan bir cinayət əməlindən nəsə danışmaq mümkün deyil. Müdafiəçi hakimləri ədalətli qərar verməyə səsləyib: "Bu məhkəmədə elə qərar çıxarılsın ki, sonradan heç kimin hissləri sorğulanmasın".
Prokuror isə çıxışında A.Qasımlı haqqındakı hökmün əsaslı və ədalətli olduğunu, onu dəyişməyə ehtiyac qalmadığını iddia edib. Dövlət ittihamçısı xatırladıb ki, hələ 2024-cü ilin avqustunda Q.Yusibov A.Qasımlıdan polisə şikayət etmişdi. Bu şikayət Mingəçevir şəhər Polis Şöbəsində araşdırılsa da, onun dedikləri ilə bağlı heç bir sübut-dəlil olmadığı üçün iş bağlanmışdı. Bu yerdə A.Qasımlı replika verərək bildirib: "Siz özünüz də etiraf edirsiniz ki, sübut-dəlil olmadığına görə iş bağlanıb...".
Çıxışlardan sonra müşavirəyə gedən hakimlər az sonra geri qayıdaraq A.Qasımlı haqqında çıxarılan 12 illik həbs hökmünün qüvvədə saxlandığını elan ediblər.
Xatırlatma
51 yaşlı A.Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Q.Yusibovun şikayəti əsasında həbs olunan politoloq haqqında bu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsində 12 illik həbs hökmü çıxarılıb. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.
A.Qasımlı ittihamı qəbul etmir və siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş şəxs məhz özüdür.
A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği "Binance" hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu geri tələb edib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.
Mingəçevir şəhər Məhkəməsi Q.Yusibovun 20 min dolları Qasımlıya ödəməsi barədə qərar çıxarıb və həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib. Sonradan Şəki Apellyasiya Məhkəmə bu qərarı ləğv edərək işə mülki qaydada deyil, kommersiya məhkəməsində baxılmalı olduğunu əsas gətirib. A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə yenidən baxılıb və bu dəfə politoloqun əleyhinə qərar çıxarılıb.