Keçid linkləri

2026, 04 Aprel, şənbə, Bakı vaxtı 02:58

Norveç Helsinki Komitəsi: Azər Qasımlının məhkəməsi ədalətin parodiyasıdır

Azər Qasımlı
Azər Qasımlı

Prokurorun politoloq Azər Qasımlıya 13 il həbs cəzası istəməsi cinayət qanunvericiliyindən dinc tənqidçiləri susdurmaq üçün silah kimi istifadə edən yüksək dərəcədə repressiv sistemin rəmzidir. Belə bir bəyanatla Norveç Helsinki Komitəsi fevralın 13-də çıxış edib.

A.Qasımlı hədə-qorxu ilə tələbetmədə ittiham olunsa da, özü ittihamı rədd edir, həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirir. İş üzrə son proses fevralın 25-də keçirilməlidir.

Komitənin baş katibi Berit Lindeman deyir ki, A.Qasımlını belə bir sərt həbs cəzası ilə hədəfə almaq təkcə parlaq bir şəxsi deyil, Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti liderliyinin gələcəyini sarsıdır.

"Belə bir hökm tənqid və müstəqil düşüncədən qorxan sistemi ifşa edir. Qasımlını məhkum etmək üçün hakimiyyətin gətirdiyi hüquqi bəhanələrdən asılı olmayaraq, onun hökumətin kinli repressiyasının qurbanı olduğuna zərrə qədər də şübhə yoxdur", – o əlavə edib.

Norveç Helsinki Komitəsi son illər hakimiyyətin insan haqları müdafiəçiləri, müxalifətçilər, jurnalistlər, bloqerləri siyasi motivli ittihamlarla hədəfə aldığını vurğulayır. Qurum Azərbaycanın beynəlxalq tərəfdaşlarını ədalətin parodiyasını yekdilliklə pisləməyə, A.Qaısmlı və digər fəalların azadlığa buraxılmasını tələb etməyə çağırır.

11 fevral

Prokuror Azər Qasımlıya 13 il həbs istəyib

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya prokuror 13 il həbs cəzası istəyib. Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror iddia edib ki, A.Qasımlıya Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə tələbetmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə verilmiş ittiham məhkəmədə sübut olunub.

Prokurorun çıxışından öncə A.Qasımlı özü və müdafiəçiləri məhkəmədə bir neçə vəsatət qaldırıb. Ötən məhkəmə iclaslarının birində məhkəmə qərar vermişdi ki, bu işdə zərərçəkmiş qismində tanınan, A.Qasımlının hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan Qurbanəli Yusifovun keçmiş xanımı Fərəhbanu Yusifova məhkəmədə şahid kimi dindirilsin. O, iki dəfə məhkəməyə gəlmədiyinə görə haqqında məcburi gətirilmə qərarı çıxarılmışdı.

Fevralın 11-də məhkəmədə hakim Telman Hüseynov bildirib ki, F.Yusifovanın yaşadığı yeri müəyyənləşdirmək mümkün olmayıb. Bu üzdən də onun məcburi gətirilməsi barədə qərar ləğv olunur. A.Qasımlı da, onun vəkili də məhkəmənin bu cür yanaşmasına etiraz edib. "Azərbaycan polisi kimi istəsə, tapıb gətirə bilər. Əgər gətirmirsə, deməli, bunu istəmirsiniz", - A.Qasımlı belə deyib.

Cinayət işində iddia olunur ki, A.Qasımlının ucbatından Q.Yusifovun ailəsində problemlər yaranıb. Bu üzdən vəkil Rövşanə Rəhimli vəsatət qaldırıb ki, zərərçəkmişin keçmiş həyat yoldaşından boşanması barədə məhkəmə qərarı gətirilsin. Aydınlaşdırılsın ki, onların arasındakı problemlərin səbəbkarı A.Qasımlı olub, yoxsa yox. Bu vəsatət də təmin olunmayıb.

Ardından bu iş üzrə məhkəmə istintaqının yekunlaşmasına qərar verilib. Prokuror çıxış edərək A.Qasımlının 13 il azadlıqdan məhrum olunmasını istəyib.

A.Qasımlının vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Fevralın 25-də müdafiəçilər çıxış edəcək, ardınca politoloq son sözünü deyəcək və hökm oxunacaq.

Xatırlatma

Politoloq Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2 maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, özümə qarşı "antiittiham" adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".

Politoloq həbsini siyasi fəaliyyəti və tənqidi fikirləri ilə əlaqələndirir.

Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokolları ilə görüntülərin alınmasını xahiş ediblər. Vəkillər bildiriblər ki, mülki mübahisə ilə bağlı həmin məhkəmədə Q.Yusifov politoloqa borclu olduğunu etiraf edib. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri həmin protokol və görüntüləri alıb araşdırmaqdan imtina ediblər.

XS
SM
MD
LG