Tbilisi Bakının xətrinə dəyib
«World Politics Review»da Michael Cecire Gürcüstan hökumətinin Rusiyadan daha çox qaz almaq niyyətindən söz açır. Yanvarın ortasında Tbilisidə bu plana etiraz aksiyası keçirilib. Elə hökumətin opponentləri də iddia edirlər ki, «Gazprom»dan asılılıq Gürcüstanı Kremlin təzyiqi qarşısında zəiflədəcək. Ancaq müəllifin fikrincə, Tbilisinin «Gazprom»a sarı dönməsi onun Moskvanın qucağına atılması anlamına gəlmir, hökumət enerji təminatını şaxələndirmək istəyir:
«Gürcüstanın Rusiya qazına bu marağı onun daimi təchizatçısı Azərbaycanın da xətrinə dəyib. Bu ölkə Gürcüstanın daxili istehlakının 80 faizini verir, üstəlik, bir sıra dini müəssisələri pulsuz qazla təmin edir. Düzdür, Gürcüstan rəsmiləri vurğulayırlar ki, «Gazprom»la danışıqlar Azərbaycan qazının əvəzlənməsi ilə nəticələnməyəcək, sadəcə, ona əlavə olacaq. Ancaq qeyri-Xəzər mənbələrindən gələn qaz Azərbaycanın Gürcüstan bazarındakı payını azaldacaq ki, Bakı bu ssenarinin həyata keçməsini görmək istəmir».
0 bal toplayan əlaçılar
2015-ci ildə ali məktəbə qəbul üçün sənəd verən 51 min 818 məzundan 5 min 790-ı əlaçı olub. Əlaçı məzunların 20 nəfəri 0-100 bal, 151 nəfəri 100-200 bal, 558 nəfəri 200-300 bal, 2 min 255 nəfəri 300-500 bal, 2 min 806 nəfəri 500-700 bal toplayıb.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
"Rayonlarda etiraz aksiyalarını müxalifət təşkil etmişdi" (?)
«Bundan əvvəlki illərdə də hansısa hadisədən istifadə etməklə lokal etirazlar yaratmaq və daha sonra belə aksiyaları bütün ölkəyə keçirmək cəhdləri olub. Politoloji dillə ifadə etsək, bunu müəyyən qüvvələrin «cəmiyyətin nəbzini yoxlaması» kimi də xarakterizə etmək olar. Budəfəki prosesin təşkilatçıları da, iştirakçıları da məlumdur. Bəllidir ki, bəzi müxalifət partiyalarının yerlərdəki fəalları həmin rayonlarda etiraz aksiyaları təşkil etməyə çalışıblar. Özü də bu məsələnin elə təqdim olunmasına cəhd edilib ki, guya xalq hakimiyyətin siyasətindən narazıdır və buna görə də öz etirazını bildirir».
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov devalvasiyadan sonra bölgələrdə etiraz aksiyalarının keçirilməsini AZƏRTAC, «Trend» və APA agentliklərinə müsahibəsində belə şərh edib.
Xatırladaq ki, müxalifət bu aksiyaları müxalifətin təşkil etməsi iddialarını həmişə rədd edir.
Araz Ağalarov "krallar" siyahısında 7-cidir
Forbes jurnalının rus versiyası Rusiyada "daşınmaz əmlak kralları reytinqi"ni elan edib. Birinci yerdə Azərbaycandan olan milyarderlər - Zarax İliev və Qod Nisanovdur. Onların "Kiyevskaya ploshad" şirkətinin icarədən illik gəliri 1 milyard 115 milyon dollar olub. Moskvada keçən il açılan Moskvarium adlı okeanarium da onlarındır. Forbes.ru yazır ki, 53600 kv m sahəsi olan bu okeanariumun açılışına Putin də gəlmişdi. Onu tələbə yoldaşı İlham Rəhimov da müşayət edirdi. İlham Rəhimov "Kiyevskaya ploshad"-ın bəzi obyektlərinin şərikli sahibidir.
Crocus Qrupun rəhbəri Araz Ağalarov krallar siyahısında 7-cidir. Onun başçılıq etdiyi Crocus Qrupunun icarədən illik gəliri 365 milyon dollardır. Ancaq Forbes.ru-nun məlumatının sonunda bir bənd də var. Orda deyilir ki, qrupun borcu 1,4 milyard dollardır.