-
2015-ci ildə ali məktəbə qəbul üçün sənəd verən 51 min 818 məzundan 5 min 790-ı əlaçı olub. Əlaçı məzunların 20 nəfəri 0-100 bal, 151 nəfəri 100-200 bal, 558 nəfəri 200-300 bal, 2 min 255 nəfəri 300-500 bal, 2 min 806 nəfəri 500-700 bal toplayıb.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
Komissiya sədrinin sözlərinə görə, son qəbulda əlaçılar öz nəticələrini müəyyən dərəcədə təsdiqləyiblər:
«Təbii ki, mən bütün əlaçıların 500 baldan çox nəticə göstərməsini istəyərdim. Əlaçı məzunların nəticələrinin təhlili orta məktəblərdə daxili qiymətləndirmənin nə dərəcədə düzgün aparıldığını göstərir. Biz bu istiqamətdə təhlilləri 10-15 il əvvəl aparmağa başlamışıq. 10 il əvvəl şok vəziyyətində idik, çünki bütün bal kateqoriyaları arasında əlaçılar var idi. 0-100 bal toplayanlar arasında onların sayı 7%, 0-200 bal toplayanların arasında isə 22% (!) idi. Bunlar göstərir ki, məktəbdə daxili qiymətləndirmə düzgün aparılmır, müəyyən şişirtmələr edilir. 2015-ci ilin ali məktəbə sənəd verən 5 min 790 əlaçı məzununun yalnız 20-si 0-100 bal arasında nəticə göstərib. Əlaçı məzunların yarıdan çoxu 500 baldan yuxarı nəticə göstərib. Bu, o deməkdir ki, artıq orta məktəblərdə əlaçıların qiymətlərinə daha dəqiq yanaşılır».
Komissiya sədri deyib ki, orta attestat balı 4.5-5 intervalında olan abituriyentlər arasında 0-100 bal toplayanlar olmamalıdır.