Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Novruz Tağıyev deyir ki, heç bir cinayət törətməyib, partiya sədri Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırılıb. Fevralın 6-da öz məhkəməsində ifadə verərkən bu haqda danışan N.Tağıyev 9 aydır nahaqdan həbsdə saxlanıldığını vurğulayıb.
Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. AXCP üzvü Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə) maddələriylə ittiham olunur.
Ev alqı-satqısında vasitəçiliklə məşğul olan N.Tağıyev mənzil almaq istədiyini deyən Nicat Abbasov adlı şəxsin 71 min manatını ələ keçirməkdə suçlanır.
N.Tağıyev isə deyir ki, N.Abbasovun ona 71 min manat pul verməsi barədə ittihamda yazılanlar yalandır. O vurğulayıb ki, ev alan şəxs sənədləşmə olmadan pul verməz: "Gəlib ki, ev istəyirəm, mən də onu ev alqı-satqısı ofisinə aparmışam. Gedib, evə baxıb. Sənədləşmə, alqı-satqı olmayıbsa, kim maklerə 71 min pul verə bilərdi?! Hamı yaxşı bilir ki, bu iş quramadır".
N.Tağıyev əlavə edib ki, tutulduğu gün mülkigeyimlilər günorta saat 1 radələrində onu saxlayıb, maşınla aparıblar. Amma polis idarəsinə təhvil verməyərək bir neçə saat maşınla şəhərin müxtəlif yerlərində gəzdiriblər. AXCP üzvünün fikrincə, bu müddətdə "yuxarı"dan veriləcək qərarı gözləyiblər: "Əvvəl zəng gəldi, mənə dedilər ki, harada düşmək istəyirsən, aparıb düşürək. Sonra daha bir zəng gəldi, qərar dəyişdi. Polis idarəsinə aparıb ora təhvil verdilər".
Bu məhkəmə prosesində zərərçəkmiş qismində tanınan N.Abbasov isə iddia edir ki, ev almaq üçün pulu AXCP üzvünə verib. Alqı-satqı rəsmiləşdirilmədən böyük məbləğdə vəsaiti vasitəçiyə verməsini isə ona inanması ilə əsaslandırıb.
Məhkəmədə zərərçəkmişin almaq istədiyi iddia edilən evin sahibi və onun qardaşı da dindirilib. Onlar bildiriblər ki, zərərçəkmiş qismində tanınan N.Abbasov araçıyla birlikdə gəlib satmaq istədikləri evə baxıb. Almağa razılaşıblar, min manat da beh verib çıxıb gediblər. Onlara evin pulu ödənilməyib. Harada nə baş verdiyindən də məlumatları yoxdur.
N.Tağıyevin məhkəməsi fevralın 27-də davam edəcək.
Xatırlatma
Novruz Tağıyev ötən il mayın 20-dən həbsdədir. Onun ittiham olunduğu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
AXCP sədri Əli Kərimli də daxil, bu müxalifət partiyasının 20-dək fəalı hazırda həbsdədir. Onlardan bir neçəsi ictimai əsaslarla Ə.Kərimlinin sürücüsü, mühafizəçisi çalışmış şəxslərdir.
AXCP müxtəlif ittihamlarla üzləşən bu şəxslərin siyasi sifarişlə həbs olunduğunu bəyan edib.
Rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırır və bildirirlər ki, siyasi məhbus siyahılarında adları yer alan şəxslər konkret törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, indi Azərbaycandakı penitensiar müəssisələrdə 400-ə yaxın siyasi məhbus var.