Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 07:41

AXCP funksioneri: ‘Siyasi məhbus ailəsinə pulu çatdırmaqda nə cinayət ola bilər?’


Aqil Məhərrəmov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Aqil Məhərrəmov hesab edir ki, onun haqqındakı hökmə yenidən baxılmalı və o cinayət məsuliyyətindən azad edilməlidir.

Bu məqsədlə saxlandığı cəzaçəkmə müəssisəsinin ərazi aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

Dekabrın 29-da hakim Tərlan Əkbərov onun ərizəsinə baxıb.

Aqil Məhərrəmov məhkəməyə 2 saylı cəzaçəkmə müəssisəsindən onlayn şəkildə qoşulub. O bildirib ki, ümumiyyətlə, təqsirsizdir, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır:

“Mən heç bir cinayət törətməmişəm. Siyasi məhbus ailəsinə göndərilən pulu götürüb çatdırmaqda nə cinayət ola bilər? Mən bundan heç bir gəlir əldə etməmişəm. Qanunun humanistləşdirilməsindən mən də yararlanmaq istəyirəm”.

Aqil Məhərrəmov CM-in 192 (qanunsuz sahibkarlıq) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrilə ittiham olunur.

Vəkili Aqil Layıc bildirib ki, bu il mayın 20-də qanunvericiliyə dəyişiklik edilib, müvəkkilinin ittiham olunduğu maddələr üzrə cinayət məsuliyyətindən azad olunmanın şərtləri müəyyənləşdirilib:

“Hər iki ittiham üzrə şəxs əldə etdiyi gəlirin bir mislini ödəyərsə, bu halda, cinayət məsuliyyətindən azad edilə bilər. Aqil Məhərrəmovun işində ümumiyyətlə, gəlir söhbəti yoxdur. O, heç bir gəlir əldə etməyib. Məhkəmə hökmündə də bu barədə konkret heç nə yoxdur. Hökmdə də iddia olunur ki, o, pulu götürüb, vasitəçi olaraq çatdırıb”.

Vəkil dəyişikliklərin nəzərə alınması, ittihamların dəyişikliyə uyğunlaşdırılması və Aqil Məhərrəmovun azad edilməsini istəyib.

Prokuror isə buna etiraz edib.

Hakim qərar qəbul vermək üçün müşavirəyə gedib.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanıblar.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək onu “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar və dostu olaraq da bir neçə dəfə ona və AXCP-dən olan siyasi məhbusların ailələrinə yardım edib.

Şərhlər

Multimedia

XS
SM
MD
LG