Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Avropa Məhkəməsi İ.Rüstəmzadəyə görə Azərbaycanı cərimələdi


İ.Rüstəmzadə
İ.Rüstəmzadə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 7-də NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə və keçmiş deputat Hüseyn Abdullayevlə bağlı qərarlarını açıqlayıb.

Bu iş İ.Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs-qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətlə bağlıdır.

Məhkəmə İ.Rüstəmzadənin şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyanın 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edilib.

İlkin Rüstəmzadə kimdir

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.

Həmin vaxt onunla birgə həbs edilən bütün fəallar əfv fərmanı ilə azadlığa buraxılsa da, İ.Rüstəmzadə hələ də həbsdədir.

H.Abdullayev
H.Abdullayev

Hüseyn Abdullayevin işi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) keçmiş deputat, işadamı Hüseyn Abdullayevə aid birinci cinayət işi ilə bağlı da şikayəti qismən təmin edərək qərar çıxarıb.

Bu işdə qeyd edilir ki, H.Abdullayev 2007-ci ilin martında başqa deputat Fəzail Ağamalı ilə dalaşıb, sonuncu prokurorluğa şikayət edib. Bunun nəticəsi olaraq H.Abdullayev cinayət məsuliyyətinə cəlb edilib və həmin il 2 il şərti olaraq azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi ittiham qərarını qüvvədə saxlayıb, kassasiya şikayəti də təmin olunmayıb.

Şikayətdə vurğulanıb ki, həbsə qədər H.Abdullayev fəqərə yırtığından əziyyət çəkib, istintaq dövrü bu xəstəlik güclənib, həkimlər isə onu sağlam sayıblar.

H.Abdullayev həmçinin hesab edib ki, onun ədalətli məhkəmə araşdırması hüququ da pozulub. Bundan başqa, şikayətdə onun ölkəni tərk etmək hüququnun məhdudlaşdırılmasından da bəhs edilib.

Amma məhkəmə H.Abdullayevin ancaq 6-cı maddə (ədalətli məhkəmə araşdırması) üzrə hüququnun pozulduğunu tanıyıb və ona 2 min 500 avro ödənilməsi qərarını çıxarıb.

Hər iki qərara, hələlik, rəsmilərdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən il aprelin 23-də H.Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı. Abdullayevin Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergidən yayınma) maddələri ilə ittiham olunduğu deyilirdi. Sonradan ona əlavə ittihamlar irəli sürüldüyü açıqlandı. Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələbetmə) maddələri ilə də ittiham elan edildiyi bildirildi. Onun bu yaxınlarda istintaq dövründə həbs müddəti yenidən artırılıb.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayevlə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o, həbs olunmuşdu. Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG