Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Hüseyn Abdullayevin həbsi 'adam oğurluğudur'


H.Abdullayev
H.Abdullayev

Keçmiş deputat, Almaniyada siyasi sığınacaq alan, bu günlərdə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Hüseyn Abdullayevin həbsinə münasibət birmənalı deyil. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif yanaşmalar səsləndirilir. Vaxtilə ona yaxın idmançıların müxalifətçiləri mitinqlərdə döydüyünü iddia edərək onu qınayanlar da var, «bu qanun pozuntusudur» deyə müdafiəsinə duran da, Gürcüstanda siyasi mühacirətdə yaşayan jurnalist Əfqan Muxtarlı ilə onun başına gələnlər arasında paralel axtarmağa çalışanlar da.

Avropada siyasi mühacirətdə yaşayan azərbaycanlı jurnalist Fikrət Hüseynlinin qənaətincə, keçmiş deputat H.Abdullayevin həbsinə onun şəxsiyyətinə, vaxtilə etdiklərinə görə qiymət vermək yanlış olardı. Jurnalistin fikrincə, indiki halda məsələyə bir şəxsin hüquqlarının pozulması prizmasından baxmaq lazımdır.

F.Hüseynli hesab edir ki, Abdullayevin həbsində qanun pozuntusu var və özü də bu, «adam oğurluğudur»:

«1951-ci ildə Cenevrədə qaçqınların hüquqları ilə bağlı qəbul edilmiş ikinci konvensiyaya, 1967-ci ildə BMT-nin qəbul etdiyi qaçqınlara dair sənədə görə, şəxs ölkəsində irqi, milli, dini, siyasi səbəbdən təqib olunaraq ikinci ölkədə sığınacaq alıbsa, cinayət törətdiyi halda belə öz ölkəsinə qaytarılmır. Yalnız sığınacaq aldığı ölkədə mühakimə oluna bilər. Abdullayev Türkiyədə saxlanılsa da, dərhal ekstradisiya olunmamalı idi. Buna 18 gün müddətində məhkəmə qərar verməliydi. Türkiyənin atdığı addım beynəlxalq qanunlara tüpürməkdir. Bu, sadəcə, adam oğurluğudur».

Ş.Hacıyev
Ş.Hacıyev

Şahin Hacıyev: «O, qırmızı xətti keçmişdi»

Siyasi şərhçi Şahin Hacıyev də H.Abdullayevin həbsi ilə bağlı paralel aparmağı doğru saymır. Onun tutulmasını isə belə izah edir:

«Məsələ bundadır ki, Hüseyn Abdullayev hakimiyyətin düşməni idi. Özü də hakimiyyət qırmızı xətti keçəndə onu bağışlamır. Abdullayev qırmızı xətti keçmişdi. Odur ki, imkan düşən kimi onu həbs etdilər. Hüseyn Abdullayev açıq-aşkar müxalifəti dəstəkləmişdi, müxalif çağırışlar etmişdi, mövqeyini gizlətmirdi. Əsas da camaatı etirazlara çağırmışdı. Hakimiyyətin mövqeyindən baxanda bu, iğtişaşlara çağırışıydı. Bunu da hakimiyyət heç kimə bağışlamır».

«Almaniya kəskin reaksiya verəcək»

H.Abdullayevin həbsi ilə bağlı bir ehtimal da dolaşmaqdadır. Onun Avropada yaşayan və son zamanlar hakimiyyətin əleyhinə kəskin tənqidlər, bəzən təhqirlərlə çıxış edən bəzi mühacirləri maliyyələşdirdiyini iddia edənlər də var. Hərçənd F.Hüseynli buna inanmır. O, H.Abdullayevin nə ciddi media layihələrini, nə də hakimiyyət əleyhinə çıxışlar edən videobloqqerləri maliyyələşdirdiyini güman edir:

F.Hüseynli
F.Hüseynli

«Onun bu işlərə pul verəcəyi inandırıcı deyil. O, həmişə biznesi ilə məşğul olub. Bir az da xəsis adamdır. Bu gün onun həbsinə Avropada reaksiya verən, bunu pisləyən bircə dostu, tanışı yoxdur. Məncə, Hüseyn Abdullayevi hakimiyyətdəki bir qrup həbs etdirib. O, həmin şəxsləri həmişə təhqir etməyə, aşağılamağa çalışıb. Birinə «sürücümdür», o birinə «qapançıdır» deyib. Ola bilsin, həmin adamlar onu həbs etməklə cəzalandırdılar, ya da seçkidən sonra İlham Əliyevə «hədiyyə» etdilər. Amma istənilən halda, bu, hakimiyyət üçün başağrısına çevriləcək. Çünki Azərbaycan hakimiyyəti Almaniyanın söz sahibi olduğu Avropa Birliyindən 1 milyard 500 milyon avroluq kredit almağa çalışır. Almaniya isə ondan sığınacaq almış şəxslərin bu cür həbsinə kəskin reaksiya verir. Hətta Hollandiyadan, Norveçdən daha kəskin və qəti mövqe nümayiş etdirir».

Hələlik, Almaniyanın Bakıdakı səfirliyi məsələyə münasibət açıqlamayıb.

«Avropaya gedənlər yadlarında saxlamalıdırlar ki… Türkiyə Avropa deyil»

Ş.Hacıyevsə Almaniyanın ciddi müdaxiləsi haqda fikirləri qəbul etmir. O deyir ki, Almaniya keçmiş deputata, siyasi mühacirə sadəcə hüquqi dəstək verə, bəyanatla çıxış edə bilər: «Onu tutub Norveçə, Yeni Zelandiyaya, ABŞ-a aparsaydılar, nəticə gözləmək olardı. Azərbaycana, rejim olan ölkəyə gətirilib. Onun buraxılacağını necə gözləmək olar? Qeyri-realdır. Almaniya bəyanat verərək bunu qanun pozuntusu adlandıracaq, bizimkilər də filan qədər pul oğurladığını, hansısa cinayətlər törətdiyini, heç kimi siyasi mövqeyinə görə mühakimə etmədiyini deyəcək».

Bu gün Avropada yaşayan siyasi mühacirlər də gərgindirlər. Buna təkcə H.Abdullayevin həbsi rəvac vermir.

«Sosial şəbəkələrdə hakimiyyət əleyhinə çıxışlar getdikcə qızışır və buna son vermək üçün hakimiyyətə dialoqa getmək lazımdır. Əks halda, bu məsələyə görə qan töküləcək», - F.Hüseynli deyir.

Ş.Hacıyevsə mühacirlərə bir tövsiyə verir: «Avropaya gedənlər yadlarında saxlamalıdırlar ki, Avropa Birliyindən çıxdın qurtardı. Türkiyə Avropa deyil, bunu Hüseyn Abdullayevin həbsi ilə bir daha sübut etdi».

Xatırlatma

APA informasiya agentliyinin məlumatına görə, H.Abdullayev «İnterpol» xətti ilə Türkiyədə saxlanıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.

Azərbaycana gətirilən H.Abdullayevin Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verildiyi və hazırda onun ifadəsinin alındığı bildirilir.

Xəbərdə vurğulanır ki, Daxili İşlər Nazirliyindən də H.Abdullayevin Türkiyədə tutularaq Azərbaycana gətirilməsi təsdiqlənib.

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlandığı bildirilir. Onun barəsində dövlətlərarası axtarış elan edildiyi deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG